Qarabağın döyünən ürəyi, musiqi və sənət beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa… Şuşa Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) aid olan bu şəhər ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. Buradakı yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağı) bu ərazinin Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan, milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi özündə yaşadan Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1693-1763) adı ilə bağlıdır. 1748-ci ildə Bayat və 1751-1752-ci illərdə salınmış Şahbulaq qalalarının əlverişsiz coğrafi mövqeyini nəzərə alan Pənahəli xan əbədi və sarsılmaz Şuşa qalasını tikdirmək üçün bir tərəfdən uçurum, digər tərəfdən isə sıldırım qayalarla əhatə olunmuş ərazini istinadgah seçir. Qalanın tikintisi bitən kimi Qarabağ xanlığının paytaxtı Şahbulaq qalasından ilk dövrlərdə öz banisinin adı ilə “Pənahabad” adlandırılan Şuşa qalasına köçürülür. Şuşa Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayır.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib, üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında məkanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib. Bu körpü Qala körpüsü kimi tanınır.
XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırılıb. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli şəhəri olan Şuşa xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.
XIX əsrin əvvəllərində şəhərdə 50-dən artıq sənətkarlıq sahəsi inkişaf etmişdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı.
XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da güclənmişdi. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. digər strateji əhəmiyyətli qalalar tikilmişdi. Qısa müddət ərzində xeyli böyüyən şəhər təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edirdi.
Mənbələrdə göstərildiyi kimi, hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatında canlanma baş verir. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə öz komediyalarını geniş şəkildə yaymaq məqsədilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək arzusunu reallaşdırır. V.Şekspirin “Otello”su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilir. Daha sonra C.Məmmədquluzadənin “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulur.
XX əsrdən başlayaraq Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, peşəkar musiqi təhsili inkişaf edərək sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürür. O dövrdə Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. Şuşa “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılır.
XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada, müvəqqəti də olsa, say üstünlüyünə nail olan ermənilər şəhərin yerli sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi.
Sovet hakimiyyətinin qurulmasından sonra Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da, Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı.
Şuşanın yenidən dirçəlişi 1969-cu ildə Azərbaycan rəhbərliyinə gətirilən Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin vaxtdan şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Şuşada quruculuq işləri geniş vüsət aldı. “…Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”, deyən Ümummilli lider Heydər Əliyev Şuşanın qorunması məsələsinə də xüsusi diqqətlə yanaşıb. Bu məqsədlə 1977-ci ildə böyük dövlət xadiminin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib.
Lakin, təəssüf ki, Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Bu qədim şəhərin sakinləri doğma yurdundan didərgin salındı. İşğal zamanı Şuşada qədim tarix və mədəniyyət abidələri, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, Şərq musiqi alətləri fabriki erməni işğalçıları tərəfindən talan edildi, dağıdıldı, məscidlər təhqir edildi, çox sayda nadir əlyazma nümunələri məhv edildi, 20 kitabxana yandırıldı. Erməni vandallarının nifrəti, kini bununla bitməmişdi. İşğal zamanı “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının və “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının tələblərinə məhəl qoymayan, bəşəri dəyərlərdən uzaq ermənilər hətta heykəlləri belə atəşə tutmaqdan çəkinməmişdilər.
Tarix boyu öz milli ruhunu ləyaqətlə qoruya bilən Şuşa 28 il yarım əsarətdə qalsa da, əyilmədi, sınmadı. Şanlı Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim tarixi Zəfərimizlə bitdi. “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” deyən Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!” deyərək Şuşanın işğaldan azad olunması barədə möhtəşəm tarixi müjdəni verdi.
Dövlətimiz tərəfindən hazırda Şuşanın bərpa edilməsi, dirçəldilməsi istiqamətində intensiv iş həyata keçirilir. Azad edildikdən dərhal sonra şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, şəhərin baş planı təsdiq edilib, dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün büstləri doğma yurdlarına gətirilib, Natəvan bulağı bərpa olunub, Bülbülün Ev-Muzeyinin, Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı keçirilib
Şəhərdə “Xarıbülbül” və “Qarabağ” hotelləri istifadəyə verilib, yeni yaşayış kompleksinin və beşulduzlu hotelin təməli qoyulub. Hazırda üç məsciddə təmir-bərpa işləri davam edir.
Şuşanın tarixi mərkəzinin UNESCO-nun Dünya İrs Siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya faylının hazırlanması istiqamətində işlərə başlanılıb. Şuşa Tarix-Memarlıq Qoruğunun hələ 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri kimi təqdirəlayiqdir.
“Xarıbülbül” musiqi festivalının və xalqımızın ədəbiyyat bayramına çevrilən Vaqif Poeziya Günlərinin bərpası Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması istiqamətində atılan uğurlu addımlardandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən budəfəki “Xarıbülbül” musiqi festivalı doğma Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ithaf edilmişdi. Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olan bu musiqi festivalı Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsindəki təntənəsi idi.
Şuşa gələcək inkişafı baxımından böyük dəyişikliklər ərəfəsindədir. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, burada həyata keçirilən genişmiqyaslı layihələr, tədbirlər Şuşanın mədəni həyatını qısa müddətdə bərpa edəcək, onu təkcə respublikamızın mədəniyyət paytaxtı kimi deyil, həm də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə tanınmasına vəsilə olacaqdır.