Bu bölmə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə töhfələr vermiş elm adamlarına və ziyalılara həsr olunur. Bölmənin ilk müsahibi Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradovadır.
– Füruzə xanım, siz Azərbaycanın ilk qadın arxeoloqlarından birisiniz. Seçdiyiniz elm sahəsi sizə çətin olmadı ki?
– Mən 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. 1959-cu ildə işə qəbul olmaq üçün Arxeologiya İnstitutuna müraciət etdim. İnstitutun direktoru İsmayıl Hüseynov məni qəbul etdi. Mənə həmin günün sabahı işləyəcəyim şöbənin müdiri İshaq Cəfərzadə ilə görüşdürəcəyini dedi. İsmayıl müəllim mənə onu da tövsiyə etdi ki, İshaq müəllim işlə bağlı nə sual verərsə, bütün işləri bacardığımı söyləyim. Sabahı gün İsmayıl müəllim məni İshaq müəllimlə görüşdürdü. Mən İsmayıl müəllimin tövsiyəsinə uyğun olaraq İshaq müəllimin işi bacarıb-bacarmadığıma dair suallarının hamısına “bacarıram” deyə cavab verdim. Bu “imtahan”dan sonra İshaq müəllim məni işə qəbul etsə də, uzun müddət baş laborant vəzifəsində çalışdım. Qeyd edim ki, İshaq müəllim mənim həm də elmi rəhbərim idi. Mən həmin şöbəyə işə qəbul olunanda mənə İshaq müəllimin arxeologiya sahəsinin ağır zəhmət və dözümlülük tələb edən bir sahə olduğu üçün qadınların bu sahəni seçməsini dəstəkləmədiyini bildirdilər. Bu xəbərdarlıqdan sonra, sözün düzü, İshaq müəllimdən çox ehtiyat edirdim. Lakin narahatlığıma baxmayaraq artıq mən bu şöbədə işə qəbul olunmuşdum və bu yoldan dönmək fikrim yox idi.
Biz institutda oxuyanda arxeologiya fənnindən yarım semestr dərs keçmişdik. Ona görə də arxeologiya elmi ilə tanışlığım, demək olar ki, çox az idi. Amma mən indi elə bir şöbədə işləyirdim ki, mütləq arxeoloq olmalı idim. Arxeologiya şöbəsində baş laborant vəzifəsində işlədiyim müddət ərzində Qazax, Qobustan, Xaçbulaq, Örənqala, Füzuli, Bakı ekspedisiyalarında iştirakım yazıyaqədərki tariximizin öyrənilməsinə olan marağımı daha da artırdı. Bu ekspedisiyalarda iştirakımı arxeologiya elmi sahəsindəki ilk addımlarım kimi qiymətləndirirəm. Bir müddət sonra isə arxeoloq Cəfərqulu Rüstəmovla ailə həyatı qurmağım məni ömürlük arxeologiya elminə bağladı. Mən arxeologiya elminin incəliklərini İshaq Cəfərzadədən onun rəhbərliyi altında çalışdığım illərdə öyrənmişəm. Bir də çox fəxr edirəm ki, mənə İshaq Cəfərzadə ilə yanaşı keşmiş SSRİ-nin A.A.İyessen, B.M.Masson, Q.F.Korobkova kimi tanınmış arxeoloqları ilə birgə işləmək, onlardan öyrənmək nəsib olmuşdur. Qobustanın indiki nailiyyətləri ilə yaşadığım xoş anlarla bərabər arxaya, bu sahədə keçdiyim uzun yola nəzər salanda arxeoloq olduğuma görə iftixar hissi keçirirəm, özümü ən xoşbəxt arxeoloqlardan hesab edirəm.
– Müxtəlif bölgələrimizdə aparılan arxeoloji tədqiqatlarda iştirak etdiyinizi dediniz. Ancaq bildiyimizə görə, sizin ən qiymətli tədqiqat obyektiniz Qobustan abidələridir. Qobustanla ilk tanışlığınız haqqında danışardınız. Ümumiyyətlə, Qobustan sizin üçün nə ifadə edir? Nə üçün məhz tədqiqat obyekti kimi bu məkanı seçdiniz?
– İnstitutda işə qəbul olunandan bir müddət sonra mən mövzu götürmək, müdafiə etmək istədikdə çətinliklərlə üzləşdim. Həmin zaman mən Cəfərqulu Rüstəmovla ailə qurmuşdum. Elə buna görə də bu sahədə qalıb işimi davam etdirmək istəyirdim. Lakin heç kim mənə müdafiə üçün mövzu vermirdi. Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İshaq Cəfərzadənin təkidi ilə həyat yoldaşım Cəfərqulu müəllimin 1965-ci ildən Qobustan abidələrinin yeni tədqiqini öz üzərinə götürməsi mənim Qobustan abidələr kompleksinin tədqiqatçısı olmaq arzumun həyata keçməsinə səbəb oldu. Cəfərqulu müəllim özü mənə mövzu verdi və beləliklə də mən Qobustanın arxeoloji materialları əsasında müdafiəmi bitirdim. Qayaüstü təsvirlərlə bağlı ədəbiyyatlarla tanışlıq sayəsində mən bütün dünya ölkələrinin qayaüstü təsvirləri ilə tanış olmuşdum. Bu qənaətə gəlmişdim ki, Qobustan dünyanın heç bir digər qayaüstü abidəsi ilə müqayisə oluna bilməz. Elə abidələr vardır ki, orada yalnız qayaüstü təsvirlər öyrənilib. Bu birtərəfli tədqiqat adlanır. Çünki qayaüstü təsvirlərin dövrünü qazıntı materialları olmadan dəqiq göstərmək mümkün deyil. Amma bizim Qobustanın bir çox abidədən üstünlüyü ondadır ki, qayaüstü təsvirlər arxeoloji qazıntılarla bərabər öyrənilir.
– Uzun müddət Qobustan abidələrinin tədqiqatçısı, arxeoloq alim Cəfərqulu müəllimlə birlikdə tədqiqatlarda iştirak etmisiniz. Elmi tədqiqat baxımından fikir ayrılığınız olubmu?
– Əslində, tarix elminin qadın üçün çox ağır olan arxeologiya sahəsində qalıb çalışmağımın əsas səbəbi, xalqımızın ulu keçmişini öyrənmək istəyimlə bərabər həm də həyat yoldaşım Cəfərqulu Rüstəmovun arxeoloq, xüsusi ilə də Qobustan abidələrinin tədqiqatçısı olması idi. Cəfərqulu müəllimlə bir yerdə işləməyim həm yaxşı olub, həm də çətin. Çünki onu hər məsələdə istədiyim fikirlə razı sala bilməzdim. Onun öz müstəqil fikri olurdu, mənimsə öz fikrim. Ancaq Qobustanda uzun müddət işləyəndən sonra aramızda elmi fikir ayrılığının yaranması mümkün deyildi. Birlikdə apardığımız arxeoloji qazıntı işlərində materiallar aşkar edirdik və onlara münasibətimiz fərqli ola bilməzdi.
– Qobustanda aşkar etdiyiniz ən maraqlı, ən yaddaqalan tapıntı nə olub? Araşdırmalarınız nəticəsində heç gözləmədiyiniz tapıntılar olubmu
– Qobustan özü ümumilikdə ən böyük tapıntıdır deyərdim. Qobustan qayaüstü təsvirlərinin müəllifləri vaxtilə bu ərazidə yaşayıb-yaratmış azərbaycanlıların ulu əcdadlarıdır. Onlar qayalarda, yaşadıqları sığınacaqların divarlarında, hətta qəbir daşlarında həyat və fəaliyyətlərini əks etdirən təsvirlər çəkməklə yaşadıqları dövr haqqında son dərəcə qiymətli məlumatlar yadigar qoyublar. Qobustan qayaüstü təsvirləri sırf həyati əsərlərdir. Tədqiqatlar zamanı biz Qobustanda Mezolit dövrünə aid qəbir abidəsi aşkar etmişdik. Belə bir qəbir abidəsinin Qobustanda aşkar olunması bizim üçün gözlənilməz olmuşdu. Burada bir qəbirdə 11 adam dəfn edilib. Bu qəbirdə dəfn olunanlar dəniz kənarında yerləşən balıqçılara aid düşərgənin sakinləri idi. Ölülər bəzək əşyaları ilə dəfn olunmuşdular. Hətta azyaşlı uşağın boynunda belə boyunbağı var idi. Təəssüf ki, skeletlər çox pis saxlanmışdı. Buna baxmayaraq, Qobustan ekspedisiyasının daimi üzvü, antropoloq Rəbiyyə Qasımova kəllələri öyrənib tədqiq edə bildi. Kəllələr arasında nisbətən yaxşı qalmış iki kəllə sümüyünün tədqiqi nəticəsində azərbaycanlıların qədim qobustanlıların varisləri olduğu sübuta yetirildi. Bu nəticə tədqiqatlarımız zamanı əldə etdiyimiz ən böyük uğurlardan biri idi.
– Aşkar etdiyiniz maddi mədəniyyət nümunələrinə görə tarixin hansı dövrü sizin üçün daha maraqlıdır?
– Mənim üçün tarix özü maraqlıdır, dəyərlidir. Mən tarixi dövrlər arasında fərq qoymuram. Daş dövründən ta Orta əsrlərə, Müasir dövrə qədər bütün tarixi dövrlərə aid maddi mədəniyyət nümunələri ilə məşğul olmuşam.
– Arxeologiya dərin bir ümmandır. Fikrinizcə, Qobustan bu ümmandan yetərincə pay alıbmı?
– Təsvirlərin dövrünü qazıntılar deyir, sübut edir. Bir vaxtlar – qazıntılara qədər, Qobustana gələn və ya Qobustanla yalnız mənbələr əsasında tanış olan arxeoloqlar dünya qayaüstü abidələrini sadalayanda Qobustanın adını sonda çəkirdilər. Çünki o zamanlar Qobustanda qazıntı işləri aparılmamışdı. Amma arxeoloji qazıntılardan sonra Qobustanın adı artıq qayaüstü abidələr siyahısında ilk yerlərdən birini tutur. Bu baxımdan mən Qobustanın arxeologiyadan yetərincə pay aldığını düşünürəm.
– Sonda gənc arxeoloqlara arzu və tövsiyələrinizi eşitmək istərdik.
– Uzun illər Qobustanda bizimlə işləməyə mütəxəssis cəlb edə bilmirdik. Hər yeni gələn mütəxəssisə Cəfərqulu müəllim təklif edirdi ki, Qobustanda qalıb bizimlə birlikdə işi davam etdirsin. Qobustanın yolunun uzaqlığı və işinin ağırlığı nəticəsində işə cəlb olunan bütün mütəxəssislər bir müddət sonra çıxıb gedirdilər. Sevindirici haldır ki, bu gün Qobustanda bizim Sevinc Şirinli və Rəhman Abdullayev kimi gənc mütəxəssislərimiz çalışır. Onlar bizim ən yaxın köməkçilərimizdirlər və mən onların gördükləri işlərdən həddən artıq razıyam. Mən onların timsalında bütün gənc arxeoloqlara uğurlar arzulayıram.
Müsahibəni apardı: Vəfa Hüseynova