“Muzeymaniya” bölməsi muzeysevərlərə həsr olunub. Bu bölmədə onların muzeylər haqqında esseləri yer alacaq. “Qobustan” adlı ilk essenin müəllifi Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə Heyətinin üzvü, səyyah və fotoqraf İradə Qədirovadır.
QOBUSTAN
Yerlər var ki, sadəcə, yerdir. Yerlər var ki, sadəcə, muzeydir. Qobustan isə xüsusi bir məkan, fərqli bir dünyadır.
Qobustanla ilk tanışlığımı tarix olaraq xatırlamıram. Amma Qobustanla ilk tanışlığım zamanı keçirdiyim hissləri, yaşadığım fantastik duyğuları əsla unutmuram. Hər şey Qobustan abidələrinin ilk tədqiqatçısı, arxeoloq İshaq Cəfərzadənin 1939-cu il araşdırmaları zamanı çəkdiyi fotolarla başladı. Buna bir foto ilə başlayan yolçuluq deyirəm bəzən. Elə bir yolçuluq ki, hər səfərimdə Qobustanı mənə yenidən, təkrar-təkrar kəşf etdirir və sevdirir.
Qobustana qədəm basdığım andan sanki özümü, real həyatın qayğılarını unudur, buranın ecazkar və sehrli aurasıyla tilsimlənirəm. Buradakı qayaüstü təsvirləri seyr etdikcə özümü mistik bir dünyanın içində görürəm. Qədim rəssamların ibtidai dövrün əmək alətləri ilə yaratdıqları bu möhtəşəm əsərlər məni gerçək dünyadan qoparıb çox qədim zamanlara aparır. Təsvirlərə o qədər aludə oluram ki, qədim rəssamların iş prosesi xəyalımda canlanır. Bu əsərləri yaradan məharətli rəssamların kimliyini düşünürəm. Gözlərim müasir rəssamların əsərlərinə qoyduğu imzalar kimi, qədim rəssamlardan qalmış, onları fərdiləşdirən bir nişanə, bir iz axtarır…
Dərin düşüncədən məni bələdçi xanımın səsi ayırır. Bələdçinin təqdimatında qayaüstü təsvirlər, yaşayış yerləri, kurqanlar haqqında məlumatları böyük maraqla dinləyən ziyarətçi qrupu mənim dayandığım yerdən tədricən uzaqlaşır. Mən yenidən sakitliyə qapılır, təbiət və sənətin vəhdətindən yaranan bu möcüzə ilə baş-başa qalıram. Özümü yenidən bu sehrli dünyanın ağuşuna buraxıb, hər şeyi öz ruhumla hiss edir, duyur, anlamağa can atıram. Qayalar arasında dolaşdıqca Üst Paleolitdən ta Orta əsrlərə qədərki tarixi dövrü özündə əks etdirən Qobustanın təsəvvüf dünyasına necə qucaq açdığının şahidi oluram. Məni bu suallar düşündürür. Minilliklər öncə ünsiyyətsiz, rabitəsiz dünyada Qobustan insanları özünə necə cəlb edib? Ulu əcdadlarımız niyə məhz buranı özlərinə məskən seçib? Niyə məhz Qobustan? Nədir onu bu qədər sirli-sehrli edən?… Suallarım cavabsız qalır. Çünki bir çox duyğuların sözlə ifadəsi olmadığı kimi bəzi sualların da cavabı olmur. Gəldiyim qənaət isə budur: Qobustan dərin bir ilahi enerjinin mərkəz yeridir! Tarixi dövrlərin qovuşduğu bu məkan mənə qeyri- adi ovqat, tərifsiz duyğular, ruhuma dinclik bəxş edir. Qobustan əfsanədir, Qobustan möcüzədir… Mən Qobustanı təkcə qədim insan məskəni kimi dolaşmıram, mən həm də buranın mistik aurasını bütün varlığımla hiss edə bilirəm.
Xəyalım Erkən Tunc dövründən başlayaraq təxminən 5000 illik yaylaq-qışlaq maldarlığına aid həyat tərzini canlı şəkildə əks etdirən qədim qışlaqların yerləşdiyi böyük Qobustan çöllərində dolaşır. Düşüncəmin gücü ilə o yerləri gəzirəm… Qışlaqlarda qalanmış ocaqların istisi ruhumu isidir… Tarixin uzaq keçmişindən başlayan Qobustan yolçuluğumu qışlaqlara səyahətlə bitirmək üçün o yerlərə tələsirəm…