Atəşgah məbədi Abşeron yarımadasında, Bakı şəhərindən otuz kilometr aralıda, Suraxanı rayonunda yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Azərbaycanın tarix-memarlıq abidəsi olan və ölkəmizin adını təcəssüm etdirən Atəşgah od məbədinin tarixi kökləri erkən dövrlərə aid edilir. Bizim eranın əvvəllərindən etibarən Azərbaycan daim yanan, ecazkar, sirli alovları ilə dünyada tanınırdı. Yerin təkindən püskürən təbii qaz hava ilə təmasda olanda öz-özünə alışıb-yanırdı. Bu qeyri-adi hadisə o dövrlərdə zərdüştilik dininə inananlar üçün mühüm ilahi məna kəsb edən simvol sayılırdı. Hər dinin öz peyğəmbəri, müqəddəs kitabı olduğu kimi bu dinin də Zərdüşt adlı peyğəmbəri, “Avesta” adlı müqəddəs kitabı var idi. Zərdüştilərin inancına görə, təbii, özü yanan alov Ahura-Mazdanın (Tanrının) nurunu yer üzündə təmsil edən ən böyük nişanə və simvol sayılırdı. Bu baxımdan ölkəmizdə sönməz təbii alovların mövcudluğu və zərdüştilərin həmin alovlara müqəddəs məna vermə etiqadı Azərbaycanda od məbədlərinin inşa edilməsi ilə ölkəmizi mübarək odların ziyarətgahına çevirib. Atəşgah məbədinin əsasının hələ eramızın əvvəllərində II-III əsrlərdə, təbii qazın çıxdığı yerdə qoyulması faktını Əhəmənilər dövlətinin paytaxtı sayılan Persepolisdə “Zərdüştün Kəbəsi”ndə yaşamış mobedan mobed (baş kahin) Kartirin (III əsr) yazısı təsdiqləyir.
III əsrdə Sasani şahənşahı I Ərdəşir Hörmüzdün (Tanrının) adı ilə şəhər məbədlərində alovların daim qorunub saxlanmasını əmr etmişdi.
VII əsrdən etibarən ölkədə islam dini tədricən yayılandan sonra yerli əhali məbədləri ziyarət etməyi dayandırmış, islam dinini qəbul etməyən zərdüştilərin əksəriyyəti ölkəni tərk edib Hindistan əyalətlərinə üz tutmuş, köç etmək qərarına gəlmişdilər. Bunun nəticəsində Atəşgah digər od məbədləri ilə yanaşı tənəzzülə uğramışdı.
Əsrlər keçdikcə şərqdən qərbə doğru uzanan və Azərbaycan ərazisindən keçən ticarət yolları vasitəsilə ziyarətçilərinə, zərdüştilərə yenidən qovuşan od məbədi, eyni zamanda, hind tacirlərinin də diqqətini cəlb edib. Bakıya dəniz ticarəti əlaqələri qurmaq üçün gələn pars və hind tacirləri müqəddəs yer kimi mütləq Atəşgaha baş çəkirdilər. Azərbaycana gələn tacirlər vətənlərinə qayıdanda qəribə, görünməmiş hadisə – yerin təkindən çıxan od haqqında danışırdılar. Artıq Atəşgah od məbədinin sorağı bir çox şərq ölkələrindən gəlirdi. Bu, zəvvarların Atəşgaha arası kəsilməyən axınına səbəb oldu və qədim od məbədinin təməli üzərində yeni od məbədi inşa edilməyə başladı.
1683-cü ildə Azərbaycana gəlmiş alman səyyahı Engelbert Kempferin (1651-1716) “Bakı yarımadasının yeddi möcüzəsi” adlı kitabında yazdığı məlumatdan aydın olur ki, Atəşgah məbədi yenidən tikilməyə başlamış və artıq ikinci həyatına qədəm qoymuşdu.
XVIII əsrdən etibarən Atəşgah dünyada analoqu olmayan od məbədinə çevrilib. Onun sönməz odu həm zərdüştiləri, həm də hinduizm dininə sitayiş edən insanları bir araya gətirirdi. Hinduizmə inananlar burada oda sitayişlə yanaşı, həm də Atəşgah məbədini reinkarnasiyadan azad olmaq üçün müqəddəs paklanma ocağı bilirdilər. O baxımdan məbədin ziyarətçilərinin əksəriyyətini hind zahidləri təşkil edirdi. Məbəddə hind zahidlərinin və ziyarətə gələn tacirlərin qalması üçün tacirlərin xeyriyyə vəsaiti hesabına hücrələr, ibadətgahlar, dua otaqları və karvansara tikilmişdi.
Atəşgah məbədində hücrələrin tikilməsi üçün yardım edən zəvvarlar tikdirdikləri hücrənin qapısının üstündə daş lövhəciklər üzərində öz dillərində ithaf kitabələri həkk etdiriblər. Məbəddə üç dinə məxsus dörd dildə on səkkiz ithaf kitabəsi mövcuddur.
Atəşgah iyirmi altı hücrədən və mərkəzi ibadətgahdan ibarətdir. Mərkəzi ibadətgah burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə və sitayiş edərdilər. Adi atəşpərəstlərin içəri keçməyə ixtiyarları yox idi. Mərkəzi od qibləgahı öz memarlıq üslubu ilə simvolik məna daşıyır. Onun tacındakı dörd od qülləsi, su, od, torpaq və yel kimi təbiətin dörd ünsürünü, piramida isə müqəddəs alovu təcəssüm etdirir.
Müxtəlif din nümayəndələrinin keçirdiyi ayinlərin təzadı Atəşgah məbədini ziyarətçilərin nəzərində sanki tolerantlıq ünvanına, diqqət mərkəzinə çevirmişdi. Ona görə məbədin idarə heyəti ziyarətçilərə ehtiram əlaməti olaraq əsas portalın üstündə, mərkəzi od qibləgahına mənzərəsi olan Balaxana adlı qonaq otağı inşa etdirmişdilər. Məbəddə qalan qonaqların bir neçə gün ərzində zəvvarların, məbəd sakinlərinin həyat və ayinlərini müşahidə etmək imkanı olurdu.
Atəşgah məbədi beşguşəli, dişli divarlarla əhatələnmiş qapalı həyəti və baş portalı ilə qədim od məbədlərinin cizgilərini özündə birləşdirməklə, həm də Azərbaycanın karvansara tipli tikililərinin strukturuna uyğun formada layihələndirilib. XIX əsrin əvvəlində məbəd ilkin görünüşünü alıb və unikal memarlıq abidəsi kimi heç bir dəyişiklik olmadan indiyədək qorunub saxlanılıb.
Atəşgah məbədi 30 sentyabr 1998-ci ildə YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilib və abidəyə mədəni irs nümunəsi kimi “Gücləndirilmiş mühafizə” statusu verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Suraxanıdakı Atəşgah ərazisi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan olunub. Sərəncama əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb.

2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məbəddə bərpa işləri aparılıb və məbədətrafı ərazilər abadlaşdırılıb.

Anar BABAYEV
“Atəşgah Məbədi” Dövlət Tarix-MemarlıqQoruğunun böyük elmi işçisi