Rubrikamızın qonağı dünya səyahətinə çıxmış ilk azərbaycanlı səyyah, alpinist, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzidir.
– Fərid müəllim, səyahət sizin üçün nədir?
– Mən səyahətə ciddi və professional şəkildə 2010-cu ildən başlamışam. Bundan öncəki səyahətlərim isə daha çox işgüzar və istirahət xarakterli idi.
Mənə görə, səyahət getdiyim yeri gəzmək, ümumilikdə, mədəniyyəti, tarixi abidələri, coğrafiyası, flora və faunası, insanları, onların yaşam tərzi, adət-ənənələri ilə tanış olmaq, özüm üçün kəşf etməkdir. Səyahətə çıxarkən məhz bunları hədəf seçirəm və hər səyahətim məni yeni ölkə tanımağa, özüm üçün kəşf etməyə həvəsləndirir.
– Dünya səyahəti etmiş ilk azərbaycanlısınız. Maraqlıdır, insandan böyük cəsarət tələb edən dünya səyahətinə çıxmaq barədə qərara necə gəldiniz?
– Dünya səyahəti hər səyyahın ən böyük arzularından biri, hətta arzularının zirvəsidir. Uşaqlıqda fransız yazıçısı Jül Vernin “Yerin mərkəzinə səyahət”, “Kapitan Qrantın uşaqları, “20000 lye su altında”, “80 gün dünya ətrafında” əsərlərini oxuyub bu əsərlərin motivləri əsasında çəkilmiş filmləri həyəcanla izləyirdim. Bəlkə də, elə bu əsərlər içimdəki səyyah ruhumu oxşayıb, məndə səyahətə sonsuz maraq yaranmasına xidmət edib. Səyahətə sonsuz maraq və daha çox ölkə, daha çox mədəniyyət tanımaq həvəsim də mənə dünya səyahətinə çıxmaq ideyasını verdi.
– Dünya səyahətinə hazırlıq prosesindən, xatirələrinizdən danışaq…
– Dünya səyahətim altı ay çəkdi. Elə hazırlıq prosesi də, demək olar, altı ay zaman aldı. Bunun çox hissəsi vizaların alınmasına sərf olundu. Elə vizalar var idi ki, onları almaq üçün Türkiyəyə, Rusiyaya getmək məcburiyyətində qalırdım. Ən çətin məqamlardan biri bəzi ölkələrin vizadan üç ay ərzində istifadə tələbi idi. Bu tələblər qarşıma müxtəlif çətinliklər və məhdudiyyətlər çıxarır, gedəcəyim ölkələrin qrafikində dəyişiklik etmək məcburiyyəti yaradırdı. Dünya səyahətinə Kolumbiyadan başladım. Səfərim təyyarəsiz idi. Qeyd edim ki, səyahətim dünyada gedən müxtəlif siyasi proseslər fonunda davam edirdi. Bütün bu proseslər əlbəttə ki, həyəcanlandırmaya bilməzdi. Həmin dövrdə Avstraliyada meşə yanğınları baş verirdi. Avstraliya hökuməti bununla əlaqədar ölkəyə turist qəbulunu dayandırmışdı. Amma dünya səyəhəti üçün qəbul olunan tələblərə uyğun olaraq altı qitədə olmalı idim. Buna görə də Avstraliyaya getmək üçün həyəcanla prosesləri izləyirdim. Səyahətim zamanı Çində yoluxucu xəstəliyin yayılmasını da eşidirdim. Amma bütün çətinlikləri və maneələri dəf etmək və dünya səyahətimi müvəffəqiyyətlə sonlandırmaqda qətiyyətli idim. Qaydalara görə, həm də dünyanın iki antoqonist nöqtəsində olmalıydım. Mən Sakit okeanda olanda onun əks nöqtəsi Misirin Suveyş kanalı idi. Qeyd edim ki, bu səyahətin ən çətin məqamlarından biridir. Səyyah gəmilərin hərəkət cədvəlini öyrənməli və səyahət planını elə uyğunlaşdırmalıdır ki, bu antoqonist nöqtələrdə ola bilsin.
Pandemiyaya görə bütün planlarımı dəyişməli olmuşdum. Əslində, Hindistanda gəmidən enib avtomobil ilə Asiyaya, daha sonra Avropaya getməli idim. Lakin pandemiya səbəbindən olduğum gəmini heç bir liman qəbul etmirdi. Məcburən gəmimiz Suveyş kanalından Avropaya daxil oldu və beləcə mənim dünyanın iki antoqonist nöqtəsinə ziyarətim baş tutdu.
Pandemiya uzunmüddətli planlarımı alt-üst etdiyinə görə artıq gündəlik planlarla yoluma davam edirdim. Limanlar gəmimizi qəbul etmədiyindən ərzaq ehtiyatımız tükənirdi. Nəhayət, gəmimiz çox çətinliklə Avropa sahillərinə yan aldı və vizam olsa da, çox çətinliklə Fransa ərazisinə daxil olmağa icazə aldım. Bütün dünyanı cənginə alan pandemiya səbəbindən səyahətimi yarıda dayandırmağa məcbur oldum. Bir həftə Parisdə qaldıqdan sonra nəhayət, Azərbaycana dönmək üçün yol tapdım. Bu özü dünya səyahətim çərçivəsində ayrılıqda mənim üçün çox yaddaqalan səyahət oldu. Öncə qatarla Almaniyaya gəldim. Almaniyanın Essen şəhərindən yük maşını alıb maşının özünün yük kimi sənədlərini qaydaya saldıqdan sonra onunla vətənə döndüm. Bu beş günlük, olduqca maraqlı yolçuluq idi. Vətənə döndükdən sonra, əlbəttə, mən də hər kəs kimi karantin qaydalarına riayət edirdim. Amma hədəfimə tam çatmadığıma görə məyus olurdum. 2021-ci ilin avqust ayında nəhayət, bir gəminin Barselonadan Amerikaya yola çıxacağı ilə bağlı məlumat aldım. Dərhal gəmiyə bilet sifariş edib səyahətimi sonlandırmaq üçün yola çıxdım. Vaksin sertifikatı ilə sərhədləri rahat şəkildə keçir, səyahətimə uğurla davam edirdim. Çətin məqam isə yolda gəmi şirkətinin ABŞ-də qəbul olunmuş 14 gün Avropada olmuş insanların Amerikaya buraxılmaması barədə qərara əsasən yolunu dəyişməsi oldu. Tələblərə görə, Afrika qitəsində də olmalıydım. Buna görə də gəmilərin hərəkət cədvəlini araşdırdım, məlum oldu ki, İspaniyadan Afrika ərazisinə gəmi səfərləri təşkil olunur. Beləliklə, mən gəmi ilə Afrika qitəsinə gəlib çatdım. Bu yolçuluq da çox həyəcanlı idi. Çünki əgər geri dönüşümlə bağlı tərslik baş versə, Portuqaliyadakı əsas nəqliyyat vasitəm olan yelkənli gəmiyə yetişə bilməyəcəkdim. Artıq yolda ikən başqa bir yelkənli gəminin Karib dənizindəki Barbados adasına getdiyinə dair məlumat aldım. Vaxt itirmədən həmin gəmi üçün bilet alıb yoluma davam etdim. Yaxşı hal o oldu ki, elə həmin gəmi ikinci turunu Barbadosdan Atlantik və Sakit okeanları birləşdirən Panama kanalına etdi və beləliklə, Kolumbiyanı keçməklə Panama kanalına gəldik. Panama kanalının şimal hissəsinin Şimali Amerikaya, cənub hissəsinin isə Cənubi Amerikaya düşməsi ilə eyni zamanda hər iki qitəni də gəzmiş oldum. Sonda avtobusla Kosta-Rikaya gəldim. Beləliklə də 158 gün ərzində 60.000 km-dən çox məsafəni qət etməklə, dünyanın 40 ölkəsini gəzib, iki dəfə ekvatoru keçib, iki antoqonist nöqtəsinə ayaq basıb, 6 qitəni ziyarət edərək dünya səyahətimi sonlandırdım.
– Səyahətiniz zamanı yaşadığınız ən yaddaqalan hadisə nə oldu?
– Düşünürəm ki, dünya səyahəti özü ümumilikdə yaddaqalan hadisədir. Səyahətim zamanı maraqlı anlar, yaddaqalan hadisələr çox oldu. Bunlardan biri də, vaxt xəttini keçməyimlə əlaqədar tarixdə bir gün itdiyi üçün 4 mart 2020-ci il tarixini yaşamamağımdır. Dünyanın beynəlxalq tarix dəyişmə xətti mövcuddur və bu xətt 180-ci meridian üzərində yerləşir. Bu xəttin bir tərəfi ilə digər tərəfinin arasında 24 saat fərq var, yəni Şimali Amerikadan və ya Cənubi Amerikadan Avstraliyaya səyahət edən biri bu xətti keçəndə saatlarını 24 saat önə çəkməlidir və ya əksinə, Amerika qitəsinə səyahət edirsə, o zaman geri çəkməlidir. Amma geri dönsək, gün itmir. Mən tək yöndə şərqdən qərbə səyahət etdiyim üçün bir günü həyatımdan silməyə məcbur oldum. Beləcə, 4 mart 2020-ci il tarixi həyatımdan yox oldu.
– Səyahət planınız varmı?
– Səyahət planım gələcəkdə qərbdən şərqə doğru dünya səyahətinə çıxmaqdır. Hazırda 90-dan artıq ölkəyə səyahət etmişəm. Amma bildiyiniz kimi, BMT tərəfindən beynəlxalq səviyyədə tanınmış 195 müstəqil ölkə var. Bu prizmadan yanaşsaq, səyahət etdiyim ölkələrin sayı dünya ölkələrinin heç 50 faizini belə təşkil etmir. Ona görə də gələcəkdə yenidən dünya səyahətinə çıxmaqla, yeni ölkələr tanıyıb, səyahət siyahımı genişləndirmək, xatirələrimi zənginləşdirmək istəyirəm.
– Səyyahlara tövsiyələriniz nədir?
– Öncə qeyd edim ki, əgər daha çox ölkə gəzmək istəyirsinizsə, bunun üçün ən mükəmməl seçim dünya səyahətidir. Tək-tək ölkələrə səyahət üçün edilən hazırlıq və buna həsr edilən zamanı dünya səyahətinə sərf etməklə siz daha əlverişli nəticə əldə edə bilərsiniz. Əlbəttə ki, dünya səyahəti asan iş deyil, bu səyahət xüsusi hazırlıq tələb edir. Səyyah buna təkcə maddi yöndən deyil, həm də psixoloji baxımdan da hazırlıqlı olmalıdır. Çünki belə uzun müddətli səyahətlər zamanı səyyah ailə üzvlərindən, doğmalarından, öyrəşdiyi komfort mühitdən və şəraitdən ayrı qalır. Bundan başqa, gedəcəkləri ölkələrin hava şəraitini, ehtiyacı və daim hərəkətdə olacaqlarını nəzərə alıb, baqajlarını buna uyğun geyim və əşyalarla formalaşdırmalıdırlar. Məsələn, mən səyahətə çıxan zaman ən çox qış geyimlərimin baqajımı dolduracağını düşünüb, səyahətimi yaz-yay aylarına təyin etmişdim.
– Fərid müəllim, siz dünyanın müxtəlif yerlərini gəzib, tarixi abidələri ilə tanış olmusunuz. Bu baxımdan, dünya mədəni irsi və milli irsimiz arasında müqayisə aparmaq şansınız var. Sizcə, sahib olduğumuz hansı irs nümunəsi ilə dünyanı heyrətləndirə bilirik?
– Azərbaycan zəngin mədəni irsə malikdir. Dünya mədəni irsi ilə milli irsimizi müqayisə edə bilsəm də, öz mədəni irs nümunələrimiz arasında müqayisə aparmaqda çətinlik çəkirəm. Mənim üçün hamısı əzizdir, dəyərlidir. Amma düşünürəm ki, bəşəriyyətin ilk insan məskənlərindən biri olan Qobustan həm də elə dünya mədəni irsinin bir parçası olmaqla öz layiqli sözünü deyir. Mədəni irsimiz ümumilikdə başımızın tacıdırsa, Qobustan tacdakı ən qiymətli ləl-cəvahiratdır, deyərdim. Mən də hər bir azərbaycanlı kimi sahib olduğumuz mədəni irslə fəxr edirəm və xalqımızın bundan sonra da öz yaradıcı dühası ilə dünya mədəniyyəti xəzinəsini zənginləşdirməyə davam edəcəyinə inanıram.
Vəfa HÜSEYNOVA