Dünyada təkrarolunmaz qayaüstü incəsənət landşaftı və qayaüstü incəsənətlə bağlı arxeoloji irsi ilə tanınan Qobustan zəngin qayaüstü təsvirlərə malik olmaqla təkcə ölkəmizin deyil, həm də dünyanın çox az sayda bu tipli abidələri sırasında xüsusi yer tutur. Buradakı Üst Paleolit dövrünün sonundan Orta əsrlərədək olan 15-20 minillik dövrü əhatə edən qayaüstü təsvirlərin mövzusu və onların lokal ərazidə cəmləşməsi qədim cəmiyyətlərin mənəvi və maddi mədəniyyətini, həmçinin ərazinin flora və faunasını öyrənməyə imkan verir
Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə görkəmli tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən Cingirdağ və Yazılıtəpədə aşkar edilmişdir. Qobustan abidələrinə burada aparılan arxeoloji və elmi tədqiqatlar zamanı Daş dövrünə və sonrakı dövrlərə aid mədəni dəyərlərə 20 mağara-yaşayış yeri, 40 kurqan, 1000 qaya üzərində 7000-dən artıq qayaüstü təsvir, qədim yaşayış məskənləri və dəfn yerləri, sitayiş yerləri – ibadətgahlar, 15000 il ərzində bu yerlərdən fasiləsiz istifadə olunduğunu sübut edən müxtəlif dövrlərə aid çoxsaylı mağara və sığınacaqlar daxildir.
Qobustan qayaüstü təsvirləri mövzu müxtəlifliyi, süjet orijinallığı və müəyyən bədii ustalığı ilə seçilir. Qayalarda kişi və qadın, vəhşi öküz, keçi, maral, şir, vəhşi ceyran, at, it, canavar, donuz təsvirlərinə rast gəlmək olar. Həmçinin atlı və piyada ov səhnələri, döyüş səhnələri, kollektiv əmək səhnələri, qurban kəsmə və biçin səhnələri qeydə alınmışdır. Müasir Azərbaycan xalq rəqsi olan “Yallı”nı xatırladan tək və qrup halında mərasim rəqslərinə təsadüf olunur. Qayaüstü təsvirlər vaxtilə mövcud olmuş daha isti və rütubətli iqlim şəraitində yaşamış insanların ovçuluq və balıqçılıqla məşğul olduğundan xəbər verir.
Qobustan abidələrinin tədqiqatından söz açarkən İshaq Cəfərzadə ilə yanaşı digər tarixçi alimlər – arxeoloq Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın da əməyini xüsusi qeyd etmək lazımdır. Tədqiqatlar zamanı burada yaşayış məskənləri ilə yanaşı müxtəlif tipli qəbir abidələri, xüsusilə çoxsaylı kurqanlar arxeoloji qazıntılar vasitəsilə öyrənilmişdir. 1960-cı illərdən arxeoloq Füruzə Muradova tərəfindən Qobustan ərazisində Tunc və sonrakı dövrlərə aid olan 40-a yaxın kurqanda qazıntı və tədqiqat işləri aparılmışdır. Orada gil qablar, bəzək əşyaları (əsasən balıqqulağından muncuqlar, çay daşından amuletlər), silahlar və digər materiallar aşkar edilmişdir. Tunc dövründə yaradılan bu kurqanlarda, güman ki, yerli tayfaların əyanlarını və ya cəmiyyətdə sosial statusuna görə fərqlənən digər insanları dəfn edirdilər. Qobustanda aparılan tədqiqat işlərinin nəticələri əsasında unikal, özünəməxsus landşaftı da nəzərə alınmaqla, Azərbaycan SSR Nazirlər Sovetinin 503 saylı qərarı ilə 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarix-Bədii Qoruğu elan edilib.
Qobustanda yalnız Üst Paleolit dövrünün deyil, həm də Mezolit, Neolit və Eneolit dövrlərinin mədəni təbəqələri aşkar edilmişdir. Aşkar olunmuş daşdan, sümükdən və obsidiandan alətlər, həmçinin məhv olmuş flora və fauna qalıqları qədim dövrlərdə Qobustanın coğrafi mühitinin öyrənilməsi baxımından qiymətli materiallardır.
Daşlar üzərində həkk edilmiş qədim yazılar qiymətli tarixi mənbədir. Bu baxımdan Qobustanda Böyükdaş dağının cənub-şərq ətəyində iri qaya üzərində qeydə alınmış Roma kitabəsi tarixi sənəd kimi böyük əhəmiyyətə malikdir. Bu abidə romalıların XII ildırımsürətli legionunun və ya onun senturiyasının imperator Domisianın hakimiyyəti dövründə (eramızın 81-96-cı illəri) Şərqi Azərbaycanda – Qobustan ərazisində olmasına şahidlik edir.
Kitabədə deyilir: “İmperator Domisian Sezar Avqust Germanskinin dövrü Lutsi Yuli Maksim XII ildırımsürətli legionunun senturiyası”. Qeyd edək ki, 2019-cu ilin iyul ayında Qobustanı ziyarət edən Avropa Birliyi Şurasının prezidenti cənab Donald Tusk Qobustandakı “Roma yazısı” abidəsini Avropa ilə Azərbaycan arasında əlaqələrin dərin tarixə malik olduğunun sübutu kimi dəyərləndirmişdir.
Qobustan qayaları arasında pir – ibadətgahların qalıqları da aşkar olunmuşdur. Onların yaxınlığında qaya divarlarında qayaüstü rəsmlər qeydə alınmışdır. Qobustan ətrafında pir – ibadətgah ansamblı hamar zirvəli dağların mənzərəsini tamamlayır. Kiçikdaş dağında Qaraatlı piri yerləşir. Zəvvarlar indi də buradakı ibadətgah – pirləri (Sufi Novruz, Sufi Həmid, Hürü qızları və Qaraatlı) ziyarət edirlər.
Qobustan abidələri arasında mağaralar və çalalar xüsusi yer tutur. Qobustanda “Ana zağa”, “Kənizə”, “Ovçular zağası”, “Öküzlər”, “Firuz”, “Daşaltı”, “Ceyranlar” və s. kimi Daş dövrü, Tunc və sonrakı dövrlərə aid mağaralar aşkar edilmişdir. Çalalar isə insan yaradıcılığının ilkin təzahür formalarından biri hesab olunur. Onlar qədim qayaüstü incəsənətin çox sirli və ayrılmaz hissələri sayılır. Tədqiqatçıların böyük əksəriyyəti onların meydana gəlməsini ilkin cəmiyyətlərin məişət tələbatı ilə əlaqələndirirlər. Qobustan qoruğunda üzərində 436 çala olan 152 daş aşkar edilmiş və qeydə alınmışdır. Tədqiqatçılar onların tarixini Neolit dövrünə aid edirlər.
Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində qədim qayaüstü təsvirlər, düşərgələr, yaşayış yeri və s. abidələrlə yanaşı, Cingirdağ və Böyükdaş dağları sahəsində qədim musiqi aləti – qavaldaş da vardır. Daş dövründən zəmanəmizə kimi qalmış bu daş alətlərin hər biri özündən altdakı qayaya yalnız 2 nöqtədə toxunan və bir növ hava yastığı üzərində dayanmış yastı əhəngdaşı parçasından ibarətdir. Ehtimal olunur ki, bu səsli daşdan mərasim rəqslərinin yerinə yetirilməsində primitiv zərb musiqi aləti kimi istifadə olunurdu.
Qobustan yalnız abidələri ilə deyil, həmçinin öz zəngin flora və faunası ilə də bu məkana gələnləri heyran edir.
Aşkar olunduğu vaxtdan dünyanın diqqətini cəlb edən Qobustan abidələri 2007-ci ildə birinci vitse-prezident, UNESCO və İCESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və müraciəti əsasında UNESCO-nun Dünya İrsi Siyahısına salınmışdır. Bu, Qobustanın timsalında mədəni irsimizin dünyaya tanıdılmasında çox mühüm addımdır. Təsadüfi deyil ki, elə həmin il iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalamışdır. 2011-ci ildə qoruqda yeni, müasir muzey və ofis binası tikilib istifadəyə verilmişdir. Hazırda Qobustan qoruğunda onlarla əməkdaşı olan elmi ekspozisiya, ekskursiya-kütləvi, innovasiya və fond şöbələri fəaliyyət göstərir.
2019-cu ildə Mərakeşin paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir.
2019-cu ildə Bakıda keçirilmiş UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar paytaxtımıza gəlmiş, demək olar ki, bütün mədəni irs mütəxəssisləri Qobustanı ziyarət etmiş və qoruqda görülən işlərdən məmnunluqlarını bildirmişlər. UNESCO-nun Baş direktoru xanım Odre Azule Azərbaycan Respublikası Hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubunda bildirir: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın qorunub saxlanılmasında, təbliğində nümayiş etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə məmnun oldum”.
Tarixin sirdaşı olan bu qədim insan məskəni ziyarətçilərinə sanki hər daşı, qayası ilə özü bələdçilik edir, tarixin ən qədim dövrlərindən söz açır.
Bu gün qayalara yazılan tarix görmək, daş namələri “oxumaq” və “bələdçi” qayaları “eşitmək” istəyən hər kəsin ilk seçim ünvanına çevrilmişdir Qobustan. Əgər Siz də tarixin qədim dövrlərinə səyahət edib, ulu əcdadlarımızın yaşam tərzi, məşğuliyyətləri haqqında məlumat almaq və qayaüstü təsvirlərin canlı şahidinə çevrilmək istəyirsinizsə, seçiminiz Qobustan Milli Tarix-Bədii Qoruğu olsun!
Vüqar İsayev
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru