Sabir NƏZİROV
Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi
Ölkəmizin maddi-mədəniyyət abidələri xalqımızın qədim, zəngin tarixinin ən parlaq aynasıdır. Arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş qədim insan düşərgələri və artefaktlar Azərbaycan ərazisinin dünyanın qədim sivilizasiya beşiklərindən olduğunu sübut edir. Bu abidələr təkcə ölkəmizin yox, bütövlükdə bəşər tarixinin öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir. Ulu əcdadlarımızın həyat tərzini, məişətini, məşğuliyyətini, mədəniyyətini, incəsənətini köksündə yaşadan Qobustan bu abidələrdəndir. Son iyirmi min il ərzində daimi yaşayış məskəni olan Qobustanda Üst Paleolitin sonlarından orta əsrlərədək bəşər tarixinin bütün əsas mərhələlərinə aid petroqliflər mövcuddur.
Qobustan ərazisində petroqliflər 1939-cu ildə arxeoloq İshaq Cəfərzadə tərəfindən aşkar olunub. Qobustanda tapılan maddi-mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Qobustanın qayaüstü təsvirləri, mədəni landşaftı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.
Nazirlər Kabinetinin 2007-ci il tarixli qərarına əsasən qoruğa “Milli qoruq” statusu verilib. Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurasının himayəsi ilə yaradılmış Avropa Muzeylər Forumunun təsis etdiyi və Avropanın ən mötəbər muzey mükafatı olan “Avromuzey-2013” mükafatına layiq görülüb.
Qoruğun ərazisi dünya əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət ərazilərinə aiddir. 2013-cü ildə qoruğa YUNESKO tərəfindən çox az sayda tarixi ərazilərə şamil edilmiş “Gücləndirilmiş mühafizə” statusu verilib.
Qobustan qayaüstü rəsmləri 2019-cu ildə İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib.Ölkə başçısının müvafiq sərəncamına əsasən 2011-ci ildə qoruğun yeni inzibati və muzey binası tikilib istifadəyə verilib. Muzeyin ekspozisiyası ən müasir texnologiyalardan istifadə olunmaqla hazırlanıb.
Sensor ekranlı monitorlar və 3D elementlərlə zəngin muzeydə Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, daş dövrü insanlarının həyat tərzi və incəsənəti, Qobustan petroqliflərinin xronologiyası, mənası, xüsusiyyətləri haqqında məlumat əldə etmək olar. Muzeyin bina kompleksinin ümumi sahəsi iki min dörd yüz altmış kvadratmetrdir. Ziyarətçilər muzeyin məlumat mərkəzlərində sensor ekrandan istifadə etməklə qoruq və qayaüstü təsvirlər haqqında müxtəlif dillərdə informasiya əldə edə bilirlər. Müasir texnologiya ilə təchiz olunmuş muzeydə xüsusi multimedia proqramları ilə hazırlanmış sensor ekranlar, intellektual oyunlar, interaktiv stendlər Qobustan abidələri, qayaüstü təsvirlər haqqında məlumatların ziyarətçilər tərəfindən daha əyləncəli şəkildə qavranılmasına xidmət edir. Qoruqda zəngin kitabxana fəaliyyət göstərir.
Muzeyin ekspozisiya zalı müxtəlif bölmələrdən təşkil olunub. “Qobustan: YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyanın müxtəlif guşələrində olan və YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olunmuş qayaüstü incəsənət nümunələri haqqında məlumatlar öz əksini tapır.
“Qobustanın təbii mühiti” zalında real landşafta uyğunlaşdırılan texnogen illustrasiyalar yer alır. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən videotəqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.
“Qobustanda arxeoloji kəşf“ zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur. “Zamanda səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Burada ziyarətçilər ilkin dövrdən başlayaraq Qobustanda gedən təbii dəyişikliklərə şahid ola bilərlər.
“Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlar əks olunub. 3D ölçülü daş əşyanın nümayişi, Paleolit, Mezolit və Neolit dövrlərinə aid alətlər və onların hazırlanma üsulu üç stenddə təqdim olunur.
“Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir. “Əsrlərdən gələn petroqliflər” zalı isə qayaüstü incəsənətin təkamül prosesini öyrənməyə imkan verir.
“Qobustanın qədim dövr rəssamları” və “Petroqliflərin mənası” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvanlara məxsus osteoloji qalıqlar, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir.
Muzeydə 3D formatında, qırx beş nəfərlik kinozal var. Zal yeddi səsgücləndirici, monitor və proyektorla təchiz edilib. İclas zalında müxtəlif konfransların, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Açıq səma altında olan muzeydə müxtəlif dövrlərə aid qayaüstü təsvirlər, qədim yaşayış yerləri, sığınacaqlar və qavaldaş kimi maddi-mədəniyyət nümunələri qorunur.
Ümumiyyətlə, Qobustan Milli Tarix-Bədii Qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqar və Şıxqaya dağları ərazilərində təxminən min otuz bir qaya üzərində çəkilmiş yeddi mindən çox təsvir dünya əhəmiyyətli abidə kimi dövlət qeydiyyatındadır.
Ölkə başçısı tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın 3.2. yarımbəndində nəzərdə tutulmuş muzey fondlarının və arxeoloji abidələrin elektron məlumat bazasının yaradılması müddəasına əsasən 2016-cı ildən qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması layihəsinə başlanılıb. Tədqiqatın məqsədi müasir metodların tətbiqi ilə Qobustan qayaüstü təsvirlərini yenidən sənədləşdirmək, qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasını və yeni kataloqunu yaratmaqdan ibarətdir. 2020-ci ildə uğurla yekunlaşan tədqiqat nəticəsində qayaüstü təsvirlərin say nisbəti nəzərə çarpacaq dərəcədə artıb və qoruğun rəqəmsal məlumat bazası yaradılıb.
Yeni tapıntılar Qobustan qayaüstü təsvirlərinin Abşeron və Kiçik Qafqaz qayaüstü təsvirləri ilə əlaqəsinin, ümumilikdə Azərbaycan qayaüstü incəsənətinin öyrənilməsi üçün yeni imkanlar açır.
Qəbul olunan qanunvericilik aktlarına uyğun olaraq hazırda qoruqda elmi-tədqiqat işləri və qayaüstü incəsənətin ən son elmi metodlar əsasında öyrənilməsi prosesi davam etdirilir.
Qobustan Milli Tarix-Bədii Qoruğu Qobustan abidələrinin xarici mütəxəssislərlə birgə öyrənilməsi işini də diqqətdə saxlayır, beynəlxalq tərkibli elmi ekspedisiyaların fəaliyyətinin təşkili üçün lazımi şərait yaradır. Bununla bağlı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirilir. “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi də bu istiqamətdə reallaşdırılan diqqətəlayiq tədbirlərdəndir. Layihə çərçivəsində mütəxəssislərlə qoruq əməkdaşları arasında Qobustan qayaüstü təsvirləri ilə Avropa qayaüstü incəsənətinin oxşar və fərqli cəhətləri, Paleolit dövrü incəsənəti, Qobustanda təbii mühit, ilkin məskunlaşma, burada aparılmış arxeoloji qazıntılar, qeydə alınmış arxeoloji materiallar, onların xronologiyası, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparılır. İcra müddəti üç il olan layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən “Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilir.
Layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin, Paleolit dövrü qayaüstü təsvirləri və onların insanların həyatında tutduğu rolu müəyyənləşdirməyə imkan verməklə həm də qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə köməklik edəcək.
Layihədə Markos Qarsiya Diez (Madrid Komplutense Universiteti, İspaniya), Manuel Vaquero Rodríges (Rovira və Virgili Universiteti, İspaniya), Bianka Oçoa Freyl (Basklar Ölkəsi Universiteti, İspaniya), Dario Siqari (İtaliyanın Ferrara Universiteti, Portuqaliyanın Koimbra Universiteti) və Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşı Sevinc Şirinli iştirak edir.
Qobustan Milli Tarix-Bədii Qoruğunun fəaliyyətinin prioritet istiqamətlərindən biri də Qobustan abidələrinin ölkə və beynəlxalq səviyyədə təbliğidir. Qoruq təbliğat işinin qurulmasında ənənəvi təbliğat metodlarını davam etdirməklə yanaşı dövrün tələblərinə uyğun olaraq yeni metodlardan da istifadə edir.
Ölkədə və xaricdə Qobustan abidələrindən bəhs edən sərgilərin keçirilməsi, “Yurdda bayram” tərəkəmə festivalı, “Plov” festivalı, məktəblilər üçün təşkil olunan “Qədim Qobustan” əyləncəli-intellektual interaktiv turu, “İnklüziv muzey” layihəsi çərçivəsində qoruğun surdotərcüməli videoekskursiyasının hazırlanması, qoruğun sifarişi ilə ərsəyə gələn “Qavaldaş” cizgi filmi, “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı və gənclərin elektron musiqi sevgisini nəzərə alıb onların diqqətini mədəni irsimizə yönəltmək məqsədi ilə təşkil olunan elektron musiqi gecəsi bu istiqamətdə görülən effektiv tədbirlər sırasındadır. Qobustan Milli Tarix-Bədii Qoruğu bundan sonra da ecazkar tarix yadigarımız, bəşər mədəniyyətinin ayrılmaz parçası olan Qobustan abidələrinin qorunması, tədqiqi, təbliği kimi şərəfli işin məsuliyyətini qürurla daşıyacaq və xalqımızın qədim tarixinin, zəngin mədəniyyətinin təqdimat məkanı kimi çoxşaxəli fəaliyyətini layiqincə davam etdirəcək.