İmamverdi HƏMİDOV
Professor, Talış İcmasının ağsaqqalı
Qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan bəşər sivilizasiyasının mərkəzlərindən biri olmaqla yanaşı, multikulturalizmin təşəkkül tapdığı ən qədim məkanlardandır. Tarixən burada müxtəlif xalqlar məskunlaşıb, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayıb, öz etnik xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlayaraq qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində çoxmədəniyyətlilik mühiti formalaşdırıb, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində birgəyaşayış modelini yaradıblar. Hələ zamanında tarixi həqiqətlərdən və müasir dövrün bəşər sivilizasiyası qanunlarından çıxış edən Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasında xalqlarımızı azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qlobal müstəvidə həyata keçirilir. Ölkə başçısının multikulturalizmlə bağlı sərəncam və göstərişləri əsasında görülən işlər, keçirilən tədbirlər ölkəmizin multikulturalizm modelinin dünyada qəbul olunmasında, Azərbaycandakı tolerant mühitin təbliğində müstəsna rol oynayır. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədi ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də bu siyasətə öz layiqli töhfəsini verir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və onunla sıx əməkdaşlıq edən milli icmaların fəaliyyəti Azərbaycan yurdunun zəngin mədəniyyətinin səhifələrini açmağa kömək edir, ölkəmizdə yaşayan xalqların tarixini öyrənməyə marağı gücləndirir. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsi çərçivəsində mətbuatda silsilə məqalələr yayımlayıb. Sözügedən layihə Şuranın 2019-cu il dövrünün qrant müsabiqəsində “Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər” istiqaməti üzrə qalib olub.
Bu gün Azərbaycanda bütün xalqların, etnik qrupların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayır, ölkəmizin uğurlu inkişafına öz layiqli töhfələrini verirlər. Bu xalqlardan biri də talışlardır.
Talışlar ölkənin cənub-şərqində – Lənkəran, Astara, Lerik və qismən Masallı rayonlarında yaşayırlar. Əhalinin danışdığı talış dili Hind-Avropa dilləri ailəsinin İran qrupunun şimal-qərb qoluna aiddir. Xalq talış dilində “tolış” (cəm halında “tolışon”) adlandırılır. Multikulturalizm haqqında dövlət siyasətinin həyata keçirilməsi nəticəsində talışların yığcam yaşadıqları zonada ümumtəhsil məktəblərində ibtidai siniflər üzrə talış dili ayrıca fənn kimi tədris edilir. Eyni zamanda Lənkəranda talış dilində radio verilişi yayımlanır.
Talışlar islam dininə etiqad edirlər.
Tarixi məlumatlardan göründüyü kimi, talışlar Azərbaycanla bağlı olub, eyni zamanda İranla da əlaqələr qurublar. Şah İsmayıl Səfəvi və Şeyx Səfi ilə bağlı yer adları (Şah Səfi, Şıxon) göstərir ki, Səfəvilərin nümayəndələri bu yurdla əlaqələr yaradıblar. I Pyotrun Qafqaza göndərdiyi hərbi ekspedisiyalar və yürüşlər, eləcə də Rusiya-İran müharibələri dövründə talışlar da böyük əzab-əziyyətlərlə üzləşiblər.
Talışların yaşadığı coğrafi ərazi dənizkənarı, düzənlik, dağətəyi və dağlıq yerlərdir. Şəraitdən asılı olaraq təsərrüfat, məişət və mədəni həyat tərzləri formalaşıb. Düzənliklərdə və dağətəyi yerlərdə yaşayanlar, əsasən, taxılçılıq, çəltikçilik və bostançılıqla, dağlıq ərazilərdə maldarlıq və ovçuluqla məşğul olublar. Əhali oturaq həyat tərzi sürüb. Maldarlıqla məşğul olanlar isə XIX əsrin sonlarına qədər yarımköçəri həyat keçiriblər. Ümumən, talışların təsərrüfat həyatında çəltikçilik və taxılçılıq əsas yer tutur. Bu cəhət onların məişətində, yemək mədəniyyətində və şifahi xalq yaradıcılığında öz əksini tapıb.
Məlum olduğu kimi, çəltikçilik çox çətin sahədir. Topuqdan yuxarı suyu olan bicar sahələrində çəltik şitili əl üsulu ilə bir-bir basdırılır. Zəli və başqa su qurdlarının, ilanların olduğu şəraitdə işin çətinliyi daha da artır. Bu işlə bir qayda olaraq qadınlar məşğul olurlar.
Klassik talış şairi Zülfüqar Əhmədzadə bu prosesi və bu işlə məşğul olan insanların əhvalını “Tukə mahne” (“Bicar mahnısı”) adlı şeirində çox yaxşı təsvir edib:
Jenon həmə dasə-dasə,
Ha ruj beşdən bə lekisə.
Məzə bənəy vəyə bedə,
Xoşə moəm bə tuk şedə.
(Bütün qadınlar dəstə-dəstə,
Hər gün çəltik sahəsinə çıxırlar.
Sahə sanki toy kimidir,
Gözəl anam çəltik sahəsinə gedir).
“Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsində göstərildiyi kimi, çəltiyin əkilməsi, becərilməsi prosesi ilə bağlı bicar mahnıları yalnız bu zonaya və talışlara məxsusdur. Son dərəcə ağır zəhmət tələb edən çəltikçilik talış qadınlarının əmək-bicar mahnılarının ifası ilə yerinə yetirilərdi. Öz daxili məzmunu ilə işin ahəngini artıran bu mahnılar təkcə xalq yaradıcılığı nümunələri deyil, həm də təsərrüfatın xarakterini əks etdirən əmək vərdişləridir.
Talışlar düyüdən çeşid-çeşid yeməklər hazırlayırlar. Növbənöv plovlar (yəzni plov, sio plov, boranı plov və sair), düyü çörəkləri, lökü, çanquru… Talış mətbəxi zəngin olmaqla yanaşı keyfiyyəti və dadına görə də cəlbedicidir. Talış mətbəxində xüsusi yeri olan balıq və toyuqdan hazırlanan ləvəngini dadanlar onu yüksək qiymətləndirirlər.
Zonada qamış növündən olan pizədən və lığdan hazırlanmış həsirlər bu yerin iqlim tələbatından yarandığı kimi, xalqın sənət məharətini də nümayiş etdirir. Zənbil və miniatür saxlanc qablarını toxumaq üçün isə qurudulmuş qamışdan (lığdan) istifadə olunur.
Dəmirağac, azat (nil), qarağac və başqa ağacların bitdiyi meşələr insanların yaşayış məskənini qurmaq və sənətkarlıq işlərini yaratmaq üçün mühüm mənbə olub. Ağac materiallarından bacarıqla istifadə edən ustalar böyük sənətkarlıq nümunələri yaradıblar. Zonada tikilən fərdi evlər diqqəti cəlb edir. Müasir eyvanları əvəz edən çardağabənzər köməkçi tikili (ləm) rütubətin çox olduğu bu yerdə tamamilə özünü doğruldur. Tikintidə kərpic və dam örtükləri üçün işlədilən kirəmit (suğal) həm də binaya yaraşıq verir.
Sənətkarların ağacdan hazırladıqları beşiklər, arabalar, dəyirman çarxları, dəmir alətlərin dəstəkləri və başqa məmulatlar həyat şəraitinin yaxşılaşdırılması baxımından effektlidir.
Yerüstü sərvətlərdən bacarıqla yararlanan insanlar torpağın özündən də müxtəlif alət və vəsaitlər hazırlayırlar. Tərkibində gilin daha çox olduğu torpaq məişət qabları və tikinti vasitələri hazırlamaq üçün dəyərli xammal rolunu oynayıb və xalq arasında dulusçuluq sənətinin inkişafına təkan verib. İstehsalında qadınların fəal iştirak etdiyi dulusçuluq məmulatları əhalinin tələbatını ödəməklə yanaşı, satışa da çıxarılıb. Bu ənənə hazırkı dövrdə də davam edir.
Zona bir sıra nadir müalicə otlarının və subtropik bitkilərin bitdiyi yer kimi də əhəmiyyətlidir.
Ən qiymətli irs söz sənətində və şifahi xalq ədəbiyyatında qorunmaqdadır. Bu baxımdan talış folklorunun zənginliyi maraq doğurur. Nağıl, əfsanə, atalar sözləri, məsəllər, mahnılar, nəğmələr məişət, təsərrüfat və birgəyaşayış qaydaları, əmək vərdişləri və zəhmətsevərlikdən, habelə talış dilinin zənginliyindən xəbər verir. Bu cəhətləri tədqiqatçı Allahverən Nəzərov öz məqalələrində məharətlə üzə çıxarır.
Ənənələri davam etdirən klassik şairlər Zülfüqar Əhmədzadə, Müzəffər Nəsirli, habelə Məmmədhüseyn Əliyev, Şəkər Aslan, Əhəd Muxtar, Əli Naser, Balayar Sadıq, Tofiq İlham, Xanəli Tolış, Allahverdi Bayrami, Xilqət, Aytən Eyvazon, Baləddin Veşo, Mehman Ğərəxani zoə, Camal Lələzoə, Məsudi Dövran, Şirəli Əlyar talış və Azərbaycan dillərində yazıb yaradan bədii söz sənətkarlarıdır. Son illərdə talış müəlliflərinin onlarla kitabları nəşr edilib (Camal Lələzoənin tərtib etdiyi iki cildlik “Talış folkloru”, Vüqar Həmatinin müəllifi olduğu “Talış poeziyası antologiyası”, İradə Məlikovanın tərtib etdiyi “Dodo” qəzetinin kitab halında nəşri və s.) oxuculara çatdırılıb. Aytən Eyvazonun “Dıli sədo” (Ürəyin səsi) adlı romanı oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Talış şair və ədiblərinin əsərlərində xalqın tarixi keçmişi, müasir həyatı ilə bağlı düşüncələr, müasir Azərbaycanımızın qüdrəti və inkişafı sahəsində görülən işlərdə vətən oğullarının rolu, Böyük Zəfərin qazanılmasında elin qəhrəmanlarının vəsfi və şəhidlərin anımı bədii təcəssümünü tapır, xalqlarımızın birliyi onların qüdrət mənbəyi kimi təqdim edilir. Tofiq İlhamın birliyə çağırışı “Dəmir yumruq” simvolunun mahiyyətini bədii şəkildə necə də tamamlayır:
Bir anlıq sel olmayaq heç zaman,
Qəfil əsən yel olmayaq heç zaman,
Ayrı-ayrı el olmayaq heç zaman,
Tək-tək yox, biz birlikdə şir olaq.
Ölkəmizdə multikulturalizm sahəsində dövlət siyasətinin həyata keçirilməsi ədəbi-tarixi abidələrin və bir sıra dəyərli əsərlərin talış dilinə tərcümə olunmasına imkan yaradıb. Buna nümunə olaraq “Avesta”nı, Qurani-Kərimin surələrini, “Kitabi-Dədə Qorqud” boylarını, “Əxbarnamə”ni, Səməd Vurğunun “Azərbaycan” şeirini, “Əli və Nino” romanını, habelə ölkəmizdəki azsaylı xalqların atalar sözləri və məsəllərini göstərmək olar.
Hazırda talış dilində çıxan “Dodo”, “Tolışon sədo”, “Ambur” qəzetlərinin, “Aləm” jurnalının səhifələrində şifahi xalq yaradıcılığı irsindən və ədəbi-bədii əsərlərdən nümunələr müntəzəm şəkildə dərc olunur.
Xalqın folklor irsi, xüsusilə dəyərlidir. Əmək prosesində və toy mərasimlərində kollektiv şəkildə ifa edilən talış xalq mahnıları məzmunu və musiqi ahənginə görə bəstəkarlar tərəfindən dəyərləndirilib. Lənkəran və Masallıda fəaliyyət göstərən “Halay” və “Nənələr” folklor ansambllarının 2021-ci ildə Şuşada “Xarıbülbül” musiqi festivalındakı çıxışları hərarətlə qarşılanıb.
Talış atalar sözləri lakonik məzmun və ibrətli ifadələri ilə seçildiyi kimi, xalqın həyat təcrübəsinin sərrast qənaətini verən fikirləri əks etdirir. Ümumiyyətlə, talışlar arasında valideynə hörmətin, ağsaqqal məsləhətinin xüsusi yeri var. Xeyir-şər işlərində irəlidə olan bu müdriklər mübahisəli məsələlərin həllində dəyərli təkliflərini verirlər. Aşağıda təqdim etdiyimiz, 1918-ci ildə nəşr olunmuş “Azərbaycan” qəzetində verilmiş tarixi fakt talış ağsaqqallarının humanistliyini və erməni şovinistlərinin qəddarlığını göstərir: “Erməni Milli Şurasının birbaşa sərəncamı ilə Lənkərana göndərilmiş silahlı qrup və Akopyanın daşnak dəstəsi əhalinin başına müsibətlər gətirib. Qəzanın qırx kəndində, o cümlədən Gərmətük, Kərgəlan, Girdəni, Mamusta, Sütəmurdov, Osakücədə bir gündə yüz yetmiş günahsız, dinc sakin daşnaklar tərəfindən öldürülüb. Bu kəndlər talışların yaşadığı kəndlərdir. Vəhşilik elə həddə çatıb ki, Sütəmurdov kəndinin ağsaqqalları (on üç nəfər) Akopyanın silahlı adamları ilə danışığa girmək istəyəndə rəhmsiz şəkildə onları qılıncdan keçirib doğrayıblar.”
Ölkəmizdə talışların və digər milli azlıqların etnik-mədəni irsinin, ədəbi-bədii yaradıcılığının qorunması və inkişafı sahəsində göstərilən qayğı dövlət siyasəti səviyyəsindədir. İnanırıq ki, multikultural, tolerant dəyərlərin inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafına xidmət edəcək, xalqlararası dostluğa böyük töhfələr verməklə, ölkəmizi humanizm prinsiplərinə sadiq, tolerant, multikultural məkan kimi dünyada tanıdacaq.