Bu rubrikada mədəniyyət, incəsənət və digər əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislərlə müsahibələrimiz yer alacaq. Rubrikanın məqsədi peşəkar mütəxəssislərin təcrübəsini ictimaiyyətlə paylaşmaq və onların fəaliyyətini təbliğ etməkdir. Müsahibimiz “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru, Əməkdar mühəndis, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimlidir.
– Telman müəllim, öncə Azərbaycanda bərpa-konservasiya işlərinin tarixi, rəhbərlik etdiyiniz qurumun yaradılması və inkişaf mərhələləri haqqında məlumat almaq istərdik.
– Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin öyrənilməsinə XIX əsrdən başlanılmışdır. Bu işlər əsasən xarici mütəxəssislər tərəfindən aparılırdı. XX əsrin əvvəllərindən xarici mütəxəssislərlə yanaşı yerli mütəxəssislərin də iştirakı ilə abidələrdə geniş arxeoloji və elmi tədqiqat işlərinə başlanıldı.
İ.Əzimbəyovun, V.Sısoyevin, R.Əfəndiyevin, Y.Paxomovun, D.Şərifovun, A.Ələsgərzadənin məqalələri həmin illərdə aparılmış tədqiqat işlərinə həsr olunmuşdur. Həmin dövrlərdə arxeoloji tədqiqat işləri əsasən Naxçıvanda, Bərdə şəhəri xarabalıqlarında, Xaraba Gilanda, Qəbələdə və s. aparılmışdır.
1952-ci ildə “Xüsusi Elmi-Bərpa İstehsalat Emalatxanası”nın yaradılması Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi və bərpasında mühüm rol oynadı. Həmin ildən abidələrin kompleks şəkildə öyrənilməsi və bərpası qarşıda duran əsas vəzifələrdən biri oldu. Respublikada bərpa işlərinin yeniliyi, bu sahədə təcrübəli memar və bərpaçı sənətkarların çatışmaması, abidələrin qəza vəziyyətində olması, zəruri material və maddi bazanın olmaması kimi çətinliklər ilk dövrlərdə emalatxananın fəaliyyətində bir sıra maneələr yaradırdı. İlkin olaraq emalatxanada tədqiqat və bərpa işləri ilə məşğul olan iki şöbə yaradıldı. Birinci şöbənin tərkibi abidələrin tədqiqi və elmi əsaslandırılmış layihə materiallarının hazırlanmasını təmin edən memar, mühəndis və texniklərdən, ikinci şöbə isə inşaatçı mühəndis, peşəkar inşaatçı ustalar və bərpaçı sənətkarlardan ibarət idi. Emalatxana hər hansı bir abidə üzərində işə başlayarkən abidəni yerində tədqiq etmək üçün ixtisaslaşdırılmış memarlar, peşəkar bərpaçılar, mühəndis konstruktorlar, arxeoloqlar, fotoqraf və s. sənətkarlardan ibarət kompleks ekspedisiya həmin yerə göndərilirdi.
Həmin illərdə Əbdülvahab Salamzadə, Tamella Bağırzadə, Nikolay Utsın, Valeh Hacıyev, Pərviz Hüseynov, Niyazi Rzayev, Davud Allahverdiyev və digər memarlar bərpa layihələrinin hazırlanmasında iştirak edirdilər. Tədqiqatçılardan Mikayıl Useynovu, Abdulvahab Salamzadəni, Lev Bretanilskini, Şamil Fətullayevi, Davud Axundovu və s. göstərmək olar.
1958-ci ildə emalatxana Azərbaycan SSR Mədəniyyət Nazirliyinin tabeliyinə verilir. Bu dövrdən sonra respublikamızda bərpa işləri daha da geniş vüsət alır. Emalatxananın yaradılması həm bərpaçı mütəxəssislərin yetişməsinə, həm də abidələrin tədqiqinə, təbliğinə böyük kömək göstərmişdir.
Bu illərdə ümumilikdə aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, respublika ərazisində yerləşən 1100-dən çox daşınmaz tarix və mədəniyyət abidəsində müxtəlif dövrlərdə elmi tədqiqat, bir çoxlarında isə bərpa-konservasiya işləri aparılmışdır.
1991-ci ildə ölkəmiz müstəqillik qazandıqdan sonra tarixi-memarlıq irsimizin qorunması yeni mərhələyə qədəm qoydu. Milli oyanışın yaranması, Azərbaycanın bu sahələr üzrə beynəlxalq təşkilatlara üzv olması, bu sahədə daha təcrübəli ölkələrlə əməkdaşlığı tarixi-memarlıq irsimizin qorunmasına yeni yanaşmalar gətirdi. Ölkə rəhbərliyinin müvafiq sərəncamları ilə yeni qoruqların yaradılması, bu sahə üzrə işlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Proqramının qəbul olunması, Azərbaycanın dəyərli abidələrindən üçünün UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi bu işlərin məntiqi davamıdır.
Müstəqillik dövründə 100-dən çox abidədə tədqiqat işləri aparılmış, əksəriyyətində bərpa-konservasiya, gücləndirmə və ya rekonstruksiya işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 354 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi təşkil edildikdən sonra Bakı Şəhər Baş Memarlıq və Şəhərsalma İdarəsi nəzdində Elmi-Layihə Bürosu və Mədəniyyət Nazirliyinin “Azərbərpa” tresti yanında Xüsusi Elmi-Bərpa Layihə Emalatxanası bazasında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sistemində Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutu yaradıldı.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin 03.02.2000-ci il tarixli 270 saylı Fərmanı ilə Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi ləğv edildikdən və bütün səlahiyyətləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verildikdən sonra İnstitut Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Abidələrin Bərpası Elmi Tədqiqat Layihə İnstitutu” adı ilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilmişdir .
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2006-cı il tarixli 393 nömrəli Fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. İnstitut Prezidentin Fərmanı ilə nazirliyin strukturuna daxil olmuş və əsasnaməsində dəyişiklik edilərək “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu” adını almışdır.
Hazırda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən və respublikada memarlıq və şəhərsalma abidələrinin elmi-bərpa layihələrini hazırlayan yeganə təşkilat olan “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutu” MMC-nin arxivində uzun illər ərzində tədqiq edilmiş yüzlərlə memarlıq abidəsinin dəqiq ölçü cizgiləri, bərpa layihələri, pasportları, maketləri və fotoları saxlanılır. Böyük elmi-praktik dəyəri olan institutun arxivinin elektron bazası da qurulmuşdur. Hazırda bu işlər davam etdirilir.
– Bərpa-konservasiya işlərinə xarici mütəxəssislər cəlb olunurmu və hansı beynəlxalq qurumlarla əməkdaşlıq edilir?
– Qeyd etdiyim kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə addımlar atılıb. Türkiyə, İtaliya, Avstriya və s. ölkələrdən bərpa-konservasiya işləri təcrübəsi çox olan mütəxəssislərin təcrübələrindən bir sıra abidələrin bərpasında istifadə olunmuşdur.
Azərbaycan 2002-ci ildən isə İCCROM-un (Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi) üzvüdür.
Üzv olduğumuz beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində və həmçinin dövlətlərarası bağlanmış müqavilələrə əsasən, yerli mütəxəssislərin xarici mütəxəxssislərlə təcrübə mübadiləsi həyata keçirilir, seminarlar təşkil olunur. Ancaq deməliyəm ki, bu sahədə görüləcək işlərimiz çoxdur. Eyni zamanda bu sahədə respublikamızda maddi-texniki bazanın yaxşılaşdırılmasına ehtiyac var.
– Tarix və mədəniyyət abidələrinin bərpası və konservasiyası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması hansı formada həyata keçirilir? Mütəxəssislər işə necə cəlb olunur?
– Təcrübə göstərir ki, tarix və mədəniyyət abidələrinin bərpa-konservasiyası üzrə çalışan mütəxəssislərin bu sahəyə həvəsi olmalıdır. Marağı olmayanlar qısa müddətdən sonra bu sahədə qalıb işləmək istəmirlər. Bu sahəyə əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində təhsil alan bərpa üzrə mütəxəssislər cəlb olunur. Həmin tələbələr ali təhsil müddətində universitet tərəfindən təyin olunmuş təcrübələrini “Azərbərpa”da keçməklə bu sahənin sirlərinə yiyələnirlər. Bununla da onlar işə qəbul ediləndə artıq müəyyən təcrübəyə malik olmuş olurlar. Mütəxəssislər işə institut rəhbərliyinin seçimi ilə qəbul edilir. Seçimdə əsasən namizədin ixtisası, bacarığı və bu sahəyə olan marağı dəyərləndirilir. Gənc memarlar və mühəndislər işə cəlb olunaraq təcrübəli mütəxəssislərin yanında işləməklə bu sahədə püxtələşirlər.
– Bərpa işlərinin düzgün aparılmasını şərtləndirən ən mühüm cəhət hansılardır? Ölkəmizdə abidələrin tədqiqi, bərpa və konservasiyası üzrə hansı texnoloji yeniliklər tətbiq olunur?
– Bərpa işlərinin uğurla həyata keçirilməsinin ən mühüm amili düzgün tədqiqatla bağlıdır. Ölkəmizdə bu sahədə müəyyən qədər arxiv materialları, mütəxəssislər mövcud olsa da, texnoloji yeniliklərin tətbiq olunmasına ehtiyac vardır. Müstəqillik dövründə respublikamızın beynəlxalq təşkilatlarla, həmçinin qabaqcıl bərpa təcrübəsinə və texnoloji yeniliklərə malik ölkələrlə əməkdaşlığı, tədqiqat işlərinin yüksək səviyyədə aparılması da əsas arqumentlərdən biridir. İlk növbədə respublikamızda tarix və mədəniyyət abidələrində tədqiqat işləri üçün elmi tədqiqat laboratoriyasının yaradılması, oraya uyğun bilik səviyyəsi olan mütəxəssislərin cəlb olunması, bərpa işlərinin beynəlxalq normalara və dərin elmi əsaslara söykənərək aparılması əsas şərtdir.
– Hazırda dövlətimiz tərəfindən Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır. Təbii ki, işğaldan azad olunan ərazilərdə sizi də ciddi işlər gözləyir. Bu baxımdan “Azərbərpa”nın qarşısında hansı vəzifələr durur?
– Azərbaycan xalqı 30 ildən bəri həsrətlə gözlədiyi böyük Qələbənin sevincini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yenilməz iradəsi və Ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsi Zəfərlə başa çatıb,düşmən işğalı altında qalan torpaqlarımız işğaldan azad edilib.Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərimizdə 700-dən çox tarix və mədəniyyət abidəsi mövcud idi. Düşmənlərimiz abidələrin çoxunu dağıtmış, bir qismini isə özününküləşdirmişdir. “Azərbərpa” respublikada daşınmaz tarix və mədəniyyət abidələri ilə bağlı arxiv materiallarına və təcrübəli mütəxəssislərə malik yeganə təşkilatdır. Bu cəhətdən də ən ağır və məsuliyyətli yük bizim üzərimizə düşür. Hazırda institut tərəfindən Şuşa şəhəri və Ağdam rayonu üzrə bir sıra layihələr hazırlanır. İnstitutda mövcud olan Elmi Ekspertiza Şurası layihəyə müsbət rəy verdikdən sonra həmin abidələrin bərpası üzrə işçi layihələr hazırlanır. Dağıdılmış abidələrlə bağlı institutun arxivində kifayət qədər material vardır. Fürsətdən istifadə edib vətəndaşlarımıza bir daha müraciət edirik ki, işğaldan azad olunmuş ərazilərimiz üzrə tarix və mədəniyyət abidələrinə dair hər hansı məlumat, foto və video çəkilişləri varsa, bizə təqdim etsinlər. Bu, abidələrin düzgün tədqiq və bərpa olunmasında bizə yaxından kömək edəcəkdir.
– Təcrübəli mütəxəssis kimi gənc kadrlara məsləhətiniz nədir?
– Tarix və mədəniyyət abidələrini qorumaq hər bir kəsin vətəndaşlıq borcudur. Ona görə də bu sahədə çalışanların üzərinə ikiqat məsuliyyət düşür. Gənc kadrlarda bu sahəyə sevgi olmalıdır. Gənclər çox çalışmalı, mütəxəssislərdən dəyərli məlumatları öyrənməli, müasir beynəlxalq təcrübəyə yiyələnməlidirlər. Yaxşı mütəxəssis olmaq üçün bu sahədə uzun müddət çalışmaq lazımdır. Səbir etmək isə hər bir uğurun, müvəffəqiyyətin ilk şərtidir. Ona görə də gənc kadrlara ilk növbədə bu sahədə səbirlə yollarına davam etmələrini tövsiyə edirəm. Sonda uğur sizin olacaqdır.
Müsahibəni apardı: Vəfa Hüseynova