Dəyərli oxucular!
“Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı böyük şərəf hissi ilə növbəti dəfə görüşünüzə gəlib. Jurnalımızın bu sayı Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti kimi arxeoloqlar Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya ithaf olunub. İnanırıq ki, ötən sayımız kimi bu sayımız da geniş oxucu auditoriyası qazanacaq və sevimli dərginiz olmağı bacaracaq.
Jurnalın ilk sayından etibarən, geniş ictimai rəğbət qazanması, aldığımız tərəfdaşlıq təklifləri bizi sevindirməklə yanaşı, məsuliyyət hissimizi daha da artırır, qarşımıza qoyduğumuz yüksək amallar uğrunda daha çox çalışmağa, Azərbaycan mədəniyyətinin təbliği və təşviqinə layiqli töhfələr verməyə həvəsləndirir. Saydan-saya təkmilləşib inkişaf etməyi qarşısına məqsəd qoyan dərgi bu sayından etibarən Azərbaycan mədəniyyətini, incəsənətini daha geniş coğrafiyada təbliğ etmək, xalqımızın sahib olduğu mədəni, bəşəri dəyərləri dünyaya çatdırmaq məqsədi ilə artıq iki dildə – Azərbaycan və ingilis dillərində nəşr olunacaq.
Əziz dostlar!
Məqsədlərindən biri də oxucu məmnuniyyəti qazanmaq olan “Qobustan dünyası” üçün rəy və təklifləriniz olduqca önəmlidir. Bizə ünvanlayacağınız bu rəy və təkliflər jurnalımızın növbəti saylarının fəaliyyət proqramının bir hissəsi olmaqla işimizi daha yüksək səviyyədə görməyə kömək edə bilər. İctimaiyyətlə sıx əlaqələr fonunda oxucularımızla ruh və düşüncə doğmalığı yaradıb interaktivliyi daha da artıracağımıza inanırıq. Elə bu inamla da rəylərinizi, təkliflərinizi contact@gobustandunyasi.az elektron ünvanında böyük məmnuniyyətlə gözləyir, mədəniyyət cameəsini jurnalımızda müəllif məqalələri ilə çıxış etməyə səsləyirik.
Hörmətlə,
“Qobustan dünyası” elmi-metodiki, populyar jurnalının baş redaktoru Vəfa HÜSEYNOVA