Alla BAYRAMOVA
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi
Bu il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaradılmasının əlli beş ili tamam olur. Bu illər ərzində muzey mütəmadi olaraq musiqi tarixinə dair materiallar toplayıb. Muzeyin fondunda altmış mindən çox eksponat var. Bunlara milli musiqi alətləri, səs yazıları, arxivlər, not əlyazmaları, fotolar, sənədlər, şəxsi əşyalar və s. daxildir. Kolleksiyalar Mədəniyyət Nazirliyinin maddi dəstəyi ilə toplanıb, bir çox eksponatlar isə muzeyə hədiyyə olunub.
Azərbaycan aşıqlarından Aşıq Xanların, Aşıq Baratın ailə üzvləri tərəfindən muzeyə saz musiqi alətləri və şəxsi əşyaları, xanəndə Keçəçioğlu Məhəmmədin ailə üzvləri tərəfindən xanəndəyə məxsus qaval, tarzən Hacı Məmmədovun ailə üzvləri tərəfindən portret-xalça hədiyyə olunub.
Muzey Azərbaycan milli musiqi alətləri ilə yanaşı dünya xalqlarının musiqi alətləri kolleksiyasını zənginləşdirmək üçün iş aparır. Bununla əlaqədar Bakıdakı xarici ölkə səfirlikləri ilə əlaqələr yaradılmış, nəticədə onlar ölkələrinə məxsus musiqi alətlərini muzeyə bağışlamışlar. Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi on iki ədəd çin musiqi alətini (erxu, fleyta, juan, pipa, qouxu, syao, tzinxu və s.), Hindistanın ölkəmizdəki səfirliyi on iki ədəd hind musiqi alətini (dholak, mridanqam, sitar, səntur, tabla, tanpura, vina və s.), İndoneziya Respublikasının ölkəmizdəki səfirliyi isə beş indoneziya musiqi alətini (anqklunq, qambanq, lodonq və s.) muzeyə hədiyyə edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə həmçinin, Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının başçısı Selçuk Akat tərəfindən on dörd ədəd türk musiqi aləti (cura, tütək, Qara dəniz kamançası, lavta, zurna, sipsi, cümbüş, rübab və s.) hədiyyə olunub. Bu alətlərdən iki ədəd cümbüş, kaval və rübab istisna olmaqla, on ədədini musiqi alətləri ustası Feridun Obul hazırlayıb.
Bu qeyd edilənlər muzeyə hədiyyə olunmuş materialların yalnız bir qismidir. Hədiyyələr muzeyə olan böyük etimadın sübutudur: muzeyə eksponat bağışlayan mədəniyyət xeyriyyəçiləri inanırlar ki, sərvətlər etibarlı qorunub saxlanılacaq və gələcək nəsillərə çatdırılacaq.