Multikulturalizm – çoxmədəniyyətlilik məfhumunun sinonimidir və ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” mənasını verir. Çoxmədəniyyətlilik dedikdə isə, ilk növbədə, etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. “Multikultural və tolerant Azərbaycan” adlı rubrikamız Azərbaycanın tarixən sahib olduğu çoxmədəniyyətlilik və tolerantlıq ənənəsinin təbliğinə yönəlib.
Müsahibimiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovdur.
– Rəvan müəllim, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri özünü necə təzahür etdirir?
– Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu multikultural ənənələrin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı coğrafi ərazi olub. Bu mədəni müxtəlifliyə baxmayaraq burada yaşayan xalqlar həmişə qarşılıqlı anlaşma və hörmət çərçivəsində yaşayıblar. Bu bizim mənəvi sərvətimiz, mənəvi zənginliyimizdir. Çox zaman biz xarici ölkələrdə olanda bizə sual verirlər ki, Azərbaycanda multikulturalizmin belə uğurla inkişaf etməsinin səbəbi nədir? Əlbəttə, burada bir çox faktorlar var, amma əsas faktorlardan biri multikultural dəyərlərin Azərbaycan xalqının özünün mənəvi irsi olmasıdır. Bir məfhumun dövlət siyasəti müstəvisinə qaldırılması üçün onun hüquqi çərçivəsi və sosial bazası olmalıdır. Bu sosial baza Azərbaycan xalqının milli-mənəvi keyfiyyətləridir. Multikulturalizmin hüquqi çərçivəsini və siyasi modelini isə Ulu öndər Heydər Əliyev çox uğurla qurub.
– Ölkə əhalisinin tərkibi, etnik-milli birliklər haqqında qısaca məlumat verərdiniz?
– Azərbaycanda 30-a yaxın xalq yaşayır. Bu o deməkdir ki, burada 30-dək fərqli mədəniyyət mövcuddur. Bu mədəniyyətlərin hər biri burada müəyyən tarixi dövr ərzində formalaşıb. Onlara qarşı heç vaxt ayrı-seçkilik münasibəti olmayıb. Ta qədimlərdən bu günə qədər Azərbaycanda yaşayan heç bir xalq öz dilini, öz inanclarını və mədəniyyətini itirməyib. Məsələn, 1836-cı ildə udilərin kilsələrinin yeparxiyası ləğv olunub Qriqoryan kilsəsinə verilsə də, onlar heç vaxt gedib Qriqoryan kilsəsində ibadət etməyiblər, 70 il Sovet hakimiyyəti dövründə sıxışdırılsalar da, onlar öz evlərində ibadətlərinə davam edərək alban inanclarını qoruyub saxlaya biliblər. Müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti udilər də daxil olmaqla bütün xalqlara öz mədəniyyətlərini, inanclarını və dillərini qorumaq hüququ verib. Bu gün hər kəsin orta və ali məktəblərdə öz dillərində təhsil almaq, öz mədəniyyətlərini təbliğ etmək hüququ var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də burada yaşayan hər bir xalqa öz mədəniyyətlərini və inanclarını saxlamaqda maddi və mənəvi dəstək üçün fəaliyyət göstərir. Bizim məqsədimiz Azərbaycanda yaşayan müxtəlif mədəniyyətləri təbliğ etmək, onların zənginliyini ortaya qoymaq, onların ümumi Azərbaycan mədəniyyətinə qatdığı dəyərləri geniş çərçivədə nümayiş etdirməkdir.
– Multikulturalizmin Azərbaycan modeli nədir və spesifik xüsusiyyətləri hansılardır?
– Bu gün dünyada çox az ölkə tapa bilərsiniz ki, monokultural və monokonfessional ölkə olsun. Monokultural və monokonfessional ölkələrə misal olaraq qonşu Ermənistanı göstərmək olar. Burada hər hansı müxtəliflikdən danışmaq mümkün deyil. Amma müxtəlifliyin mövcud olması da, həmin dövlətin multikulturalizm siyasəti həyata keçirdiyini söyləməyə kifayət edəcək əsas deyil. Çünki müxtəliflik multikulturalizmin yalnız bir komponentidir. Əlbəttə ki, cəmiyyətdə çoxmədəniyyətli və çoxkonfessiyalı bir struktur olmasa, multikulturalizm siyasəti həyata keçirilə bilməz. Azərbaycan multikulturalizminin unikallığı ondan ibarətdir ki, dövlət yalnız cəmiyyətdə multikulturalizmin mövcud olmasına icazə vermir, eyni zamanda onun inkişafını dəstəkləyir. Burada söhbət təkcə mənəvi dəstəkdən deyil, həm də maddi dəstəkdən gedir. Azərbaycan nadir ölkələrdəndir ki, burada sinaqoqlar da, kilsələr də, məscidlər də dövlət vəsaiti hesabına tikilir, bərpa olunur. Qeyd edim ki, ölkəmizdə cəmi 3000-ə yaxın insanın danışdığı Xınalıq dili də dövlətimiz tərəfindən qorunur, bu dildə kitablar nəşr olunur. Deməli, müxtəliflik bir məhsul, xammaldır. Müxtəlifliyə olan münasibət isə dövlətin modelini ortaya qoyur. Bizim müxtəlifliyə münasibətimiz müxtəlifliyi qorumaq və genişləndirməkdən ibarətdir.
– Azərbaycanın beynəlxalq multikulturalizmə və tolerantlığa hansı qatqıları olub?
– Bilirsiniz ki, 90-cı illərdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda bütün sahələrin sürətli inkişafına gətirib çıxardı. Azərbaycan Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ideoloji müstəvidə də özünüyeniləmə mərhələsi yaşadı. Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizmi qlobal müstəviyə qədəm qoydu və yeni çağırışlara qoşuldu. Bu, mədəniyyətlərarası və dinlərarası dialoq çağırışı idi. 2008-ci ildə start götürən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” özündə bir çox humanitar forumları birləşdirirdi. Bu forumların keçirilməsi artıq regional sabitliyə və qlobal sülhə xidmət edirdi. Biz hətta müharibə şəraitində olanda da bildirirdik ki, bizim savaşımız qətiyyən bir mədəniyyət, bir inancla bağlı savaş deyil. Bizim savaşımız ərazilərimizin işğalına qarşıdır. 44 günlük Vətən müharibəsi ərəfəsində də Azərbaycan öz tolerantlıq ənənələrindən vaz keçmədi. Müharibənin ən qızğın dövründə cənab Prezident İlham Əliyev Qəbələdə, Nic qəsəbəsində kilsənin açılışını etdi. Bu, Qarabağda xristian irsinin təhlükə altında olması barədə irəli sürülən ittihamlara ən gözəl cavab idi. Bu, bir daha sübut edirdi ki, Azərbaycanda nə xristian, nə yəhudi irsi, nə də digər dinlər heç vaxt təhlükə altında olmayıb. Buradakı abidələrin çoxu XII- XIII əsrlərə aid abidələrdir və onlar bu zamana qədər necə qorunubsa, bundan sonra da qorunacaq və bərpa olunacaqdır.
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmasından ötən illər ərzində hansı işləri görüb? Gələcəkdə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulur?
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılarkən qarşımızda duran əsas məqsəd Azərbaycanın multikulturalizm modelini elmi müstəvidə öyrənmək, öyrətmək, təbliğ etmək və bu istiqamətdə yeni proqnozlar formalaşdırmaqdan ibarət idi. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yalnız Azərbaycanda deyil, bütün dünyada qəbul olunan mərkəzə çevrilib. Bizim dünyada belə qəbul olunmağımızın əsas səbəbi ölkə başçısı tərəfindən multikulturalizm siyasətinin dövlət siyasətinə çevrilməsi və Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən tədbirlər idi. Heydər Əliyev Fondu tərəfindən, mədəniyyətlər arasında fərq qoyulmadan kilsələrin, sinaqoqların bərpa olunması bir daha dünyaya sübut etdi ki, Azərbaycan, həqiqətən də, mənəvi dəyərlərə hörmətlə yanaşan ölkədir. Bütün bunlar mərkəzimizin həmin ölkələrdə daha asan qəbul edilməsinə zəmin yaratdı. Biz mərkəz olaraq dünya mətbuatı ilə, aparıcı beyin və elm mərkəzləri ilə sıx əməkdaşlıq etdik, tədris müstəvisində, gənclər istiqamətində fəaliyyət göstərdik, müxtəlif xarici dillərdə kitablar nəşr etdik. Mərkəzin nəşrləri Xınalıq dilindən Çin dilinə qədər, yəni ən azsaylı xalqdan ən çoxsaylı xalqa qədər bütün dilləri əhatə edir. Mərkəzin dünyada nüfuzu olan elmi jurnalı fəaliyyət göstərir. Bilirsiniz ki, Qafqaz Albaniyasının mədəni irsini mənimsəmək istəyən qüvvələr, dövlətlər mövcuddur. Ancaq alimlərin, tarixçilərin araşdırmaları, ortaya qoyulan faktlar siyasətçilərin ifadə etdikləri sözlərdən daha kəsərli, daha əhəmiyyətli olur. Məhz buna görə də biz Azərbaycanın tarixi-mədəni irsinin ayrılmaz tərkib hissəsi olan Qafqaz Albaniyasının irsinin öyrənilməsi, bu mirasın Azərbaycan xalqına mənsubluğunun bütün dünyaya sübut olunması istiqamətində də geniş elmi fəaliyyət göstəririk.
– Multikulturalizmin Azərbaycan modelinin tədrisi istiqamətində görülən işlər barədə də danışardınız.
– Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsi ilə Azərbaycanın ali təhsil ocaqlarının bütün ixtisaslar üzrə həm bakalavr, həm magistr pilləsində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur. Bu fənn məcburi fəndir və imtahanla nəticələnir. Bu fənnin tədris olunmasının əhəmiyyəti çox böyükdür. Milli dəyərlərimizin xalqımızın formalaşmasında və milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu olduğu üçün onların qorunaraq gələcək nəsillərə çatdırılması və öyrədilməsi bu gün də çox aktualdır. Biz çalışırıq ki, yetişməkdə olan gənc nəsil, həqiqətən də, multikulturalizmin nə olduğunu tam mənası ilə qavrasın. Qeyd edim ki, multikulturalizmin fənn kimi tədrisi çox böyük effekt verib. Hazırda bizim dünyanın 9 ölkəsində filiallarımız, 24 universitetlə sıx əməkdaşlığımız var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olan könüllülər, eyni zamanda burada təcrübə keçən şəxslər multikulturalizm sahəsində biliklərə yiyələnirlər. Bura ali təhsil ocağı olmasa da, bilik verən bir müəssisədir. Mərkəzimiz tərəfindən təşkil olunan yay-qış məktəbləri sayəsində artıq yüzlərlə xarici gənc Azərbaycanın dostuna, gənc səfirinə çevrilib. Mərkəzin dünyanın hər yerindən üzvləri var və bu üzvlərin sırası genişlənməkdə davam edir.
– Multikulturalizm siyasəti azərbaycançılıq ideyasının təbliğinə hansı töhfələri verir?
– Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Azərbaycançılıq ideyasının məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış azərbaycançılıq ideyası Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ən yüksək mərhələsinə qədəm qoydu. Ümummilli lider vurğulamışdır ki, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.
Azərbaycanda multikulturalizm siyasəti və azərbaycançılıq ideyası qarşılıqlı olaraq bir-birinə töhfə verib. Bu gün dünyada dini və etnik zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq və multikulturalizm kimi dəyərlər Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Biz hazırda bu istiqamətdə fəaliyyət göstəririk və inanırıq ki, Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli dünyanın siyasi arenasında daim ön sırada dayanacaqdır.
Müsahibəni apardı: Vəfa Hüseynova