İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
Qobustan və Gəmiqaya vahid Azərbaycan qayaüstü mədəniyyətinin tərkib hissələri, möhtəşəm abidələridir. Qeyd etməyi lazım bilirəm ki, bu cür qayaüstü abidələr dünyanın bir çox yerində olsa da, Azərbaycanın Qobustanı və Gəmiqayası ərazisinə, qayaüstü rəsmlərin kəmiyyət və keyfiyyət göstəricilərinə görə fərqli üstünlüyə malikdir. Qobustan və Gəmiqaya dünya qayaüstü mədəniyyətinin nadir sənət abidələridir.
Əslində, Azərbaycanda tarix də, əlifba da, yazı da, hətta ədəbiyyat və incəsənət də Gəmiqaya və Qobustandan başlanır.
Qobustandan əvvəl cizgili, yazılı mədəniyyətimiz yoxdur.
Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində ulu əcdadlarımızın tarixi inkişaf prosesləri öz əksini tapıb. Qobustan və Gəmiqaya Azərbaycan xalqının açıq tarix kitabıdır.
Gəmiqaya-Qobustan Azərbaycanın ən möhtəşəm mədəniyyət abidəsidir. Oturaq mədəniyyətin bütün əlamətləri Gəmiqaya-Qobustan rəsmlərində əks etdirilib. Gəmiqaya-Qobustan açıq səma altında böyük incəsənət sərgisidir. Tədqiqatçılar Gəmiqaya-Qobustan qayaüstü rəsmlərində ilkin yazı elementlərinin olduğunu müşahidə ediblər. Müxtəlif tədqiqat əsərlərində Gəmiqaya-Qobustan rəsmlərində Orxon-Yenisey abidələrinin, türk runik əlifbasının elementlərinin olmasına dair mülahizələr mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, Gəmiqaya-Qobustan mədəniyyəti tarix etibarilə Orxon-Yenisey abidələrindən çox qədim dövrlərə aiddir. Ona görə də Qobustanda və Gəmiqayada yazı elementləri axtarmaq lazım gəlsə, daha dərinlərə getmək lazımdır. Bu cəhətdən filologiya elmləri namizədi, mərhum Əjdər Fərzəlinin versiyası cəlbedici görünür. Əjdər Fərzəli Gəmiqaya-Qobustan rəsmləri, piktoqramları və damğaları əsasında maraqlı əlifba layihəsi hazırlayıb, Gəmiqaya-Qobustan əlifbası adlandırdığı bu yazı sistemini ulu əcdadlarımızın ilk əlifbası kimi təqdim edib. Azərbaycan elmi ictimaiyyəti nədənsə bu fakta lazımi reaksiya vermədi. Təsdiq və ya inkar bildirən fikirlərə çox az rast gəlindi. Fikrimizcə, Əjdər Fərzəlinin təqdim etdiyi Gəmiqaya-Qobustan əlifbasında gerçək yazı ilə əlaqələr, reallıqlar çoxdur. Təsadüfi deyil ki, Əjdər Fərzəli bu əlifba ilə Gəmiqaya-Qobustan rəsmlərindəki bəzi sözləri və cümlələri oxuyub. Bütün bunlara görə də Gəmiqaya-Qobustan əlifbası məsələsinə yenidən qayıtmaq Azərbaycan dilçilik elminin qarşısında duran mühüm vəzifələrdəndir.
Demək olar ki, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindən bəhs edənlərin mütləq əksəriyyəti bu rəsmlərin həm də müəyyən fikir ifadə etdiyi qənaətində olublar. Həqiqətən də, Gəmiqaya-Qobustan qayaüstü rəsmləri Azərbaycan xalqının daş kitabələridir. Bu qayaüstü rəsmlər daş kitabələrə nəqş edilmiş mətnlərdir. Bu cəhətdən Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini qədim şumer mədəniyyətini gil lövhələr üzərində əks etdirib yaşadan məşhur “Gilqamış” dastanı ilə müqayisə etmək olar. Gəmiqaya-Qobustan abidələri Azərbaycan ədəbi-ictimai fikrinin “Gilqamış”ıdır.
Biz bu fikirdəyik ki, Gəmiqaya-Qobustan rəsmləri ulu əcdadlarımızın həyatını, məişətini və dünyagörüşünü əks etdirən süjetlərdən ibarət vahid mətndir. Ola bilsin, Gəmiqaya və Qobustanda bir-birinə yaxın bir neçə süjeti əks etdirən mətnlər var. Tarixin müxtəlif dövrlərində baş vermiş qabarma və çəkilmələr nəticəsində Gəmiqaya və Qobustandakı möhtəşəm qayalar parçalanıb, mətnlər dağınıq hala düşüb. Ən azı estamp vərəqələri və şəkillər vasitəsi ilə parçalanmış, səpələnmiş Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini sistemləşdirməklə vahid bədii mətni bərpa etmək və Əjdər Fərzəlinin təklif etdiyi əlifbadan, qayalara həkk edilmiş damğalardan, yaxud ayrı-ayrı tədqiqatçıların Gəmiqaya-Qobustandakı müxtəlif qayaüstü rəsmlərin məzmunu, mahiyyəti haqqındakı fikirlərindən istifadə etməklə həmin bütövləşdirilmiş mətni oxumaq, süjetləri bərpa etmək olar. İnanmaq çətindir ki, ulu babalarımız Gəmiqayada və ya Qobustanda sadəcə pərakəndə şəkildə rəsmlər çəkməklə məşğul olublar. Bizdə belə inam var ki, Gəmiqaya-Qobustan qayaüstü rəsmləri bəşəriyyətin, xüsusən də Azərbaycan xalqının ən qədim qayaüstü ədəbiyyatıdır. Bu, ilk dünya piktoqrafik ədəbiyyat nümunəsidir. Biz şərti olaraq həmin vahid bədii mətni Gəmiqaya-Qobustan piktoqrafik mifləri adlandırırıq. Kim bilir, bəlkə də, bu, qədim Gəmiqaya-Qobustan piktoqrafik dastanıdır?!
Bütün hallarda Gəmiqaya-Qobustan mədəniyyəti ədəbiyyat baxımından da öyrənilməlidir. İnanıram ki, bu məsələ ilə dərindən məşğul olacaq hansısa elm adamı dünyada qayaüstü rəsmlərin öyrənilməsində yeni cığır aça biləcək. Bizim vəzifəmiz Azərbaycan elminin diqqətini bu məsələyə yönəltməkdən ibarətdir. Hər halda bu məsələ haqqında ən azı iyirmi il ərzində yazdıqlarımızı 2015-ci ildə nəşr etdirdiyimiz “Nuhçıxandan – Naxçıvana” kitabında Nuh peyğəmbərlə əlaqədar araşdırmalarımızda elmi ictimaiyyətə çatdırmışıq. Düşünürəm ki, “Gəmiqaya-Qobustan və ədəbiyyat məsələsi” yeni nəsil Qobustan tədqiqatçılarını cəlb edəcək.
Azərbaycan Milli Elmlər Akademiyası 2018-ci ildə “Azərbaycanda qayaüstü mədəniyyət: mif, petroqlif və dünya” mövzusunda beynəlxalq elmi simpozium keçirib. Simpoziumda Müstəqil Dövlətlər Birliyi ölkələrindən qayaüstü mədəniyyət sahəsində çox tanınmış, görkəmli mütəxəssislərin elmi məruzələri dinlənilib, geniş müzakirələr aparılıb. İştirakçıların Qobustan Milli Tarix-Bədii Qoruğuna səfərləri də onlarda bu mədəniyyət haqqında dərin təəssürat yaradıb. Tədqiqatçıların əksəriyyəti bu fikirdədir ki, Qobustan dünya qayaüstü rəsm mədəniyyətinin şah əsəridir. Bu, çox qürurverici qənaətdir. Qobustan Azərbaycan xalqının zəngin maddi-mənəvi sərvətidir. Gəmiqaya və Qobustan Azərbaycanın möhtəşəm qayaüstü rəsmlər xəzinəsidir. Nəhayət, Gəmiqaya-Qobustan Azərbaycanın daş pasportudur.
Gəmiqaya-Qobustan mədəniyyətini, əsasən, tarixçilər və arxeoloqlar araşdırıb tədqiq ediblər. Bu sahədə Azərbaycan alimləri mühüm elmi nəticələr əldə edib, nailiyyətlər qazanıblar. Bu, çox müsbət haldır və yüksək qiymətə layiqdir. Fikrimizcə, Gəmiqaya-Qobustan mədəniyyəti ayrı-ayrılıqda deyil, vahid mədəniyyətin tərkib hissəsi kimi tədqiq edilib öyrənilməlidir. Bu cəhətdən Gəmiqaya və Qobustanın daimi tədqiqatçıları olan tarixçilər, arxeoloqlar üçün də yeni perspektivlər açıla, fərqli baxışlar, yeni mövzular meydana çıxa bilər. Bununla belə Gəmiqaya-Qobustan qayaüstü rəsmlərinin kompleks şəkildə araşdırılıb tədqiq edilməsinə ciddi ehtiyac var. Çünki Gəmiqaya-Qobustan mədəniyyəti tarixçi və arxeoloqlarla yanaşı, folklorşünaslar, etnoqraflar, dilçilər, ədəbiyyatşünaslar, sənətşünaslar, coğrafiyaçılar, kulturoloqlar, hətta riyaziyyatçılar, fiziklər, astronomlar üçün də yeni-yeni cəlbedici mövzularda elmi cəhətdən əhəmiyyətli əsərlərin yazılmasına zəngin material vermək imkanlarına malikdir.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında, universitetlərdə Gəmiqaya-Qobustan mədəniyyətinin tədqiqi ilə məşğul olan, bu mövzu ilə maraqlanan elm adamları az deyil. Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü olarsa, akademiya və universitet alimləri bu vacib məsələnin araşdırılmasına həvəslə qoşula bilərlər. Bunun üçün ilkin olaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Elmlər Akademiyası ilə birlikdə Qobustan Milli Tarix-Bədii Qoruğunun bazasında “Bütün yönləri ilə Gəmiqaya-Qobustan: qayaüstü rəsmdən astronomiyayadək” və ya “Gəmiqaya-Qobustan – elmlərin qovşağında” adlı ölkə miqyaslı elmi konfransın keçirilməsi mühüm başlanğıc ola bilər.
Gəmiqaya-Qobustan qayaüstü rəsmləri Azərbaycan mədəniyyətinin möhtəşəm başlanğıcı və ən uca zirvələrindən biridir.
Gəmiqaya-Qobustan qayaları daşa dönüb əbədiyyət qazanmış ulu babalarımızın möhtəşəm abidələridir.
Gəmiqaya-Qobustan qayaüstü rəsmləri Azərbaycan xalqının qədim tarix kitabı, ilk əlifbası və birinci mifoloji ədəbiyyatıdır.
Gəmiqaya-Qobustan Anadolu mədəniyyəti ilə Orta Asiya mədəniyyətləri arasında möhkəm və etibarlı körpüdür.
Gəmiqaya-Qobustan mədəniyyəti möhkəm dayaqlar üzərində daha böyük gələcəyə doğru gedən aydın yoldur.
Yolumuz uğurlu olsun!