Çıraqqala tarixi kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamına əsasən, Şabran şəhəri tarix və mədəniyyət abidəsi isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamına əsasən tarixi qoruq elan edilmişdir.
“Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdir.
“Çıraqqala-Şabran” qoruğuna daxil olan 7 abidədən ikisi memarlıq (Çıraqqala, Gilgilçay səddi), biri isə arxeoloji (Qədim Şabran şəhəri) dünya əhəmiyyətli hesab edilir.
Rayonun qədim tarixi abidələrindən olan Çıraqqala IV-VI əsrlərdə Sasani hökmdarları tərəfindən inşa olunmuşdur. Amma qədim mənbələrdə həmin tarixin daha əvvəllərə aid olduğu qeyd edilir. Əsasən müdafiə məqsədilə ucaldılmış bu unikal sənət əsəri öz möhtəşəmliyini bu gün də qoruyub saxlaya bilmişdir. Məşhur Gilgilçay səddinin mərkəzi hissəsində yerləşən bu möhtəşəm qala nadir sənət incisidir.
Çıraqqala mərkəzi qala daxil olmaqla 17 bürcdən ibarətdir, düzbucaqlı formasındadır və yerli qaya daşlarından, bişmiş kərpicdən tektonika üsulu ilə tikilmişdir. Mərkəzi qalanın hündürlüyü 28 m, qalınlığı 4 m-ə yaxındır. Qala qapısından bir az aralı, ortalıqda tağbənd örtməli ovdan – su anbarı yerləşir. Buradakı saxsı borulardan və başqa əlamətlərdən görünür ki, su bu ovdana uzaq dağ çeşmələrindən yığılıb süzülürdü. Mərkəzi qala həm də müşahidə, siqnal və işarə vermək üçün münasib yerdə ucaldılmışdır. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmişdir və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış. Burada dayanan əsgərlər bir tərəfi Dəmirqapı Dərbənddən, bir tərəfi Beşbarmaq səddinədək dəniz sahili boyu 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya bilirmişlər. Zaman keçdikcə Çıraqqala təbiətin şıltaqlıqlarına məruz qalmış, bəhs olunan 17 bürcdən bu günümüzə 3 bürc gəlib çatmışdır.
Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır.
Azərbaycan ərazisində erkən şəhərlərin yaranması Orta Tunc dövrünə aid edilsə də, Xəzər dənizinin qərb sahillərində yaşayış yerlərinin şəhərlərə çevrilmə prosesi antik dövrdən başlayır. “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun 7 abidəsindən biri də V əsrə aid olan Şabran rayonunun Şahnəzərli kəndi ərazisində yerləşən Qədim Şabran şəhəridir. Şəhər Abşeron yarımadasından Dərbənd keçidinə aparan karvan yolu üzərində yerləşir.
Şabran şəhər yeri XVII əsrin sonlarına qədər Orta əsr Azərbaycanı üçün mühüm mədəni-iqtisadi və hərbi-strateji mərkəz rolunu oynamışdır. Bu şəhər haqqında yazılı mənbələrdə verilən məlumatlar olduqca az və ziddiyyətlidir. Müxtəlif dilli ədəbiyyatlarda müəlliflər bu şəhərin adını “Şabran”, “Saburan”, “Şapuran”, “Saturn”, “Şavran” və “Samaran” kimi qeyd etmişlər. Ərəb müəlliflər şəhərin əsasının qoyulmasını Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə bağlayırlar. Monqol işğalları zamanı isə həm şəhər, həm də onun ətrafında olan yaşayış yerləri tənəzzül etməyə başlamışdır. Lakin belə strateji mövqedə yerləşən şəhərin hansı səbəbdən tənəzzül etməsi hələ də tam şəkildə aydın deyil. Xatırladaq ki, böyük Azərbaycan şairi Əfzələddin Xaqani (Xaqani Şirvani; 1126-1199) Şirvanşah Axsitanın qəzəbinə düçar olanda Şabran qalasında həbsə atılmış və məşhur “Həbsiyyə” əsərini burada yazmışdır.

1979-cu ildə “Şimal-şərqi Azərbaycanın arxeoloji abidələri toplusu” kitabının hazırlanması məqsədilə Şabran çayının sahilində sahəsi 50 kvadratmetr olan kəşfiyyat qazıntı işləri aparılmışdır. Bu qazıntı nəticəsində Orta əsr Şabran şəhər yerinin mədəni təbəqələrinin stratiqrafiyası öyrənilmişdir
1980-ci ildə isə AMEA Tarix İnstitutunun təşkil etdiyi Şirvan-Şabran stasionar arxeoloji ekspedisiyasının əsas tədqiqat obyekti məhz Orta əsr Şabran şəhər yeri olmuşdur. Qazıntılar nəticəsində şəhərin yaşayış evlərinin strukturunu da müəyyən etmək mümkün olmuşdur. Belə ki, onların hamısının bünövrəsində lay daşları olmuş və bişmiş kərpicdən tikilmişdir.
Azərbaycanda IX əsrə aid kanalizasiya sistemi ilk dəfə Şabranda aşkar olunub. Daş və kərpicdən hörülmüş bu qurğu şəbəkəli və örtülü olmuş, şəhərin mərkəzi məhəlləsi çay ilə birləşmişdir. Şabranlılar IX-XII əsrlərdə 14 km məsafədən xüsusi tünglər vasitəsilə şəhərə bulaq suyu gətirmişlər. Mədəni təbəqədən toplanmış maddi mədəniyyət qalıqlarının böyük bir qrupunu gil qablar təşkil edir. Burada şirsiz və şirli saxsı qablar hazırlanırdı. Sənətkarlığın çox mühüm sahələrindən biri də şüşə istehsalı olmuşdur. Şabran öz çörəyi, düyüsü və digər məhsulları ilə məşhur idi. Tədqiqatçılar tərəfindən Şabranda möhtəşəm ictimai bina qalıqları, XI əsrə aid şəhərin küçə və meydanlarının ümumi planı müəyyənləşdirilmişdir.
Mədəniyyət sahəsinə, xüsusilə də tarixi mədəniyyət abidələrinə yüksək diqqət göstərən ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il 13 mart tarixli Sərəncamına əsasən, Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi üçün vəsait ayrılmışdır. 1 may 2019-cu il tarixdən həmin sərəncama əsasən, Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinə başlanmışdır. Bərpa-konservasiya işləri müvəffəqiyyətlə davam etməkdədir.
Hazırda əvvəlki görünüşünü saxlamaqla qalada xeyli işlər görülmüşdür.
Maraqlı haldır ki, bərpa-konservasiya işləri aparılarkən qala ərazisində torpaq qazma zamanı müxtəlif formalı eksponatlar tapılır. Sonuncu dəfə tapılan eksponatlar təkcə quruluş baxımından deyil, tərkibinə görə də bir-birindən fərqlənir. Bu fərqlilik arxeoloqların da diqqətini cəlb etmişdir. Eksponatlar tərkibinin və tarixinin araşdırılması üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılmışdır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qoruqların mühafizəsi, təbliği, tarixi yerlərdə turizmin inkişafı haqqındakı qərar və göstərişlərini rəhbər tutan “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu üçün bu tarixi abidələrin təbliğini, tədqiqini, mühafizəsini gücləndirmək və qala ərazisindən səmərəli istifadə etməklə turizm potensialını genişləndirmək əsas prinsiplərdən biridir.
Bütün bunlar “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mövcud imkanlar çərçivəsində yeni turizm marşrutlarının müəyyənləşdirilməsinə, turizm xidməti sahəsində mütərəqqi üsullardan istifadə etməklə turizm potensialının gücləndirilməsinə və onlardan daha səmərəli istifadə edilməsinə nail olmağa imkan verəcəkdir.

Günel Pirquliyev
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun
böyük elmi işçisi