Dərginin “Estafet” adlı bölməsi Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinə həsr olunur. Müsahibimiz Xalq rəssamı, Azərbaycan və Rusiya Rəssamlar ittifaqlarının üzvü, UNESCO yanında Rəssamlar Birliyinin üzvü, xalçaçı rəssam Eldar Mikayılzadədir.
– Deyirlər ki, xalçalar gələcəyə göndərilmiş məktublardır. Siz bu keçmişdən gələn məktubları oxuyub, ora öz yaradıcı fikirlərinizi də əlavə edib, gələcək nəsillərə yeni məktublar yazırsınız. Bir növ “estafeti” keçmişdən qəbul edib gələcəyə ötürürsünüz. Elə deyilmi? Nədir bu məktublarda yazılanlar
– İstənilən sənət adamı, ümumiyyətlə, istənilən adam dünyaya əliboş gəlib, əliboş getmək istəmir. Özündən sonra bir iz qoymaq istəyir. Bəziləri sənəti, bəziləri elmi ilə. Hər kəsin qarşılaşdığı hər hansı bir məsələyə, problemə öz fikri, öz yanaşması olur. Buna reaksiyası ola bilsin sözdə, şeirdə, xalçada qalsın. Məsələn, elə xalça var ki, onu oxuyursan, ona baxanda yeni bir şey öyrənirsən. Eləsi də var ki, insanda yeni arzular, yeni ideyalar doğurur.
– Eldar müəllim, müsahibəyə hazırlaşanda, ümumiyyətlə, xalçanın ərsəyə gəlməsi ilə bağlı sual qoymaq istəyirdim. Sonra fikrimi dəyişdim. Gəlin birbaşa “Yaranış”dan danışaq, mürəkkəb kompozisiyalı “Yaranış” əsərinizdən.
– Bilirsiniz, elə xalça var ki, tam təsadüfdən yaranır. Necə ki, “Yaranış” adi bir əhvalatdan doğdu. Bir dəfə Amerikadan rəsmi qonaqlar gəlmişdi, iki saata yaxın əlavə vaxtları var idi. Qonaqları vaxtları maraqlı və səmərəli keçsin deyə mənim emalatxanama göndərdilər. Qonaqlara əyani olaraq xalçanın toxunma qaydasını göstərdim. Onlarda qəribə bir sual yarandı ki, biz elə bilirdik xalça ağ ərişlə toxunur və sonradan rəngli boyalarla üzərinə naxışlar, müxtəlif təsvirlər çəkilir. Açığı, bu cür yanaşma xoşuma gəlmədi və hətta bir az əsəbiləşdim ki, necə yəni, axı hər xalça üçün nə qədər əziyyət çəkilir. Özü də tək mənim yox ha, xalqın da əziyyəti böyükdür. Xalçanın ərsəyə gəlməsində, yaranmasında xalqın zəhməti danılmazdı. Qoyunların otarılmasından, yununun qırxılıb əyrilməsindən tutmuş hazır xalçanın bazarda satılmasına qədər xalqın çəkdiyi zəhmət göz qabağındadır. Bundan əlavə, xalçanın xalqın həyatında oynadığı rol böyükdür. Keçmişdən indiyə qədər xalça bir ailənin qurulmasındakı rolundan başlayaraq dövlətin iqtisadi amillərinə qədər önəmli yer tutur. Əvvəllər toxunacaq xalça üçün kələfin açılma mərhələsi yeni qohumluq əlaqələrinin yaranmasına səbəb olurdu. Belə ki, gənc qızla oğlanı tanış etmək üçün kələfi keçirərdilər oğlanın qoluna, qız isə ipin bir ucundan başlayaraq yumağı dolamağa başlayırdı. Yumaq bitənə qədər oğlanla qızın arasında tanışlıq yaranırdı. Beləcə, xalça toxuma prosesi yeni ailələrin qurulmasına vəsilə olurdu. Eyni zamanda yundan hazırlanmış ipdən çeşidli parça və xalçaların istehsalı dövlətin iqtisadiyyatına da müsbət təsir göstərir. Yəni xalçanın yaranışı həm bütöv bir dövlətin, həm də bir ailənin yaranışı deməkdir. Gördüyünüz kimi, adi bir hadisədən doğulub “Yaranış”. Onu da qeyd edim ki, “Yaranış” Almaniyanın Frankfurt şəhərində beynəlxalq sərgidə qızıl medala layiq görülüb.
– Bildiyimə görə, “Şəki qrupu” xalçalarının yaradıcısı hesab edilirsiniz. Bu barədə ətraflı məlumat verərdiniz.
– Mən Şəkini çox sevirəm. Şirvan, Bakı, Qarabağ, Qazax, Gəncə, Təbriz… Azərbaycanın əksər bölgələrinin xalça qrupu, xalça məktəbi var. Yeganə bölgəmiz Şəkidir ki, onun xalça məktəbi yox idi. Bu məni çox düşündürürdü ki, necə olub, bu cür mədəniyyəti zəngin olan bir şəhərin məxsusi xalçası yoxdur. Araşdırmalar başlandı və gördüm ki, bunun obyektiv və subyektiv səbəbləri var. Şəkinin əsas xammalı ipəkdir. İpəkdən toxunan xalçanın üz görünüşü çox gözəl olur, həm parıldayır, həm göz oxşayır, amma yan görünüşünün isə əksinə, gözə xoş gəlməyən ləkə-ləkə görüntüsü olur. Sırf bu xüsusiyyətinə görə, materialın özünün tələbi ilə Şəkidə xalça sənəti inkişaf etməyib. Parçada isə bu yan görünüş olmadığına görə üstünlük parça istehsalına verilib. Dedim bir halda ki, belə olub, demək, tarixi ədalətsizliyi bərpa eləmək lazımdır. İndi daha o dövr deyil, indi ipək də var, yeni texnikalar da var. Xan sarayından, Şəki kəlağayılarından, tikmələrindən, Şəkinin hər maddi-mədəni sərvətindən bir element götürüb yeni kompozisiyalar işləməyə başladıq. Beləliklə, 13 yeni xalça yarandı – Şəki xalçaları. Sonradan Heydər Əliyev Fondunun dəstəyi ilə onlar toxundu və Fransada çox uğurla sərgiləndi.
– Eldar müəllim, istərdim ki, “Kəhkəşan”dan da danışasınız.
– Bu barədə birinci dəfə mənə Lətif Kərimov danışmışdı və tarixi mənbələrə istinadən kitabında da VII əsrdə İranda belə bir xalçanın toxunmasından bəhs etmişdi. Həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunubmuş. “Xosrovun baharı” (Bəzi mənbələrdə “Baharıstan” və “Zimistanə” kimi də qeyd olunub) adlanan bu qədim xalını Sasanilərin sarayından ərəblər qənimət kimi aparıblar və 40 sərkərdə arasında narazılıq düşməsin deyə 40 kiçik hissəyə bölüblər. Bütün bu məlumatların tarixi mənbələrdə qeyd olunmasına baxmayaraq, həmin xalçanın texnoloji olaraq necə ərsəyə gəldiyi barədə heç bir məlumat qalmayıb. Çox istəyirdim ki, bu texnologiyanı yenidən bərpa edim. Elə oldu ki, Allahın köməkliyi ilə istək və imkanımız üst-üstə düşdü. Çünki bu çox baha başa gələn və çox çətin bir proses idi. Eyni zamanda da mənəvi yükü böyük olan bir iş idi. İstədim adi, sıradan bir xalça yox, mənası, mövzusu olan bir sənət əsəri olsun. Düşündüm ki, daş-qaşın parıltısı nəyə bənzəyir, nəyi xatırladır – göydəki sayrışan ulduzları. Buradan yola çıxaraq başladım ulduzların, planetlərin, bürclərin tarixini araşdırmağa. Beləliklə, iş 5 ilə yaxın bir müddətdə tamamlandı. Qeyd edim ki, “Kəhkəşan”ın toxunmasında yun, pambıq, ipək saplarla yanaşı, 1300 qramdan artıq qızıl saplardan, həmçinin 725 ədəd qiymətli daş-qaşdan istifadə olunub.
– Keçək “Müstəqillik dövrü pulları” na. İstəyirəm milli valyutamızın ərsəyə gəlməsi, keçdiyi mərhələlər barədə söz açasınız.
– Bununla bağlı müsabiqə elan olunmuşdu və mənim eskizlərim qalib oldu. Bu bir şans idi ki, mənim bəxtimə düşdü. Mən çox şanslı biriyəm ki, müstəqilliyimizə mənim də bir qatqım oldu. Bu tarixi hadisənin iştirakçısı olmaq insan üçün böyük şərəf və sevincdi. O vaxt Sovetlər Birliyindən ayrılan respublikalar arasında öz milli valyutalarını birinci buraxmaq üçün bir növ yarış gedirdi. Çünki milli valyutanın buraxılması müstəqilliyin rəmzi hesab olunur. Əgər bir dövlət, doğrudan da, müstəqildirsə, ilk addımlarından birini özünün milli valyutasını dövriyyəyə buraxmaqla atır. Pulların ilk nümunələri Parisdə çapdan çıxanda onları götürməyim və Vətənə gətirməyim bir nağıl kimi gəlirdi mənə. O an mən hiss etdim müstəqilliyi. Hiss etdim ki, doğrudan da, Azərbaycan artıq müstəqil dövlətdir.
– Eldar müəllim, deyəsən, yaradıcılığınızda Qobustana müraciət etməmisiniz?
– Vaxtilə müraciət etmişəm, amma xaricə göndərilib. Hətta sonra o xalçanın fraqmentlərindən kiçikölçülü hədiyyəlik suvenir-xalçalar da toxudum. Təəssüf ki, fotosu yoxdur. Ümumiyyətlə, bir çox xalçalarımın fotosu qalmayıb.
– Azərbaycanda rəssamlığın bünövrəsi Qobustanda qoyulub. Oradan başlayır “estafet”. Bu gün o “estafet” sizə ötürüldü. Sizdən isə növbəti müsahibimizə…
– Mənə ötürüldü demək bir az böyük çıxdı. Mənim işlədiyim xalçaları deməzdim, amma qədim xalçalar, xüsusilə xalq yaradıcılığının məhsulu olan xalçalar daşıyır o “estafet”i. Çünki Qobustan qayalarında təsvir çəkənlər rəssam deyildilər və onlar qarşılarına məqsəd qoymamışdılar ki, qayaları rəsmlərlə bəzəsinlər, bu, sadəcə, gündəlik yaşadıqlarını, müşahidə etdiklərini yaddaşlarda saxlamaq vasitəsi idi onlar üçün. Bəlkə də onların danışıq dili, ünsiyyət vasitəsi və ya arzu-istəkləri idi çəkdikləri. Çünki bizim nənələrimiz də arzu-istəklərini çeşnisiz olaraq xalçaya çevirirdilər, xalça ilə “danışırdılar”, bir növ ünsiyyət vasitəsi idi xalça. Mən həmişə deyirəm, bizim xalçaların dünya xalça məktəblərinin içində ən böyük gözəlliyi, özəlliyi ondadır ki, Azərbaycan xalçaları interaktivdir, canlıdır. Toxucu xalça toxuyan zaman o anda keçirdiyi hiss və həyəcanını, əhval-ruhiyyəsini də ilmə-ilmə xalçaya toxuyur. Nənəmizin bu il toxuduğu xalça ilə gələn il toxuduğu xalça fərqli idi. Çünki həyatında dəyişiklik baş verirdi və hər şey o xalçada hiss olunurdu. Bu mənada bizdən çox nənə-babalarımız toxuyan xalçalar Qobustan rəsmləri ilə eyni ruhdadırlar, eyni məqsəd daşıyırlar. Yəni, mənim rolum azdır. Mənim xalçalarım qəzəldir, muğamdır, amma onlar bayatıdır, aşıq musiqisidir.
Müsahibəni apardı: Səidə Musayeva