Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış (7 dekabr 1919) İstiqlal Muzeyinin mədəni varisi kimi fəaliyyətini davam etdirən Azərbaycan İstiqlal Muzeyinin yenidən bərpa olunmasının 2021-ci ildə 30 ili tamam olur. Dövlət müstəqilliyimizlə həmyaşıd olan muzeyimizdə 20 mindən artıq maddi mədəni sərvət qorunub saxlanılır.
Tarix profilli Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirir. Muzeyin ekspozisiya zallarında Azərbaycanın dövlətçilik tarixini xronoloji ardıcıllıqla özündə ehtiva edən eksponatlar nümayiş olunur.
2018-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Azərbaycan Dövlət Din Tarixi Muzeyi ləğv edilərək Azərbaycan İstiqlal Muzeyinə birləşdirilmişdir. Həmin muzeyə məxsus 3000-ə qədər nadir mədəniyyət nümunəsi muzeyin fondlarına daxil edilmişdir. Qəbul edilmiş eksponatlar arasında 1898-ci ildə Bakı şəhərində inşa edilmiş Aleksandr Nevski kafedral kilsəsinin ikonalarını xüsusilə qeyd etmək olar. 2019-cu ildə Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan: Tolerantlıq ünvanı” adlı sərgi təşkil edilmiş, həmin sərgi çərçivəsində qəbul edilmiş nadir eksponatlar tamaşaçılar üçün nümayiş etdirilmişdir.
Hər bir xalqın milli mənsubiyyətinin əsasında onun tarixi, mədəniyyəti, incəsənəti dayanır. Milli kimliyimizi özündə yaşadan, keçmişlə gələcək arasında körpü rolunu oynayan muzeylərimizin eksponatlarla zənginləşdirilməsi ən vacib amillərdən biridir.
Muzeylərimizin eksponatlarla zənginləşdirilməsində millətini, vətənini sevən insanların rolu danılmazdır. Azərbaycan İstiqlal Muzeyinin fondlarının eksponatlarla zənginləşdirilməsində vətəndaşlarımız çox böyük təşəbbüskarlıq göstərərək xalqımızın tarixini özündə ehtiva edən maddi mədəniyyət nümunələrini muzeyə bağışlayırlar. 2016-cı ildə XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turan atasının həyat və fəaliyyəti ilə bağlı 161 ədəd mədəniyyət nümunəsini Azərbaycan İstiqlal Muzeyinə bağışlamışdır.
Feyzavər Alpsar Turanın bağışladığı nadir fotolar, rəsm əsərləri, orden və medallardan ibarət kolleksiyaya aid eksponatlar hazırda muzeyin “Cümhuriyyət” zalında nümayiş etdirilir.
Feyzavər xanımın qeyd olunan təşəbbüskarlığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, 17 mart 2018-ci il “Dostluq” ordeni, 27 may 2019-cu il tarixində isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley medalı ilə təltif edilmişdir. 2020-ci ilin aprel ayında vəfat etmiş Feyzavər xanımın vəsiyyətinə uyğun olaraq həmin orden və medallar da Azərbaycan İstiqlal Muzeyinə təhvil verilmiş və kolleksiyaya daxil edilmişdir.
Azərbaycan İstiqlal Muzeyinə eksponat hədiyyə edən digər soydaşımız isə Cənubi Azərbaycanda “21 Azər” hərəkatının canlı şahidi, müdafiə naziri General Cəfər Məmmədəli oğlu Kavianın oğlu Marks Kaviandır.
Marks Kavian tərəfindən Cənubi Azərbaycanda “21 Azər” hərəkatı dövrünə aid nadir sənədlər, fotolar, geyimlər, medal və ordenlər muzeyə hədiyyə edilmişdir. Bağışlanmış eksponatlar içərisində tarixdə yalnız on insanın təltif edildiyi “Səttarxan” ordeni xüsusi diqqət cəlb edir.
Cənubi Azərbaycanın qəhrəmanlıq tarixini əks etdirən general Ələkbər Deraxşaniyə məxsus qılınc da kolleksiyanın ən çox maraq cəlb edən nümunələrindən biridir. Təbriz şəhəri təslim edilərkən Ələkbər Deraxşani həmin qılıncı Cəfər Kaviana verərək “Biz Təbrizi sizə təslim edirik” demişdir.
Tarix yazan və yaradanları yaşatmaq muzeylərimizin ən ümdə vəzifələrindən biridir. Hazırda muzey fəaliyyət istiqamətlərindən biri kimi 44 günlük Vətən müharibəsi şəhidlərinin, qazilərin, habelə Birinci Qarabağ müharibəsi şəhidlərinin və Azərbaycan Respublikası Milli Qəhrəmanlarının şəxsi əşyalarının toplanması işini davam etdirir.
Son zamanlar muzeylərin apardığı təbliğat işləri nəticəsində vətəndaşlarda mədəniyyət xeyriyyəçiliyi sahəsində təşəbbüskarlıq halları artmaqdadır. Vətəndaşlar tərəfindən öz şəxsi kolleksiyalarında yer alan dəyərli tarix və mədəniyyət nümunələrinin muzeylərə təmənnasız olaraq bağışlanılması olduqca təqdirəlayiq haldır. Biz muzeylərimizin zənginləşdirilməsi istiqamətində vətəndaş həmrəyliyinin, təşəbbüskarlığının təbliğində məqsədyönlü fəaliyyət göstərməli, mədəniyyət xeyriyyəçiliyi sahəsində təkcə fiziki şəxslərin deyil, habelə hüquqi şəxslərin də fəallığını artırmağa nail olmalıyıq.
Sədi Mirseyibli
Azərbaycan İstiqlal Muzeyinin direktoru