Udilər Azərbaycanın aborigen xalqı və Qafqazın ən qədim yerli etnoslarından biridir.
Alban dövlətinin (eramızdan əvvəl III əsr – eramızın VII əsri) əsasını qoymuş 26 alban tayfasından biri olan udilərə elm dünyası ilk dəfə XIX əsrin əvvəllərində maraq göstərib. Həmin dövrdən etibarən udilərin antropologiyası, dili, dini, dil tarixi, etnoqrafiyası, tarixi, mənşəyi, mədəniyyəti, adət və ənənələrinə dair 300-dən artıq elmi əsər yazılıb. Toplanmış məlumatlar udilərin Qafqazın ən qədim sakinləri olduğunu və yalnız Azərbaycanın tarixi-mədəni məkanında tanındıqlarını birmənalı şəkildə sübut edir.
Udilərin əcdadı olan uti tayfası haqqında ilk mötəbər məlumata 2500 il əvvəl Marafon döyüşünü təsvir edən “tarixin atası” Herodotun qeydlərində rast gəlinir. Qədim mənbələrdə udilər Midiya satrapı qoşununun tərkibində Makedoniyalı İsgəndərin Qavqamela yaxınlığında (e.ə. 331-ci il) iranlılarla döyüşünün iştirakçıları kimi göstərilir. Strabon özünün “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyasını təsvir edərkən udilərdən söz açır. “Udi” etnonimi isə ilk dəfə eramızın I əsrində yaşamış romalı müəllif Böyük Plininin “Təbii tarix”ində işlədilib. Eramızın II əsrində yaşamış yunan yazıçısı Ptolemeyin “Coğrafiya”sında Xəzər dənizinin sahillərində müxtəlif xalqların, o cümlədən udilərin (utilər) yaşadığı qeyd olunur.
Udilər barədə daha ətraflı məlumatlar VII əsrdə yaşamış yerli müəllif Musa (Muses) Kalankatlının (Utili) “Alban tarixi” adlı əsərində verilir.
1000 ildən artıq mövcud olan və Qafqazın ən uzunömürlü dövlətlərindən biri sayılan Albaniyanın 11 tarixi vilayətindən biri Uti idi. Mütəxəssislərin fikrincə, Albaniyanın dövlət dili qədim udi dili olub. Utilərin/udilərin məskunlaşdığı Uti vilayəti qədim yunan müəlliflərinin əsərlərində Otena adlanırdı və Xəzər dənizindən Baş Qafqaz silsiləsinədək Kür çayının sol və sağ sahilləri boyunca Alazan çayına qədər uzanırdı.
Oturaq həyat tərzi keçirən udilər çoxsahəli mədəni əkinçilik, bağçılıq, sənətkarlıq və köçəri maldarlıqla məşğul olurdu. Udilərin sıx yaşadıqları dağətəyi hissələrdə və ovalıqlarda heyvandarlıq inkişaf edib.
***
Alban kilsəsinin ayrılmaz tərkib hissəsi olan udi kilsəsi nəinki Qafqazın, ümumiyyətlə, xristian dünyasının ən qədim Şərq kilsələrindən biridir. Qədim Azərbaycan torpağına xristianlığın ilk toxumları həzrət İsa Məsihin 12 şagirdindən biri olan müqəddəs həvari Varfolomey tərəfindən hələ I əsrdə atılıb. O, Albonopol (müasir Bakı) şəhərində Qız qalasının yaxınlığında din uğrunda həlak olub. Onun işini müqəddəs həvari Faddeyin şagirdi, Albaniyanın ilk yepiskopu, həvariyə bərabər tutulan müqəddəs Yelisey davam etdirdi. Ona görə də Qafqaz Albaniyasının ruhani rəhbəri on iki həvaridən biri olan Varfolomey hesab olunur.
Qafqaz Albaniyası ərazisində xristianlığın “sirofil” və “yunanpərəst” mərhələlərdən keçərək yayılmasını tarixi mənbələr eramızın I əsrinin ortalarında baş vermiş hadisələrlə əlaqələndirir. Həmin dövrdə ilk Yerusəlim patriarxı həvari Yaqub tərəfindən təyin edilən, həvari Faddeyin tələbəsi olan həvari Yelisey Qisdə (indiki Kiş) ilk kilsəni tikdirib. Musa Kalankatlının “Aluank ölkəsinin tarixi” adlı əsərindən məlum olur ki, alban kilsəsi başlanğıcdan həvari kilsəsi olub: həvari Yelisey Yerusəlimdən İrana, oradan isə Albaniyaya yollanır. Xoş Xəbərin təbliğini Çolada (Dərbənd) başlayan həvari Yelisey Uti vilayətinə (Kürün sağ sahili), oradan da Kişə gələrək kilsənin təməlini qoyur və təmiz, qansız qurban verir. Beləliklə, Kiş qədim paytaxtlardan biri, maarifçiliyin mənbəyi hesab edilir. Həvari Yelisey Kişdən Helmesə yola düşür, lakin burada Xoş Xəbərin təbliği uğurla nəticələnmir. Bütpərəstlər həvarini qətlə yetirir, cansız bədənini isə çuxura atırlar. Bu hadisələrdən uzun illər sonra çar III Mömin Vaçaqan Helmes yaxınlığında, həvarinin cəsədinin atıldığı çuxurun üzərində kiçik kilsənin tikilməsi barədə göstəriş verib. Bundan əvvəl cəsədin qalıqları buradan çıxarılaraq torpağa tapşırılmışdı. Albaniya çarı Urnayrın təkidi ilə 313-cü ildə xristianlıq Qafqaz Albaniyasının dövlət dininə çevrildi.

Xristianlığı qəbul edən udilər, digər alban tayfaları kimi, öz əvvəlki adət, ənənə və mərasimlərini unutmamış və onları yeni dinə uyğunlaşdırmışlar. Məsələn, evdə ocağın söndürülməməsi adəti zərdüştlüyün qalıqlarından xəbər verir. Udilər albanların əsas ilahəsi olan aya sitayiş edirdilər. Hazırda xristian udinlər dua edərkən əksər hallarda üzlərini aya tuturlar. Təsadüfi deyil ki, bu göy cisminin alban/udin dilində “xaş” adlandırılması xaçla əlaqələndirilir.
Udilər arasında müxtəlif inanc, fal açma və ovsunlar, həmçinin əcdadlara sitayiş geniş yayılmışdı. Özlərinə məxsus fərdiliyi saxlayan xristian udilərə ətraf müsəlman mühitinin böyük təsiri olub. Bu, onların dili, məişəti, mədəniyyət və adətlərində öz əksini tapıb.
Udilərin ənənəvi geyimi azərbaycanlıların və digər Qafqaz xalqlarının geyimi ilə oxşardır. Kişilər yaxasında enli kəsik və hər iki döşünə vəznə xəzinələri tikilmiş çuxa, onun altından kip düymələnən qısa arxalıq, dik yaxalıqlı alt köynəyi (“qurat”) və şalvar (“kyolox”) geyinirdilər. Arxalıq gümüş lövhəcik və xəncərli qayışlı qurşaqla bağlanırdı. Ayağa toxunma corab, xam göndən tikilən çarıq və daha yumşaq dəridən olan çəkmə (“çüst” və “torakal”) geyilirdi. Baş geyimi isə qoyun dərisindən tikilmiş konusşəkilli papaq idi. Kostyum üçün material qismində kobud mahud – “şal”dan istifadə edilirdi.
Qadın üst geyimi enli uzun tumandan və olduqca gen ətəkdən ibarət idi. Ətəyin üstündən uzunluğu dizə qədər çatan, kəsikli uzun qolları olan beli büzməli arxalıq geyilirdi. Arxalıq gümüş toqqalı enli qurşaqla, daha zənginlərdə isə parçadan tikilmiş kəmərlə (“kuştuk”) bağlanırdı. Ayağa toxunma corab və çarıq geyilirdi, zəngin udin xanımlar isə “koşi”də (arxası olmayan dabanlı dəri ayaqqabı) gəzirdi. Qadın baş geyimi “daqka” bir neçə elementdən ibarət özünəməxsus mürəkkəb qurğudur. Əvvəlcə başa “katar” adlanan dairəvi araqçın papaq taxılırdı, onun üstündən şəridlə birləşən iki üçbucaq parça – “çələbənd” bağlanır, ucları isə çənənin altından düyünlənirdi. Bu, elə “daqka”nın özü idi. Onun üstündən “yalıqat” adlanan ağ üçbucaq yaylıq, daha sonra isə “təpəlik” adlanan kiçik yaylıq bağlanır, ucları isə çənənin altından düyünlənirdi. Bunların hamısının üstündən “dinaya” adlanan iri qara plaş geyinilirdi. Ərli xanımlar üzlərinin aşağı hissəsini yaylıqla (yaşmaq) örtürdü.
XX əsrin ortalarından etibarən udilərin ənənəvi geyimi adi müasir geyimlə əvəzlənməyə başladı. Müasir udinlər indiki dəbə, geyim növünə, mövsüm və zamana uyğun geyinirlər.
Udi folkloru son dərəcə rəngarəngdir: lirik və hərbi nəğmələr və rəqslər, nağıl və əfsanələr, əsatir və rəvayətlər əhalinin həyat tərzi və əmək fəaliyyəti ilə sıx bağlıdır. Folklorun bir hissəsi günümüzə qədər gəlib çatmış, digər nümunələri isə ötən əsrin yazılarından məlumdur. Qədim udin dili əsasında alban əlifbası və yazısı formalaşmış, tərcümə və orijinal ədəbiyyat meydana gəlmiş, udi yazıçı, şair, tarixçiləri, hüquqşünas və filosofları yetişmişdir. Udilərin çoxjanrlı şifahi xalq yaradıcılığı bu xalqın qədim mənəvi mədəniyyətindən xəbər verir. Folklor janrları arasında əsatirləri, epik-qəhrəmanlıq hekayələrini, dini və tarixi rəvayətləri qeyd etmək olar. Pərəstişlə bağlı təsəvvürlər təbiət ünsürləri (su, od, şimşək, dolu və torpaq) ilə əlaqədardır. Müxtəlif hekayə, inanc və əfsanələrdə aya, günəşə və oda böyük yer verilir. Udi mərasimlərinin əsasında bolluq, var-dövlət və məhsuldarlığa rəğbət dayanır.
Bütün udilər öz ana dillərində, həmçinin azərbaycanca və rusca sərbəst danışırlar.
XIX əsrdə udinlər yeni dövrün yazı mədəniyyətinə uyğunlaşmaq imkanı qazandılar. 1854-cü ildə ilk udi məktəbi açıldı, daha sonra tədrisin rus dilində aparıldığı kənd məktəbi fəaliyyətə başladı. Udilər Qafqaz Albaniyasındakı xristianlığın varisləri olduqları üçün İncilin ilk dəfə rus dilindən məhz udi dilinə tərcümə olunması tamamilə qanunauyğun idi. 1931-1933-cü illərdə udilər öz ana dilində təhsil alırdı, 1937-ci ildən etibarən Azərbaycanda tədris əvvəlcə Azərbaycan türkcəsində, daha sonra isə rusca, Gürcüstanda isə gürcü dilində aparılmağa başladı. Hazırda 52 səsdən ibarət udin dili üçün latın qrafikasına əsaslanan və əlavə işarələrin daxil edildiyi əlifba istifadə edilir. Udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində isə orta məktəblərin ibtidai siniflərində ana dili tədris olunur. 2010-cu ilin ortalarında 9000-dən artıq söz, söz birləşməsi və frazeoloji ifadədən ibarət udicə-azərbaycanca-rusca lüğət buraxılıb. Müəllif (Robert Mobili) öz kitabını udi xalqının tanınmış oğlu, görkəmli dilçi-alim professor Q.Voroşilin işıqlı xatirəsinə ithaf etmişdir.
Udilər digər etnoslar kimi respublikanın sosial və mədəni həyatında fəal iştirak edirlər.
***
Udilər uzunömürlü xalqdır, 80-100 il və daha artıq yaşayırlar. Onlar qonaqpərvərdir, bir-birinə hər cür kömək etməyə hazırdırlar, böyüklərə hörmət edirlər. Udilər erkən – oğlanlar 16, qızlar isə 13-14 yaşlarında ailə qururdular. Qohumlar (yeddinci nəsildən uzaq olmamaq şərti ilə) arasındakı nikahlara üstünlük verilir. Uzaq keçmişdə udilər üçün böyük patriarxal ailə səciyyəvi idi. Belə ailənin üzvlərini yaxın qohumluq əlaqələri birləşdirir, onlar “ailə” məhəllələrində kompakt şəkildə yaşayırdılar. Hər bir belə məhəllənin çöl və bağça işlərinə rəhbərlik edən başçısı var idi. O, adətən böyük ailənin ən yaşlı üzvü idi. Ata evin başçısı və amiri idi, ona bütün ailə üzvləri sözsüz itaət edirdilər.
Udilərin əsas toy mərasimləri səhərdən başlayaraq yaxın qohumların iştirakı ilə üç gün davam edirdi. Udi toylarında Azərbaycan mahnıları ifa olunur. “Uzundərə”, “Vağzalı” və digər rəqslərlə yanaşı, yerli Azərbaycan əhalisinin ifa etdiyi “Yallı” rəqsi də udilər arasında geniş yayılmışdır.
XX əsrin əvvəllərinədək udilər Nic, Vartaşen (Oğuz), Mirzəbəyli, Vardanlı (Kərimli), Sultan-Nuxa, Corlu, Yaqublu, Malıx, Yenikənd, Talış və Kirzan kəndlərində kompakt şəkildə yaşayıblar. Onların sayı barədə ən ilkin məlumatlar XIX əsrin son rübünə aiddir: 1880-ci ildə Rusiya imperiyasında 10 min, əsrin sonunda isə 8 min nəfər udi yaşayıb. Onların 5 min nəfəri Nicdə, 3 min nəfəri isə Vartaşendə olub. Hazırda udilərin ümumi sayı 10 min nəfərdən çoxdur. Onların 4 min nəfərə yaxın əsas hissəsi Azərbaycanda – Nic qəsəbəsində kompakt, Oğuz və Bakıda isə dağınıq şəkildə yaşayır. Udilərin kompakt şəkildə yaşadığı Nic Qəbələ rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Rayon mərkəzindən cənub-qərbdə yerləşən bu məntəqə öz etnik-mədəni təbəqəsini qoruyub saxlamış udilərin azərbaycanlı və digər xalqlarla birgə yaşadığı unikal məkandır.
Udilərin dili, maddi və mənəvi mədəniyyəti, Azərbaycan tarixinin, maddi və mədəni irsinin əvəzedilməz tərkib hissəsidir. Bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi “Orayin” udi milli mədəni-maarifçilik mərkəzi və Alban-udi Xristian icmasının əsas vəzifəsidir. Onlar udilərin tarixini və mənəvi mədəniyyətini təbliğ edir, udi dilinə dair ədəbiyyatı və dərs vəsaitlərini, udi folklor toplularını və udi müəlliflərinin hekayələrini çapa hazırlayır, habelə öz tarixi vətənlərindən kənarda yaşayan udilərlə və udi diasporları ilə əlaqə saxlayırlar.
2003-cü il aprelin 10-da udi ziyalılarının təşəbbüsü ilə Alban-udi xristian icması Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir.
Norveç Krallığı Humanitar Təşkilatının (NHE) dəstəyi ilə bərpa olunan Kiş kəndindəki Həvari Yelisey kilsəsinin (Qafqazdakı kilsələrin anası) 2003-cü ilin sentyabr ayında açılış mərasimi keçirilmişdir.
2020-ci ildə Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpa olunması və icmaya təhvil verilməsi tarixi hadisədir. Bu, Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci alban kilsəsidir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində “Cotari” Alban-Udi kilsəsi təmir edilmişdi. Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var və burada xristianlarla müsəlmanlar bir yerdə mehriban yaşayırlar. Bərpa olunan kilsələrdə ibadət udi icmasından olan ruhanilər tərəfindən alban (udi) dilində aparılır.

Bütün bunlar, Alban-xristian tarixi irs nümunələrinin yenidən bərpası və bu ilin may ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Müqəddəs Məryəm Ana Alban kilsəsinə gəlişi Azərbaycanda multikultural dəyərlərə verilən önəmin yüksək göstəricisidir.

Robert Mobili
Alban-Udi Xristian dini icmasının sədri