Rubrikamızın qonağı ali dərəcəli bərpaçı-rəssam, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovdur.
– Natiq müəllim, əvvəlcə Azərbaycanda bərpaçı-rəssam sənətinin təşəkkülündən danışaq...
– Azərbaycanda bərpaçılıq sənəti Fərhad Hacıyevin adı ilə bağlıdır. Fərhad İbrahim oğlu Hacıyev 1929-cu ildə Şamaxı şəhərində anadan olub. Kiçik yaşlarından sənətə maraq göstərən Fərhad Hacıyev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirəndən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirir, məşhur bərpaçı-rəssamlar İ.Qrabar, V.Filatov, S.Çurakov və başqalarından dərs alır.
O hələ tələbə ikən bu sahədə özünü sınayır. Drezden kolleksiyasından məşhur rəssamların yağlı boya tablolarını, Kiyevdəki Müqəddəs Sofiya kilsəsindən mozaik kompozisiyaları, Novqorod, Pskov, Vladimir və digər şəhərlərdən ikonaları, Sankt-Peterburqdakı Ermitaj Muzeyindən, Moskvadakı Tretyakov qalereyasından və digər muzeylərdən əsərləri buna misal göstərmək olar. Bərpaçı-rəssam 1957-ci ildə R.Mustafayev adına İncəsənət Muzeyində işə başlayır və burada Azərbaycanda ilk bərpaçı mütəxəssis kimi bərpaçılıq sənətinin əsasını qoyur. Fəaliyyəti dövründə muzeyin fonduna daxil olan yüzlərlə məhv olma təhlükəsi ilə üzləşən sənət əsərinə ikinci həyat verir. Azərbaycan rəssamlarından B.Kəngərlinin, Ə.Əzimzadənin, M.Nəvvabın, M.Abbasovun, M.Cavadovun, T.Nərimanbəyovun, T.Salahovun, M.Abdullayevin, rus rəssamlarından V.Tropininin, K.Korovinin, V.Borovikovskinin, V.Kandinskinin, V.Vereşşaginin, İ.Maşkovun, Avropa sənətkarlarından A.Sartonun, J.Düprenin və başqalarının əsərlərini peşəkarcasına bərpa edir.
F.Hacıyevdən söz düşəndə həm də rus rəssamı İ.Brodskinin 1912-ci ildə çəkdiyi “Hacı Zeynalabdin Tağıyevin portreti” tablosu xatırlanır. Mənbələrdə qeyd edilir ki, bu məşhur əsər Azərbaycanda bolşeviklər hakimiyyətə gələndən sonra Azərbaycan Tarixi Muzeyindən yığışdırılır və nümayişi yasaq edilir. Baxımsızlıq üzündən məhv olmaq təhlükəsi ilə üzləşən əsər F.Hacıyevin böyük səyi ilə bərpa olunaraq ikinci həyat qazanır və milli mesenatın öz keçmiş evinə – Azərbaycan Tarixi Muzeyinə qaytarılır.
1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilən bərpaçı-rəssam 1970-ci ildə YUNESCO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasına (İCOM) üzv seçilir.
Bir müddət sonra rəssamın bərpa emalatxanası İçərişəhərdəki “Bəylər” məscidinə köçürülür və yeni avadanlıqlarla təmin edilir. 1980-ci ildə isə bu emalatxana rəsmi şəkildə ayrıca quruma – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə çevrilir. F.Hacıyev mərkəzin ilk rəhbəri olur və ömrünün sonunadək orada çalışır.
– Yüksək peşəkarlıq, diqqət və həssaqlıq tələb edən bu sənətə gəlişinizdən söhbət açardınız?
– Bu sənətə gəlişimin səbəbkarı da elə bərpaçı rəssam Fərhad Hacıyev olub. Fərhad Hacıyevlə qohumluğumun nəticəsində bütün uşaqlıq dövrüm onun yanında, gördüyünüz bu emalatxanada keçib. 1975-1980-cı illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşam. 1982-1986-cı illərdə Moskvadakı Ümumittifaq Bərpa İnstitunun nəzdində fəaliyyət göstərən Ümumittifaq bərpaçılar kursunu bitirmişəm. Amma bu zamana qədər altı yaşımdan Fərhad Hacıyevdən yetərincə dərs alıb, praktiki vərdişlər qazanmışdım. Sovetlər dönəmində SSRİ Ali Attestasiyası tərəfindən attestasiya olunmuş və “Ali dərəcəli bərpaçı rəssam” statusunu almış ilk azərbaycanlı gənc rəssam olmuşam, SSRİ Bərpaçılar İttifaqının üzvü seçilmişəm. Mən bu statusa layiq görüləndə iyirmi dörd-iyirmi beş yaşım var idi. Halbuki ali dərəcə almaq üçün bu sahədə ən azı on il staj tələb olunurdu. Mən isə bu statusu alanda cəmi altı illik iş stajım var idi. Artıq qırx iki ildir, Respublika Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çalışıram. 2010-cu ildən Azərbaycan Dövlət Milli İncəsənət Muzeyində Bərpa emalatxanası yenidən fəaliyyətə başlayandan sonra bu şöbəyə rəhbərlik edirəm. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində həm Ekspert və Attestasiya komissiyalarının, həm də Bədii şura komissiyasının sədriyəm. Bütün növ muzey əşyalarının bərpası üzrə ixtisaslaşmış universal bərpaçıyam. İCOM-un və Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adı, 2018-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşam. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərirəm.
– Peşəkar təcrübəyə malik bərpaçı-rəssam kimi bərpa etmək arzusunda olduğunuz eksponat, bu sahədə çatmaq istədiyiniz bir zirvə qalıbmı?
– Fransadan Azərbaycana sərgidə nümayiş üçün gətirilən Renuarın əsərində aşkar olunmuş zədəni, Azərbaycan Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və Gəncədə Sovet dövründə kitabxana kimi istifadə olunan qədim məscidin divarındakı Toğrul Nərimanbəyovun müəllifi olduğu divar rəsmlərini, Şəkidəki Şəkixanovlar sarayının çökən arxa divarını yüksək səviyyədə bərpa etdikdən sonra, demək olar ki, özümü bu sahədə bütün çətinliklərin öhdəsindən gəlmiş hesab edirəm və düşünürəm ki, artıq bu sahədə arzusunda olduğum bütün zirvələri fəth etmişəm.
– Çarə tapmadığınız, bərpa işində çətinlik çəkdiyiniz əsər olubmu?
– Bərpa edə bilmədiyim əşya olmayıb. Amma bir dəfə naməlum rəssamın əsərini bərpa etmək vaxtımı çox aldı. Qadın portreti idi. Əlinin bir hissəsi zədələndiyindən əlində nə tutduğunu aydınlaşdırmaq çətin idi. Adətən, belə hallarda müəllifin digər əsərləri ilə müqayisə aparır, oxşar və fərqli cəhətlərini tapır və bərpa işində faydalanırıq. Amma bu əsərin müəllifi naməlum olduğuna görə həmin əsəri İtaliya rəssamlıq məktəbinin XlX əsrin birinci yarısına aid həmin üslubda çəkən rəssamlarının əl işləri ilə müqayisə etdim. Bir rəssamın əsərində gənc və məsum üzlü bir qızın əlində tutduğu çobanyastığı çiçəyi diqqətimi cəlb etdi. Mənim işlədiyim əsərdə kompozisiyadakı orta yaşlarında qadın təsvir olunmuşdu. Təsvirləri müqayisəyə həm də məntiqi yanaşmamı əlavə etdim. Qərara gəldim ki, orta yaşlı qadının əlində gənc qız kimi çobanyastığı çiçəyi deyil, o vaxtlar olduqca böyük dəyər verilən, yüksək zövq nişanəsi hesab olunan qızılgül təsvir edim. Bu əsərə görə araşdırmalarım vaxtımı çox alsa da, nəticə mükəmməl alınmışdı.
– Bərpa işinin təkmilləşdirilməsi üçün müasir texnologiyalardan istifadə edirsinizmi?
– Əlbəttə, bərpa sahəsində klassik üsullarla bərabər yeni texnologiyanın istifadəsini dəstəkləyirəm. Ümumiyyətlə, bu, elə bir sahədir ki, burada mühafizəkar yanaşmaya ehtiyac yoxdur.
– Sonda, əlbəttə, bərpaçı-rəssam mütəxəssis kimi məsləhətinizi eşitmək istərdik. Özünün bərpa emalatxanası və yaxud ştatında ayrıca bərpaçısı olmayan muzeylərə ilk növbədə tövsiyəniz nə olardı?
– Muzey sərvətləri zaman ötdükcə, tədricən kimyəvi, fiziki, bioloji və mexaniki təsirlərə məruz qalır və beləcə məhvolma mərhələsinə çatırlar. Bu prosesin qarşısının alınması tam mümkün olmasa da, məhvolma təhlükəsi ilə üzləşən əsərlərə ilkin və düzgün müdaxilə əsərin daha uzunömürlü olmasına xidmət edir. Muzeylərdən bizə bərpa üçün ən çox arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş dulusçuluq məmulatları, xalça və rəsm əsərləri daxil olur. Muzey əşyalarını məhv olmaqdan qorumaq üçün, ilk növbədə, temperаtur-rütubət, bioloji və işıq rejiminə riayət etmək lazımdır. Bu əşyaların necə saxlanılmasından da asılıdır. Muzey əşyalarını daha yaxşı saxlamaq üçün fondlarda mütləq kətan üzərində çəkilmiş tabloların və taxta üzərində işlənmiş boyakarlıq əsərlərinin mühafizəsi üçün ayrı-ayrı yuvaları olan çoxyaruslu qəfəsələr, dəzgah boyakarlığı əsərlərini bürmələmək üçün vərdənələr olmalıdır. Bundan başqa muzeydə günəş işığına həssas əşyaları saxlamaq üçün dolabların, ayrı-ayrı əşyaları saxlamaq üçün havanın dəyişilməsini təmin edən vitrinlərin, nəqqaşlıq əsərlərini saxlamaq üçün lövhələrin, kiçik həcmli əşyaları saxlamaq üçün tabaqların, qutuların, iri qabaritli əşyaları saxlamaq üçün isə dayaqlıqların olması mütləqdir. Eləcə də, əşyaların nümayiş olunması zamanı muzey əşyaları üçün ekspozisiya zalları xüsusi avadanlıqlarla təchiz olunmalıdır. Hansısa səbəbdən zədələnmiş eksponatın bərpa üçün mərkəzlərimizə göndərilməsi mümkün olmadıqda, ilk növbədə, bu işə məsul muzey əməkdaşları zədələnməyə və dağılmaya məruz qalmış eksponatı digər ekponatlardan təcrid edərək tam dağılmaması üçün müvəqqəti bərkitməli, dezinfeksiya işləri aparmaqla xüsusi qablaşdırmalı və saxlanılmasını təmin etməlidirlər.
Vəfa HÜSEYNOVA