Sirlər xəzinəsi” xalçası. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
1939-cu ildə Nizami Gəncəvinin qarşıdan gələn 800 illik yubileyi münasibətilə dahi şairin xatirəsinə həsr edilən muzeyin yaranması haqqında qərar qəbul olunur. Yeni qurulacaq ekspozisiya üçün sifariş verilən əsərlər sırasında “Xəmsə”yə həsr edilən, hərəsi bu beşliyə daxil olan bir məsnəvi mövzusunda süjetli xalçaların hazırlanması da vardı. 1941-ci ildə araya-ərsəyə gətirilən o xalçalardan birincisi “Xəmsə”nin ilk poeması “Sirlər xəzinəsi”nə (“Məxzən ül-əsrar”) həsr edilmişdi.
“İki bayquşun söhbəti” adlı xalçada vəziri ilə ova çıxmış hökmdar Nuşirəvanın bir xarabalığa çatarkən gördükləri mənzərə və bu hekayətin aşıladığı hikmət təsvir edilir.
Xalçanın müəllifləri Xalq rəssamları Lətif Kərimov və Kazım Kazımzadədir.
Qarabağ xanı İbrahimxəlil xana məxsus şeşpər. Milli Azərbaycan Tarixi Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan, Qarabağın xanlıq dövrünü əks etdirən zəngin materiallar bu diyarın maddi-mədəni irsini, dövlətçilik tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bu eksponatlardan biri muzeyin Silahlar və bayraqlar fonduna aid olan Qarabağ xanı İbrahimxəlil xanın (1732-1806) hakimiyyət rəmzi kimi istifadə etdiyi şeşpərdir.
Uzunluğu 67 sm olan, poladdan hazırlanan şeşpərin üzəri başdan-başa nəbati naxışlarla və qızıl işləmələrlə bəzədilib. Pərləri yastı, badam ləpəsinə oxşar formadadır. Dəstəyi dəmirdən olan şeşpərin səthi üç iri zolağa ayrılır. Hər hissədə bir-birini əvəz edən altı şaquli cərgədə qızılla işlənmiş nəbati ornamentlər təsvir olunub.
“Xəzərdə axşam” tablosu (Səttar Bəhlulzadə, 1959). Azərbaycan Milli İncəsənət Muzeyi
Xalq rəssamı Səttar Bəhlulzadənin “Xəzərdə axşam” tablosu Azərbaycan rəngkarlığında Xəzər mövzusunda işlənmiş ən gözəl sənət əsərlərindən biridir. Xəzər mövzusu Azərbaycan təsviri sənətində bir çox rəssamların müraciət etdiyi mövzulardandır. Lakin Səttar Bəhlulzadə bu mövzunu romantik ab-havada, özünəməxsus tərzdə təsvir etməyə müvəffəq olub.
Fırça ustası “Xəzərdə axşam” əsərini mavi, bənövşəyi və sarı rəngin tonlarını vəhdət şəklində işləyərək unikal bir mənzərənin ərsəyə gəlməsinə nail olub. Müəllif ön planda Xəzərin mavi sularına qonan və havada uçuşan qağayıların, arxa plana uzanan panorama genişləndikcə bir qədər dumanlı fəzada neft buruqlarını təsvir edib. Buruqlar dumana büründüyündən onlar çətinliklə görünür. Əsərdə səma mükəmməl rəng qamması ilə vurğulanıb.
XVII əsrə aid Qurani-Kərim. Miniatür Kitab Muzeyi
XVII əsrə aid Qurani-Kərim Miniatür Kitab Muzeyində nümayiş olunan mini ölçülü dini kitablar arasında ən çox diqqət cəlb edən eksponatlardan biridir. Bu unikal Qurani-Kərim qızılı rəngli zəncir boyunbağının medalyonu içərisinə yerləşdirilib. Kitab 18×27 mm ölçüyə malikdir.
“Şamaxı” xalçası. Azərbaycan Milli Xalça Muzeyi
“Şamaxı” xalçası bədii-estetik, tarixi baxımdan zəngin kompozisiyaya malik olub, dünya muzeyləri və şəxsi kolleksiyalarda nadir halda təsadüf edilən bir sənət əsəridir. Bu xalçalar əsasən saray daxilində toxunub. Şəxsi evlərdə toxunan nümunələrə də rast gəlinir.
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına 2017-ci ildə daxil olmuş XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid “Şamaxı” xalçası yüksək texniki keyfiyyətdə toxunub. Həm texniki, həm naxış və rəng tərtibatı, həm də keyfiyyət baxımından yüksək sənət əsəri kimi dəyərləndirilən xalçanın ərişi yun, arğacı ipək saplardan toxunub. Xalça 1 kv.dm-də 6400 ilmə sıxlığındadır.
“Şamaxı” xalçası “Xanalı”, “Bəndi-rumi” kompozisiyaları əsasında toxunub. Bu dövrlərdə sufi şeyxlərinin, alimlərin məzar daşlarının tərtibatında yeni üsul yayılmağa başlamışdı. Başdaşılarındakı sarğı, əmmamə başlıqlar ornament sənətində, xüsusilə xalçaçılıqda “qupba” (qübbə) şəklində geniş vüsət alır. “Qupba”lar nəinki memarlıq və xalçaçılıqda, həm də Qurani-Kərimin səhifə tərtibatlarında da geniş istifadə edilirdi.
Kompozisiyanın üçüncü motivi islimi ornamentidir. İslam bədii mədəniyyətində islimi xüsusi məna daşıyır və təsadüfi deyil ki, onun adı İslam dininin adı ilə bağlıdır. Bu xalça böyük ideya-sənətkarlıq xüsusiyyətlərinə malik sənət nümunəsidir.
“Şamaxı” xalçası hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, “Şamaxı” xalçası Azərbaycan Milli Xalça Muzeyinin tarixində xarici hərracda əldə olunan ilk eksponat olmağı ilə də maraq kəsb edir. Xalça muzey tərəfindən 2017-ci ildə Avstriya auksion şirkətindən (Austria Auction Company) əldə edilib.
XVII əsrə aid edilən bu növ xalçalar, bir qayda olaraq, fraqmentlər şəklində zamanımıza qədər gəlib çatıb. Ancaq bütöv halda qorunan bu xalçanın alınıb vətənimizə qaytarılması böyük mədəni hadisə kimi dəyərləndirilməlidir.
Pir Hüseyn Şirvaninin məzarı ətrafında yaradılan xanəgah kompleksinə aid kaşı parçaları. Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu
Böyük sufi şeyxi, alim, filosof, Azərbaycanda elmi-fəlsəfi fikir tarixində, İslam fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin Hacıqabul rayonu ərazisində yerləşən məzarı ətrafında XI-XII əsrlərdə xanəgah kompleksi tikilib. Kompleksə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün binalar, yardımçı tikililər, qala divarları, karvansara, Orta əsrlərə aid türbə, hücrələr və qədim qəbiristanlıq daxildir.
Pir Hüseyn türbəsinin bütün daxili divarları və içəridəki qəbir sənduqəsi kaşı sənətinin xüsusi növü ilə hazırlanmış ornament və yazılarla bəzədilib.
Pir Hüseyn xanəgahının tədqiqatçısı, görkəmli rus şərqşünası, professor V.A.Kraçkovskayanın hesablamalarına görə, məqbərənin içəri divarlarına ümumilikdə 300 ədəd səkkizbucaqlı və çarpaz bərabər ölçülü naxışdan istifadə edilib. Xanəgahda üzərində səkkizbucaqlı ulduzlar əks olunmuş kaşı bəzəklər, naxış texnikasının nadir nümunəsinin əsas aparıcı elementi olaraq ədəbiyyatda kaşı qəndil (çilçıraq) kimi tanınıb. Ulduzların rəngi və naxışları müxtəlif çeşidlidir. Kaşı qəndilin rəngi tünd-boz və ya sarımtıl olmasına baxmayaraq, qırmızımtıl boz və al rəngli lövhələrə də rast gəlinir. Bəzi ulduzların üzərində məqbərənin interyerindəki bəzəklərin 682, 683 və 684-cü (hicri 1283-1284) illərdə tətbiq edilməsi göstərilib. Mərkəzdə yerləşən ulduzların birində qala qapısı təsvir olunub. V.A.Kraçkovskayanın mülahizələrinə görə, türbənin içərisindəki bəzəklər İslam memarlığının nadir incilərindən hesab edilir və yalnız Məşhəddəki İmam Rza məqbərəsi ilə müqayisə oluna bilər.
Təəssüf ki, XIX əsrin ikinci yarısından başlayaraq, xanəgahın bəzəkli daş lövhələri qarət edilib, kaşı lövhələr ayrı-ayrı şəxslər tərəfindən müxtəlif vaxtlarda hissə-hissə daşınıb, yaxud satılıb.
Milli memarlığımızın incilərindən hesab edilən Pir Hüseyn xanəgahının kaşı bəzəkləri Azərbaycan Milli Tarix Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Sankt-Peterburq Dövlət Ermitajı, Gürcüstan Dövlət Muzeyi, Moskva Şərq Mədəniyyəti Muzeyi, Parisin Luvr və s. muzeylərdə saxlanılır.
Hazırda xanəgahda yalnız 15 kaşı parçası qalıb. Həmin kaşı parçaları qoruğun ən dəyərli eksponatları kimi mühafizə olunur və sərgilənir.
Aftafa-ləyən dəsti. Saatlı Tarix-Diyarşünaslıq Muzeyi
Orta əsrlərə aid dəyərli sənət əsəri olan aftafa-ləyən dəstinin üzəri sənətkarlığımızda geniş yayılmış qədim sinkretik surətlər və digər təsvirlərlə zəngindir. Hündürlüyü 44 sm, çevrəsinin uzunluğu 68 sm olan aftafa – təkqulplu su qabı zərif siluetə malikdir. Qabın boğazı uzun, axacağı və qulpu zərif formalı əyməlidir.
Aftafanın üzərində ərəb əlifbasında nəstəliq xətti ilə “Birinci ağıl” sözləri yazılıb. İki cərgədə, hərəsində 12 olmaqla oyma və qabartma üsulu ilə həkk olunmuş müxtəlif detallar, çoxluq rəmzi olan xırda dairəciklər işlənib. Qabın üzəri keçi, şir, qoyun başlı, insan bədənli və çiçəkli budaqlarla bəzədilmiş ritmik dinamik kompozisiyalarla zəngindir. Aftafanın qapağı üzərində sonradan qopmuş aypara şəkilli detal da mövcud olub.
Qabın üzərində iki yerdə kahin, maq və ya qəbilə-tayfa başçısı oturmuş halda, əynində uzun xalat, başında başlıq profildən təsvir edilib. Təsvir olunmuş insan fiqurlarının başında şiş papaq, bəzilərinin əlində şiş uclu palmalit, bəzilərinin əlində isə hakimiyyət, güc-qüvvət, qalibiyyət rəmzi olan dəyənək əks olunub. Keşikçi şir bəzən hökmdar, bəzən isə hərbçi geyimində taxta oturub. Bu tarix yadigarının üzərində çoxsaylı çiçəklər də işlənib.
Hündürlüyü 19 sm, diametri 45×45 sm olan ləyənin üzərində 24 ədəd ritmik, dinamik kompozisiyaya malik təsvir var. Bu təsvirlərə üzəri cızıq xətlərlə örtülmüş insan, çiçək, taxtda oturmuş şir, hökmdar, hərbçi, keçi, qurd-aslan və üç qoyun başlı, insan bədənli fiqurlar daxildir. Qabın üzərində qədim Misirin müdriklik tanrısı hesab edilən Totun hərbi geyimdə təsviri də yer alır.