“Gəzək qarış-qarış Azərbaycanı” adlı yeni rubrika vətənimizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edir. Rubrikanın ilk yazısı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri, 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Şamaxıya həsr olunub.
Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri qədim Albaniya dövlətinin böyük yaşayış məskənlərindən biri idi. Tarix boyu baş vermiş dəhşətli zəlzələlər zamanı dəfələrlə yerlə-yeksan olmuş, dəfələrlə yerini dəyişmiş Şamaxının arxeoloji qazıntılar zamanı ən qədim hissəsini müəyyənləşdirmək mümkün olmasa da, antik müəlliflərin yazılı məlumatları və Xınıslı qazıntılarının nəticələrinə görə, şəhərin ən azı iki min beş yüz il yaşı var. Qədim yaşayış məskənində tədricən şəhər kimi formalaşan Şamaxı obyektiv səbəblərdən zaman-zaman sərhədlərini dəyişməli olsa da, erkən orta əsrlərdə şəhər kimi mövcudluğunu və əhəmiyyətini qoruyub saxlaya bilib, xilafətin dövründə isə tədricən mühüm ictimai-siyasi və iqtisadi mərkəzə çevrilib.
IX əsrdən etibarən Şamaxı şəhəri haqqında mənbələrdə çox geniş məlumatlar verilir. Məlum olur ki, Şamaxı şəhəri Azərbaycan Şirvanşahlar dövlətinin mərkəzi kimi inkişaf edib və karvan yollarının əhəmiyyəti xeyli artıb.
Ərəb müəlliflərinin məlumatlarına görə, IX-XIII əsrlərdə Şamaxı qərbdən Bərdə, Gəncə, Tiflis, şimaldan Şabran, Dərbənd, şərqdən Xəzər dənizi, cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları vasitəsilə dünyanın bir çox ölkələri ilə iqtisadi və mədəni əlaqələr saxlayıb.
Şamaxıda tapılmış Orta Asiya şəhərlərinə məxsus basma naxışlı saxsı qablar XI-XII əsrlərdə Şamaxının Orta Asiya şəhərləri ilə iqtisadi-mədəni əlaqələri olduğunu sübüt edir. XII əsrdə Şamaxı Hindistanla, Çinlə də iqtisadi-mədəni əlaqələr saxlayırdı. Arxeoloji qazıntılar zamanı Şamaxıda tapılmış mis sikkələr, Çində istehsal edilmiş çini qablar, beynəlxalq ticarət əlaqələrinə xidmət edən karvansaralar qədim Şamaxının tarixi İpək yolundakı rolunu sübut edir. Bu şəhər Azərbaycan miqyasında ən böyük iqtisadi mərkəz idi. İtalyan səyyah A.Kontarinin verdiyi məlumata görə, Şamaxı həyat üçün əlverişli olan məhsulların çoxluğu baxımından Təbrizdən daha üstün olub.
1538-ci ildə Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtına çevrilib. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri məhz Şamaxı olub. Bu mənada ingilis səyyahı A.Cenkinson Şamaxını “Gözəl kral şəhəri” adlandırıb.
Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaralar var idi. XVI əsrin ikinci yarısında burada ingilislərə məxsus “Moskva şirkəti”nin daimi nümayəndəliyi açılıb.
Moskva tacirləri Şamaxı bazarlarında Moskvada hazırlanmış sənətkarlıq məhsullarını satır, yerli malları, əsasən də xam ipək və ipək parçalar alırdılar. XVII əsrin əvvəllərində Şamaxı şəhəri xeyli möhkəmləndirilmişdi. Alman alimi, coğrafiyaşünas A.Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən divarlarla əhatələnmiş iki hissədən ibarət şəhər idi.
Xanlıqlar dövründə Şamaxı şəhəri xanlığın mərkəzi kimi yenə də iqtisadi və siyasi əhəmiyyətini saxlayıb.
XVIII əsrin 70-ci illərində Şamaxıda minə yaxın evdə beş-altı min adam yaşayırdı.
Şəhər inzibati cəhətdən məhəllələrə bölünürdü. Şamaxı şəhəri və Şamaxı qəzası 1918-ci il iyulun 18-də Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-bolşevik qüvvələrinin işğalı altında qalmışdı. Şəhər düşmənlərdən azad ediləndən sonra sağ qalmış əhali yavaş-yavaş geri dönməyə başlamış, həyat tədricən öz axarına düşmüş, qısa müddət ərzində dirçələn Şamaxı Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış mərkəzə çevrilmişdi.
Şamaxı rayonu tarix və mədəniyyət abidələri ilə zəngindir. Rayonda yetmiş beş dövlət qeydiyyatına alınmış və iyirmi yeddi yeni aşkar olunmuş abidə mövcuddur. Cümə məscidi, Pirmərdəkan xanəgahı, Şahxəndan türbəsi, Yeddi günbəz kompleksi, Qaleyi Bəyqurt qalasının qalıqları, habelə Dəmirçilər kəndi ərazisindəki son antik-erkən orta əsrlər dövrünə aid nekropol rayona gələn turistlərin böyük maraq göstərdikləri yerlərdəndir.
Şamaxıda şəhərin tarixi haqqında ətraflı məlumat verən, zəngin ekspozisiyaya mailk Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.
Xalqımıza Xaqanilər, Nəsimilər, Seyid Əzim Şirvanilər, Sabirlər, Abbas Səhhətlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş etmiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biridir.
Şamaxı Azərbaycanın pir və ziyarətgahları ilə seçilən bölgələrindəndir. Pir-Mərdəkan, Pir Ömər Sultan, Pirsaat baba, Mir Səid, Qara Sofi (Yel piri), Şeyx Əyyub, Uzun yol, Qəriblər, Yeddi günbəz, Alçalı (Ziyil piri), Dədəgünəş ziyarətgahları və digər müqəddəs yerlər inanclı insanları daim bu əraziyə cəlb edir.
Şamaxıda tarixən ipəkçilik, dabbaqlıq, misgərlik, dulusçuluq, dərzilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik və s. yüksək səviyyədə inkişaf edib.
Hazırda rayonda dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində ailə bizneslərinə dəstək layihələrini həyata keçirən ABAD mərkəzi fəaliyyət göstərir.
Turistlər hədiyyə seçimində yerli sənətkarların hazırladıqları əl işləri və suvenirlərə üstünlük verirlər.
Şamaxının zəngin mətbəxi tarixən formalaşmış kulinariya mədəniyyətindən xəbər verir. Şamaxı mətbəxinin zənginliyini faktlar da sübut edir. Tarixi mənbələrdə qeyd olunur ki, 1562-ci ildə məşhur ingilis səyyahı və taciri A.Cenkinson Şirvan hökmdarı Abdulla Xan Ustaclının qonağı olarkən Azərbaycan milli mətbəxinin zənginliyinə heyran qalmışdı. Xan qonaq üçün süfrəyə iki yüz doxsan adda milli isti və soyuq yemək, salat, qəlyanaltı, çərəz düzdürübmüş.
Tarixən rayonun ərazisində maldarlıq, arıçılıq və ipəkçilik, eləcə də bağçılıq və üzümçülük kimi sahələr inkişaf edib. Vaxtilə Şamaxının “Abbasi” və “Maləccə” armud sortları bütün Qafqazda məşhur olub. Çox qədim zamanlardan üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhur olan rayonda yerli süfrə şərabları hazırlanıb, karvanlar vasitəsilə xarici ölkələrə daşınıb və bu məkana şöhrət qazandırıb. Təsadüfi deyil ki, 2019-cu ildə “I Azərbaycan Üzüm və Şərab Festivalı” da məhz qədim üzümçülük və şərabçılıq ənənələrinə malik Şamaxı rayonunun Meysəri kəndində keçirilib.
Şamaxı mədəni-turistik resurslarından başqa həm də əhalisinin yüksək qonaqpərvərliyi və səmimiyyəti ilə seçilir.
Rayonun iqlimi mülayim, torpaqları münbit, flora və faunası zəngindir. Rayon tarixi-coğrafi və ekoloji baxımdan istirahət, turizm üçün olduqca əlverişlidir. Sərin, bol sulu bulaqları, zəngin təbii gözəlliyi, müxtəlif növ tərkibli bitki və heyvanat aləmi olan Ulu düzü, Bülövdaş, Şərədil, Dədəgünəş, Qonaqkənd meşələri, xüsusilə seçilir. Rayonun dağlıq zonası müalicə, kurort əhəmiyyətli mineral sularla zəngindir. Rayon ərazisində bir neçə yerdə turistləri maraqlandıran palçıq vulkanlarına rast gəlmək olur. Dəniz səviyyəsindən min dörd yüz-min beş yüz metr yüksəklikdə yerləşən Pirqulu zonası istirahət və turizm üçün olduqca əlverişlidir. 1968-ci ildə yaradılan Pirqulu qoruğu, sonradan təşkil olunan Şahdağ Milli Parkının ərazisinə birləşdiriləndən sonra burada piyada gəzinti, idman, macəra, elmi, ovçuluq, atçılıq, ekoloji və s. turizm növlərinin inkişafı üçün infrastruktur yaranıb. Milli parkın ərazisində cüyür, qaban, çöl pişiyi, tülkü, canavar, ayı, çoxlu quş növləri yaşayır.
Rayonda vəhşi heyvanlar üçün yaradılan ekoloji qoruq – Şamaxı Safari Parkı da ekoturizm həvəskarlarını cəlb edən məkanlardandır. Ziyarətçilər parkda vəhşi heyvanları seyr edə, onların şəkillərini çəkə və ətraflı məlumat ala bilirlər.
Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Şamaxı rayonu böyük inkişaf yolu keçib. Bu gün ölkə başçısının qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Şamaxıda Azərbaycanın qədim dövlətçiliyini, zəngin mədəniyyətini özündə ehtiva edən tarixi abidələr qayğı ilə qorunur, bərpa edilir, eyni zamanda çoxsaylı sosial infrastruktur obyektləri tikilir, istehsal müəssisələri yaradılır, nəhəng abadlıq-quruculuq layihələri həyata keçirilir.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin VII iclası və turizm üzrə işçi qrupunun XVII iclasında qəbul edilən qərara əsasən Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. Bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsində qeyd edən şəhər artıq paytaxt statusunu ləyaqətlə daşımağa, dəyərli qonaqlarını qarşılamağa hazırlaşır.
İnanırıq ki, qədim tarixə, zəngin mədəniyyətə malik Şamaxı şəhəri tezliklə təkcə ölkəmizin deyil, eyni zamanda bütün türk dünyasının mədəniyyət mərkəzlərdən biri kimi dünyada tanınacaq, qonaqlarının, şəninə yazılan məşhur mahnıda deyildiyi kimi, “mehr saldığı” və “heyran olduğu” məkan olacaq.