Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftın qorunması və bərpası məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix–Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №-li qərarına əsasən elmi–tədqiqat müəssisisəsi kimi təşkil olunub. Qoruq ərazisində yerləşən hər bir tarix və mədəniyyət abidəsi dövlət tərəfindən qorunur. Qoruq nəzdində abidələrlə yanaşı, arxeoloji qazıntılar zamanı qoruq ərazisində aşkar edilmiş, əhalidən əvəzsiz olaraq toplanmış Gəncə sənətkarlarının hazırladığı özünəməxsus naxışları, yazıları və üzərində sənətkarların möhürləri olan müxtəlif saxsı qab nümunələri, mis pullar, tirmə parça və s. məişət əşyalarından ibarət muzey fondu mövcuddur. Fonda Gəncənin orta əsr sənətkarlığını əks etdirən üç yüzdən çox eksponat daxildir.
Yarandığı vaxtdan azı dörd dəfə yerini dəyişən Gəncə strateji cəhətdən əlverişli mövqedə yerləşdiyindən daim yadellilərin diqqət mərkəzində olub. Dəfələrlə dəhşətli zəlzələlərə düçar olan Gəncə, həmçinin monqolların, xarəzmlərin, gürcülərin, ərəblərin, rusların və digər qəsbkarların hücumlarına məruz qalub. Neçə-neçə dövlətin hərb meydanına çevrilən şəhər ona dəyən zərbələrdən sarsılmayıb, özündə güc, təpər taparaq dircəlib və inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilib. Gəncənin kökü, özülü möhkəm, sarsılmaz və yenilməzdir.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna indiki Gəncə şəhərindən altı-yeddi kilometr şimal-şərqdə yerləşən Qədim Gəncə ərazisi, Comərd Qəssab türbəsi, qala divarları, körpü qalıqları, kəhriz quyuları, İmamzadə türbəsi və Şeyx Nizaminin türbəsi (Nizami Gəncəvi Məqbərə Kompleksi) aiddir.
Qədim Gəncə şəhərini əhatə edən üçqatlı müdafiə səddi və qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin (971-1088) paytaxtı olarkən artıq şəhər qala divarı ilə əhatə edilmişdi. Şəhərin yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da, bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çox sayda maddi mədəniyyət nümunələri aşkarlanıb.
Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib.
Ərazidə, həmçinin XI-XII əsrlərdə inşa edilmiş bir neçə tağlı körpü qalıqları da mövcuddur.
Qədim zamanlardan Gəncə şəhərinin su ilə təchizatında kəhrizlər mühüm rol oynayıb. Kəhrizlər hesabına şəhər əhalisinin həm içməli, həm də suvarmaya olan su tələbatı tam ödənilirdi. Tarixi mənbələrə görə, Gəncədə altmışa yaxın su kəhrizi olub. Günümüzədək onlardan yalnız bir neçəsi gəlib çatıb.
Tikilmə tarixi IX əsrə aid edilən Comərd Qəssab türbəsi də Qədim Gəncə ərazisindədir. Türbə planda səkkizguşəli formaya malikdir. Səkkizguşənin küncləri həm daxildən, həm də xaricdən çıxıntılarla işlənib. Türbənin tikintisi zamanı kvadrat formalı bişmiş kərpic və əhəng məhlulu qarışığından istifadə olunub.
1139-cu il zəlzələsi zamanı Qədim Gəncə ərazisindəki əksər tikililər kimi, Comərd Qəssab türbəsi də ciddi dağıntıya məruz qalıb. 1940-cı ildə ərazidə ilk dəfə arxeoloji tədqiqatlar aparan İshaq Cəfərzadə VII əsrə aid tapıntılar sırasında Comərd Qəssabın qəbrini də aşkar edib.
XX əsrin 60-ci illərində türbə dağıdılıb, uzun müddət uçuq və baxımsız vəziyyətdə qalıb. 2004-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Comərd Qəssabın məzarının və məzarüstü türbəsinin bərpa işləri aparılıb. Abidənin bərpası zamanı Naxçıvan şəhərindən gətirilmiş qədim dövrün kərpiclərindən istifadə edilib.
İmamzadə türbəsi, yaxud Göy İmam adı ilə tanınan kompleks Gəncə şəhəri yaxınlığında, Qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Kompleks İmam Məhəmməd Bağırın VIII əsrdə vəfat etmiş oğlu İbrahimin məzarı üzərində ucaldılıb.
Kompleksin əsas tərkib hissəsi türbə binası və qəbiristanlıqdan ibarətdir. Bununla yanaşı əsas türbə günbəzi ilə bərabər ətrafda daha yeddi günbəzin, məscidin, karvansara tipli evlərin, abidəyə giriş darvazası üzərindəki günbəzin (sayca doqquzuncu günbəz), ornamentləri və kitabələri olan başdaşılarının, sərdabə-türbə tipli qəbirüstü abidələrin, hovuz və digər yardımçı tikililərin mövcudluğu Gəncə İmamzadəsinin memarlıq quruluşunu formalaşdırır. Türbənin inşasında qırmızı kərpicdən istifadə olunub, Arran memarlıq məktəbi üçün səciyyəvi olan cəhətlər tətbiq edilib. Mərkəzi günbəzin sağ və sol tərəfində yerləşən kiçik günbəzli hücrələr isə daha sonrakı dövrlərdə — ehtimal ki, XIII–XIV əsrlərdə – abidəyə əlavə edilib. Həmin hücrələrin hər birində ağ və mavi şirli kaşı ilə işlənmiş nəfis mehrablar var. İmamzadə türbəsində son illərdə əsaslı təmir və restavrasiya işləri aparılıb. Abidə öz möhtəşəmliyini illərdir, qoruyub saxlayır və Gəncə şəhərinin ən çox ziyarətçi axınına sahib dini-memarlıq kompleksidir.
Ömrü boyu öz şəhərindən kənara çıxmayan Nizami Gəncəvinin (1141-1209) son mənzili, uyuduğu məkan – Nizami Məqbərəsi 2019-cu ildə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdinə daxil edilib. Nizami Gəncəvinin məzarı üstündə ucaldılan möhtəşəm türbə həm də Azərbaycanın qərbi ilə şərqini birləşdirən ölkənin ən böyük magistral avtomobil xəttinin yaxınlığında qərar tutub. Bu da Azərbaycanın dörd tərəfində yaşayan insanların, həmçinin ölkənin qonaqlarının da ömürlərində, heç olmasa, bir dəfə dahi şairimizin məzarını ziyarət edib ruhuna ehtiram göstərə bilmələrinə şərait yaradıb.
1989-1991-cı illərdə rekonstruksiya olunan, 2011-ci ildə isə özü və ətrafı əsaslı şəkildə abadlaşdırılan Nizami məqbərəsinin qranit tikilisinin ən uca nöqtəsinin yer səthindən hündürlüyü 22,5 metrdir.
Nizami məqbərəsinin layihə müəllifi Əməkdar memar Fərman İmamquliyevdir. Silindrik formalı monumental tikili olan məqbərə Ukraynadan gətirilmiş qırmızı sal qranit bloklardan inşa edilib. Nizami Gəncəvinin adı qızılı yazı ilə məqbərənin girişinə həkk olunub. Abidənin ətrafında park salınıb. Buradakı “Xəmsə qəhrəmanları” adlı bədii-monumental kompozisiyanın müəllifi isə Əməkdar rəssam Qorxmaz Sücəddinovdur.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ofis binası kimi istifadə etdiyi Gəncə Qala Qapıları Arxelogiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi Bakı-Gəncə magistral yolunun hər iki istiqamətində yerləşir. İki hissəni yeraltı tunel birləşdirir. Kompleks beş mərtəbəsi əsas olmaqla ümumi yeddi mərtəbəlidir və iyirmi iki metr hündürlüyə malikdir. Muzeyin inşası 2012-ci ildə başlayıb, 2014-cü ildə başa çatıb. Muzeyin mərtəbələrində Gəncə şəhərinin tarixini, mədəniyyətini əks etdirən bir neçə bölmə yerləşdirilib. Bunlara Nizami Gəncəvinin xələf və sələflərinin şəkillərindən ibarət rəsm qalereyası, dulusçuluq və misgərlik bölməsi, sivilizasiya və milli geyim sərgisi, həmçinin toxuculuq və xalçaçılıq bölmələri daxildir.
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid olan hər bir tarixi abidə xalqımızın milli sərvəti, tarixi yaddaşıdır. Tarixi-mədəni irsimizi qoruyub gələcək nəsillərə ötürmək isə hər birimizin vətəndaşlıq borcudur.
Cumalik Rəhimov
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru