XII əsrin ortalarında, Azərbaycanda Ərəb xilafətinin yerinə Səlcuq türklərinin gəlişindən təqribən yüz il sonra böyük şair və mütəfəkkir, epik dastan yaradıcılığında yeni üslubun banisi kimi dünya şöhrəti qazanan, Şərq və dünya intibahının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaşayıb-yaratmışdır.
Nizami dövründə Səlcuq türklərinin gəlişindən sonra ərəb dili öz hakim mövqeyini itirməyə başladı. Orta Asiyadan çıxan Səlcuqlular həmin bölgədə onlara yaxın olan fars dilini dövlət dili kimi qəbul etdilər. Bununla da İslam dünyasının və Səlcuqlar dövlətinin bir parçası olan Azərbaycanın Şimal bölgəsində farsdilli poeziyanın olduqca rəngarəng, zəngin və güclü məktəbi yarandı. Bu məktəbə “şairlər sultanı” Nizami Gəncəvi başçılıq edirdi.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətləri tərənnüm edən ölməz və bənzərsiz yaradıcılığı səkkiz əsrdən artıqdır ki, bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. XII əsr Azərbaycanın intibah dövrü ədəbiyyatının söz və elmi-fəlsəfi fikir aləminin karifeylərindən biri olan Nizami Gəncəvi bütün həyatı boyu ümumbəşəri ideyaların, humanist və demokratik yönümlü fikirlərin, habelə sosial ədalət ideyalarının təbliğatçısı olmaqla, əsərlərində insan haqlarının müdafiəsini, şəxsiyyət azadlığını parlaq şəkildə təcəssüm etmişdir.
Şərqdə Nizami yaradıcılığı hər zaman çox yüksək qiymətləndirilib. Nizaminin “Xəmsə”sinə uzun əsrlər boyu bir sıra dillərdə yazılmış çoxsaylı nəzirələr onun irsinin nüfuz və təsirinin bariz göstəricisidir. Bu yöndə qələmini sınamaq istəyənlər onun əsərlərini örnək bilərək söz sənətində Nizami kimi yetkinləşmək, yüksək məqam tutmaq və həmin zirvəyə ucalmaq arzusunda olmuşlar. Qeyd etmək lazımdır ki, Şərqdə əsas diqqət şairin irsində yer alan elm, hikmət, əxlaq və mənəvi dəyərlərin ilkin qaynaqlar əsasında dərk edilməsinə yönəlmişdir, çünki ensiklopedist biliklərə sahib mütəfəkkirin yüksək poetik istedadından doğan məzmunlardan estetik zövq almaq yalnız bu müstəvidə mümkün idi. Eyni zamanda, şairin irsinin klassik ənənələrə uyğun şəkildə şərhi istiqamətində bir çox dəyərli işlər görülmüşdür.
Nizaminin bədii irsi Azərbaycan və dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilmişdir. Şərqin Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Əbdürrəhman Cami və başqa neçə-neçə dahi şairləri Nizami poeziyasının layiqli davamçıları olublar. Nizami Gəncəvinin əsərlərindəki ümumbəşəri çağırışların əks-sədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Şekspir, Höte və başqa nümayəndələrinin, XIX əsrdən etibarən isə rus şairlərinin yaradıcılığında da duymaq mümkündür.
Ölkəmizdə dahi şairin ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində ilk addım şairin 1939-cu ildə 800 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı qərarın qəbul olunması olsa da İkinci Dünya müharibəsinin başlaması nəticəsində yubileyin keçirilməsi 1947-ci ildə mümkün olmuşdur.
Ötən əsrin 70-ci illərindən isə respublikamızda klassik ədəbi irsimizin öyrənilməsi baxımından yeni, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan mərhələ başlanmışdır. Həmin dövrdə Ümummilli liderin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar dahi şairin irsinin və ümumən Azərbaycan ədəbiyyatının və mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmış, 1981-ci ilin avqustunda Nizami Gəncəvinin anadan olmasının 840 illiyinin qeyd olunması haqqında qərar isə nizamişünaslığa böyük töhfə olmuşdur. Dahi sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli olan yubiley tədbirlərinin o dövrdə ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran səbəbilə keçirilməməsini nəzərə alan Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev 2011-ci ildə dahi şairin 870 illik yubileyinin geniş şəkildə qeyd olunması üçün Sərəncam imzalamışdır. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli sərəncamı isə təkcə Azərbaycan klassik ədəbiyyatının zirvəsi hesab olunan Nizami yaradıcılığına və Azərbaycan ədəbiyyatına deyil, ümumilikdə bəşər mədəniyyətinə verilən dəyərdir. Cənab İlham Əliyev tərəfindən dahi Nizaminin tarixi irsinə göstərilən bu diqqət və qayğı xalqımızın həyatında əlamətdar mədəni hadisəyə çevrilmişdir. Qeyd edilən tədbirlər çərçivəsində Nizami irsinin öyrənilməsi və tanıdılması məqsədi ilə şairin əsərləri nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmiş, qüdrətli sənətkarın ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmış, şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi uğurla fəaliyyət göstərir. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Nizami Gəncəvi bütün yaradıcılığını bəşəri dəyərlərin təbliğinə həsr etmişdi. Şərq bədii təfəkkürünü ümumbəşəri ideyalarla, elmi-fəlsəfi fikirlərlə zənginləşdirən qüdrətli söz ustadının yaradıcılığı dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Nizami Gəncəvinin dünyanın zəngin kitabxanalarını bəzəyən əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir, şairin ölməz bədii irsi ilə dünyanı bürüyən əbədi şöhrətinə şöhrət qatır.
Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynamışdır. Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir. Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir.
“Nizami Gəncəvi ili” çərçivəsində şairin əsərləri müxtəlif dillərə tərcümə olunaraq yenidən nəşr edilmiş, mütəfəkkir şairin irsini təbliğ edən silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri də, ötən ilin 24-26 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda beynəlxalq forum olmuşdur. Forumda dahi şairin zəngin yaradıcılığı ilə bağlı panel müzakirələr aparılmış, təqdimatlar, ikitərəfli görüşlər keçirilmiş, forumun səkkiz bənddən ibarət kommünikesi qəbul edilmişdir. Kommünikedə forum iştirakçıları Nizami Gəncəvi irsində ehtiva olunan ümumbəşəri çağırışların çağdaş dünyamızdakı aktuallığını və müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycanda keçirilməsini təklif ediblər. Bu dialoq platformasının ölkəmizdə keçirilməsi Azərbaycanın bir daha mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq, dayanıqlı inkişaf və digər mütərəqqi ideyaların təbliğatçısı kimi dünyada tanınmasına vəsilə olacaqdır.
Elnur Əliyev
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri