“İlham mənbəyim- Vətən” adlı rubrikamız doğma vətəndən uzaqlarda yaşasa da, ürəyi Azərbaycanla döyünən soydaşlarımıza həsr olunub. İlk müsahibimiz Norveçdə dünyaya göz açan Azərbaycan əsilli modelyer və diaspor fəalı, yurd sevgisini gördüyü işlərlə sərgiləyən Şervin Nəcəfpurdur.
– Şervin xanım, ilk öncə özünüz haqqında məlumat verərdiniz.
– Mən Şervin Nəcəfpur 1991-ci ildə Norveçdə doğulmuşam. Əslən Güney Azərbaycanlıyam. Modelyer fəaliyyəti ilə məşğul oluram.
– Sizdə bu sahəyə maraq nə vaxt yarandı? Özünüzü bu sahədə necə kəşf etdiniz?
– Uşaqlığımdan modaya marağım olub. Hətta indi 5-6 yaşlarımda hazırladığım geyim rəsmlərinə baxıram və çox sevinirəm ki, uşaqlıq arzuma çatıb bir modelyer kimi uğurlara nail olmuşam. Valideynlərim bu sahədə mənə çox dəstək olublar. Onların sayəsində mən xəyallarımı gerçəkləşdirə bilmişəm.
– Bəs yaradıcılığınızda Qobustan qayaüstü təsvirlərinə müraciət ideyası necə yarandı?
– Xaricdə doğulub boya-başa çatan bir azərbaycanlı olaraq hər zaman çalışıram ki, vətənə borcumu layiqli şəkildə ödəyim. Bilirik ki, hər bir sənət adamı yaradıcılığında fərqli mövzulardan ilham alır. Mən isə hər zaman öz tariximizdən və mədəniyyətimizdən ilham alıram. Bu dəfə həm də düşünürdüm, necə edə bilərəm ki, ana vətənim Azərbaycanı və yaşadığım Norveçi mədəni cəhətdən birləşdirən bir layihə təqdim edim. Bu işdə mənə Norveçin tanınmış səyyahı, etnoqraf və antropoloq Tur Heyerdalın Azərbaycana səfərləri, Ulu öndərimiz Heydər Əliyevlə görüşləri və dostluq münasibətləri ilham verdi. Qərara gəldim ki, Qobustan başda olmaqla bütün Türk dünyasına aid qayaüstü təsvirləri öz kolleksiyama daxil etməklə həm türk coğrafiyasının tarixi izlərini bütün dünyaya çatdırım, həm də Norveçi təbliğ edim. Beləliklə də, Türkiyədə “Antalya Fashion Week – 2020” adı altında keçirilən moda günlərində “Land of our origin” (Milli mirasımızın mənşəyi) adı altında kolleksiyamı təqdim etdim və təqdimatım uğurlu alındı.
Digər bir sərgimiz isə “CAN” təşkilatının təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, Tur Heyerdal İnstitutu, “Vestfold və The Viking” Planet Muzeyinin dəstəyi ilə Oslo şəhərində təşkil olundu. “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlanan sərgi yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı.
– Gələcəkdə geyimlərə yeni milli ornamentləri qatmağı düşünürsünüzmü?
– Əlbəttə, düşünürəm. Geyimlərimdə milli motivlərimizdən istifadə etməkdə əsas məqsədim milli irsimizi dünyaya tanıtmaqdır. Məhz buna görə də öz brendimi yaradıb moda sektoruna addım atdığım ilk gündən bəri hər kolleksiyamın ilhamını Türk dünyasından tapır və ona həsr edirəm. Geyimlərimdə Türk dünyasına mənsub elementlər çoxluq təşkil edir və bundan sonra da işlərimdə bu elementlərdən istifadəyə üstünlük verəcəyəm. Mənim geyimlərimdə ən çox buta təsvirinə rast gələ bilərsiniz.
– Siz həm də Norveçdə yaşayan soydaşlarımızın “CAN” Azərbaycan diaspor təşkilatının sədrisiniz. Təşkilatın yaranması və Norveçdəki lobbiçilik fəaliyyətinizdən, keçirdiyiniz mədəni tədbirlərdən danışardınız.
– Əslində, bizim Norveçdə 30 ildən çoxdur ki, diaspor fəaliyyətimiz var. Lakin biz gənc nəsil Norveç azərbaycanlıları düşündük ki, yeni bir diaspor təşkilatı yaradaq. Bu məqsədlə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “CAN” diaspor təşkilatını qurduq. Təşkilatımızın missiyası Norveç və Azərbaycan arasında güclü dostluq münasibəti yaratmaq və Azərbaycan həqiqətlərini Norveç xalqına çatdırmaqdır. Çox şadıq ki, biz bu işi layiqincə həyata keçirə bilirik. Yaradılan gündən bəri diaspor təşkilatı olaraq bir çox layihələrimiz gerçəkləşib. Diaspor fəaliyyətimiz çərçivəsində gördüyümüz maraqlı layihələrdən biri də Norveçin məşhur fotoqraf və blogerləri ilə Azərbaycana səfərimiz idi. Səfər zamanı biz Qobustan, Yanardağ və Şamaxıda olduq. Bu səfər qonaqlarımız üçün çox maraqlı oldu və onlar iki ölkə arasındakı bənzərlikləri kəşf etdilər. Mən qonaqlara azərbaycanlıların yaşam tərzi, tarixi, mədəniyyət və incəsənəti haqqında məlumat verdim. Azərbaycan xalqının qonaqpərvərliyindən, multikultural və tolerant həyat tərzindən danışdım. Həmçinin onlara izah etdim ki, əgər siz bir azərbaycanlı ilə çörək bölüşürsünüzsə, bu o deməkdir ki, həmin şəxslə əbədi dostluğunuz olacaq. Qonaqlarımız Azərbaycan mətbəxini çox bəyəndilər. Hətta mən hər dəfə Bakıdan Norveçə dönəndə onlara Azərbaycan paxlavası və içkilərini gətirməyimi xahiş edirlər.
– Hazırda 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə sayəsində xalqımız illər boyu nisgilini çəkdiyi doğma torpaqlarına qovuşdu. Bu Qələbə münasibətilə kolleksiya təqdim etməyi düşünürsünüzmü və hazırda hansı layihələr üzərində işləyirsiniz?
– Təbii ki, düşünürəm. Həqiqətən, çox sevindirici haldır ki, nəhayət, xalqımızın torpaq həsrəti sona çatdı. İnanın ki, müharibə dövründə bütün qəlbimizlə vətənimizin yanındaydıq, ürəyimiz vətən üçün döyünürdü. Mən Vətən müharibəsindəki Qələbə münasibətilə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və qəhrəman əsgərlərimizə minnətdarlığımı bildirirəm və bütün xalqımızı, doğma torpaqlarına qovuşması münasibətilə təbrik edirəm. Vətən müharibəsi dövründə Azərbaycan xalqı və eləcə də haqq səsimizə biganə qalmayan dost və qardaş ölkələr birləşdi. Azərbaycan haqqın nahaqqa, xeyirin şərə gec-tez qalib gələcəyini bir daha bütün dünyaya sübut etdi. Biz “CAN” təşkilatı olaraq müharibə dövründə Azərbaycan həqiqətlərinin Norveç xalqına çatdırılması üçün əlimizdəki bütün imkan və vasitələrdən istifadə etdik. Azərbaycan həqiqətlərindən bəhs edən məqalələrimiz yerli mətbuatda dərc olundu. Bundan öncə isə mənim Antalyada keçirilən “Moda həftəsi”ndə təqdim etdiyim “Mən bir ulduzam” layihəsi çərçivəsində “Mən Qarabağa – evimə qayıtmaq istəyirəm” adlı kolleksiyam nümayiş olunmuşdu. Həmin kolleksiyada bütün işğal olunmuş ərazilərimizin və şəhərlərimizin adı öz əksini tapmışdı. Bu kolleksiya təkcə Türkiyə və Azərbaycanda deyil, Norveçdə də çox böyük əks-səda doğurdu. Çünki biz Qarabağ mövzusunu beynəlxalq platformada ictimaiyyətə təqdim etmişdik.
– Sonda bir modelyer kimi tövsiyələrinizi bilmək istərdik.
– Mən bir brendin təqdim etdiyi geyimi hər kəsin yaraşdı-yaraşmadı alıb geyinməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, hər zaman dəbi təqib edib, dəbə uyğun geyinmək insanları eyniləşdirir. Dəb zamanla dəyişən olsa da, tərzimiz daimidir və bu, bizi fərdiləşdirir. Mənim bir modelyer olaraq tövsiyəm budur ki, hər kəs özünə yaraşanı geyinməklə öz tərzini yaratsın.
Müsahibəni apardı: Vəfa Hüseynova
Qeyd edək ki, jurnalımızın nəşrə hazırlandığı ərəfədə müsahibimizin “Antalya Fashion Week Digital – 2021” layihəsi çərçivəsində Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı yeni kolleksiyası təqdim olunub.
Dəfilədə manekenlər üzəri xarıbülbül təsvirləri ilə bəzədilmiş geyimləri “Mən Qarabağ ulduzuyam”, “Böyük Qayıdış”, “Sevgilim, səni Cıdır düzündə, Şuşada gözləyirəm”, “Sevginin gücü bizi Xudafərində birləşdirəcək” və s. bu kimi mesajlar yazılmış pankartlarla nümayiş etdiriblər. Kolleksiya moda ictimaiyyətinin böyük marağına səbəb olub.