Yolum Qobustana idi. Mədəni irsimizin ən dəyərli nümunələrindən biri, qədim insan məskəni, əzəmətli və ecazkar Qobustana. Əlbəttə, bu, Qobustana ilk səfərim deyildi. İndi bu möhtəşəm yeri təkrar görəcəyimin zövqünü yaşayırdım.
Budur, qos-qoca Qobustan öz vüqarı və əzəmətilə bizi qarşılayır. Ayaq saxlayıb bu yerlərin təmiz havasını acgözlüklə ciyərlərimə çəkirəm, ruhuma hüzur verən sükutunu dinləyirəm…Və düşünürəm…
Düşünürəm ki, mədəni irsimizin baş tacı, tariximizin özü boyda parçasıdır Qobustan. Düşünürəm ki, Qobustanı gəzmədən, görmədən heç bir sənətə kamil yiyələnə bilməz kimsə. Tarixçilər tarixlər şahidi Qobustanı gəzib onun uzaq keçmişinə səyahət etmədən, musiqiçilər Qavaldaşda ifa edib o əsrarəngiz səsi eşitmədən, rəssamlar buradakı qayaüstü təsvirləri, heykəltaraşlar buradan tapılan kiçik ölçülü qadın fiqurlarını, memarlar sığınacaqları, mağaraları görmədən nə sənətdə, nə elmdə “ən yaxşı” ola bilməz. Yarım qalar, tamamlanmaz…
Düşünürəm ki, bəlkə də, elə ilk buradan başlamaq lazımdır dünya səyahətinə… Adı üstündədir… Dünya səyahəti. Dünyanın ilkindən indikinə…
Qobustan qədim dövrlərin daş ensiklopediyasıdır. İçində gəzə-gəzə qədim tariximizin, zəngin mədəniyyətimizin ziyasına bürünür insan. Qayalar insanı maqnit cazibəsiylə özünə cəlb edir. İnsan, müxtəlif heyvan, qayıq, araba təsvirləri və digər rəmzi işarələr ciddi maraq doğurmaqla yanaşı əcdadlarımızın inanclarını, həyat və məişət tərzini izləməyə imkan verir. Aydınlanır zehnimizdə, canlanır gözümüzdə qədim çağlar…
Bu qeyri-adi məkanın sehrinə qapılıram. Qayaüstü təsvirlər məni tarixin uzaq səhifələrinə aparır, dərin düşüncələrə qərq edir. Düşüncələr və təəssüratlar burulğanında izahsız hisslər yaşayıram… Mənə elə gəlir, Qobustan Tanrı ilə insanın baş-başa qaldığı müqəddəs mistik-ilahi yerdir. Bu baxımdan, əminliklə deyə bilərəm, Qobustan sakral məkan kimi təkcə cismini deyil, həm də ruhunu səyahətə çıxarmaq istəyənlər üçün ən gözəl seçimdir.
Səyyah olaraq dünyanın bir çox mədəniyyət mərkəzlərini ziyarət etdiyimə görə, dünya irs nümunələrini xalqımın yaratdığı mədəni irs nümunələri ilə müqayisə etmək imkanına malikəm. Amma əcnəbilərin ölkəm haqqında müsbət düşüncələrini bilmək mənə daim milli qürur hissi yaşadır. Bu hissi bir daha yaşamaq üçün ekskursiya marşrut xətti üzrə rastlaşdığım ziyarətçiləri izləyirəm, onların danışığından, simasından gördüklərinə, eşitdiklərinə heyranlıqlarını görürəm. Ulu əcdadlarımızın sadə əmək alətləri ilə yaratdığı bu möhtəşəm sənət əsərləri, yaşayış yerləri, sığınacaqlar, aşkar olunmuş artefaktlar onları da təəccübləndirir. Düşünməyə bilmir insan bu sənət əsərlərinin müəllifi olan qədim rəssamları. Görəsən, o dövrün də mi Mikelanceloları, Van Qoqları, Pikassoları, Səttarları vardı? Yoxsa Tanrı lütf edib rəssamlıq qabiliyyəti verdiyi bütün insanları bir vəhdətdə Qobustanda birləşdirib, məsləkdaşa çeviribmiş onları?
Qobustan landşaft gözəllikləri ilə də insanları valeh edir. Azərbaycanın nadir relyef formalarından biri olan “masa dağlar” Qobustanda yerləşir. Bu sıldırım və sərt yamaclı, yastı zirvəli yüksəkliklər fantastik görünüşü ilə insanı heyrətə gətirir.
Bir alpinist kimi sıralanmış sərt qayalar xüsusilə diqqətimi çəkir. Düşünürəm ki, Qobustan qayaları hündürlüyü çox olmayan, amma çox uca bir zirvədir. Elə bir zirvə ki, öz tarixi keçmişi, əzəməti və füsunkarlığı ilə o insanları fəth edir.
Zamanın necə keçdiyini hiss etmədən Qobustana səyahətim sona çatır. Zəngin təəssüratlar və xoş duyğularla ayrılıram Qobustandan. Addım-addım uzaqlaşdıqca qulağıma Qavaldaşın əks-sədası gəlir.
Qavaldaşdan çıxan səs əvvəllər məni qədim zamanlara səyahətə aparırdısa, indi o səsdə həm də bir zəfər notu, qalibiyyət qüruru hiss edirəm. Bu qalibiyyət çələngi mənə şair Zakir Bayramlının müəllifi olduğu “Qobustan poeması”ndan bu misraları xatırladır.
Daş olmaq istədim, bir qaval daşı,
Yenilməz igidlər gələ qarşıma.
Təmənna gözləməz haqqın yoldaşı,
Səs qatım qürurla zəfər marşına.
Daş olmaq istədim, Qobustan daşı,
Ünvan – Azərbaycan, min illər – yaşı…
Fərid NOVRUZİ