Müsahibimiz Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadədir. Müsahibə üçün Xaliqlə bağlı araşdırmalarımız zamanı onun model fəaliyyəti ilə yanaşı, rəssamlıq, aktyorluq və illüziya sənəti ilə də məşğul olduğunun şahidi olduq
Qeyd edək ki, Xaliqin müsahibələri anası Xədicə xanımın yardımı və dəstəyi ilə reallaşır.
– İstədim, səninlə müsahibəyə alışdığımız özünü təqdimetmə ilə deyil, səmimi söhbətlə başlayaq. Söhbətimizə jestlərdən başlasaq necə? Düşünürəm ki, ürəyincə olar. Xaliq, insan həyatında jestlər önəmlidirmi?
– Mənimlə tanış olmaq istədiyiniz üçün sizə təşəkkür edirəm. Mən də səmimi söhbəti çox sevirəm. Jestlər nitq məhdudiyyətli insanların həyatı üçün çox vacibdir. Biz həyatı da, insanları da, dünyanı da jestlərlə başa düşürük.
– Rəssam olsam da, mənə sənin rəssamlıq deyil, məhz aktyorluq fəaliyyətin daha maraqlıdır. Çünki praktik olaraq rəssamlıq əl qabiliyyəti tələb edir. Aktyor üçün isə diksiya, səs önəmli amillərdəndir. Amma sən bunun öhdəsindən çox gözəl gəlmisən. Çətin deyil ki?
– Düzü, hər sənətin öz çətinliyi var. Aktyorluq sənəti mənim üçün həm çətin, həm də çox maraqlıdır. Biz həyatda olduğu kimi, səhnədə də özümüzü jestlərlə, mimik hərəkətlərlə ifadə edirik.
– Aktyor sənətindən söz açmışkən, oynadığın tamaşadan, inklüziv teatrdan və ümumiyyətlə, bu layihənin ərsəyə gəlməsindən, əməyi keçənlərdən geniş məlumat verməyini istəyirəm. Müsahibəyə başlamadan öncə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə söhbətimiz oldu. Əliqismət müəllim söhbət zamanı sənin aktyorluq bacarığını, inklüziv teatrda iştirakını yüksək qiymətləndirdi, sənə bu sənətdə və həyatda uğurlar arzuladı.
– Çox sağ olsun. Mən də öz növbəmdə bu layihədə və mənim üzərimdə əməyi olan başda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev olmaqla, layihənin prodüseri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədova, tanınmış aktyorumuz, Xalq artisti Pərviz Məmmədrzayevə, tanınmış illüziya ustası Tofiq İgəndərliyə və baletmeyster, Əməkdar artist Emin Əliyevə dərin minnətdarlığımı bildirirəm. Düzünü desəm, Rəcəb müəllim məni bu layihəyə dəvət edəndə həm sevindim, həm də çox həyəcanlandım. Çünki aktyor kimi böyük səhnəyə heç vaxt çıxmamışdım. Düşünürəm ki, bu layihə haqqında Rəcəb müəllim daha dolğun məlumat verər.

Rəcəb Məmmədov
– Mən də öz növbəmdə bu layihə ətrafında birləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivinə və layihəyə böyük köməklik göstərən teatrın rəhbərinə təşəkkürümü bildirirəm. Xatırladım ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “İnklüziv teatr layihəsi” YUNESKO-nun dəstəyi ilə həyata keçirilib.
Xüsusilə Xaliqin istedadından danışmaq istəyirəm. Hesab edirəm ki, Tanrı heç vaxt ədalətsiz olmur. Bəlkə də, Xaliqin eşitməməyi və danışa bilməməyi onun həyatında qarşısına çıxan ilk ən böyük sınağıdır. Amma əvəzində Tanrı Xaliqə çox böyük qabiliyyətlər verib. Hətta normal danışma, eşitmə qabiliyyəti olan şəxs özünü ifadə edə bilmədiyi halda, Xaliq öz istedadını yüksək ifadə etmə qabiliyyətinə malikdir. Xaliqin timsalında bu cür insanlara bildirmək istəyirəm ki, həyatda ruhdan düşmək üçün bunlar səbəb deyil. Cəmiyyət olaraq şərait yaratmalıyıq ki, onlar öz istedadlarını üzə çıxara bilsinlər, buna risk etsinlər. Xaliqin bu sənətə addımını yüksək dəyərləndirirəm. Fikrimcə, inklüziv teatrda ən yaxşı aktyorlardandır.
Xaliqin istedad və bacarığının hərtərəfli inkişafında rolu böyük olan anası Xədicə xanımın adını vurğulamaq istəyirəm. Çünki Xaliqin bu səviyyəyə çatması üçün Xədicə xanım olduqca böyük fədakarlıqlar edib. Əminəm ki, belə olmasaydı, Xaliq bu dərəcədə inkişaf edə bilməzdi.

– Hətta illüziyanı da bacarırsan…
– İllüziya… Bu sənətin sirlərini Tofiq İsgəndərliyə borcluyam. Bu sahədə bacarığımı ondan soruşsanız daha doğru olar.
Tofiq İsgəndərli:
– Öncə onu deyim ki, Xaliqin fakturası əsl səhnəlikdir. Boy-buxun, yaraşıqlı sir-sifət hamısı onda cəmlənib. Bu, fokus sənəti üçün də önəmli amildir. Çünki zahiri görünüş cəlbedici olanda tamaşaçıya təsir etmək və göstərəcəyin nömrəni qəbul etdirmək daha rahat olur. Xaliqin götürmə qabiliyyəti də yaxşıdır. Bir önəmli amil də var ki, öyrətdiyini sənə olduğu kimi qaytarmır, özünün də kiçik əlavəsi olur. Yəni öyrəndiyi nömrələrə yaradıcı yanaşır. Bu adamda yaradıcılıq qabiliyyəti var. Bir sözlə, Allah Xaliqə hər şey verib. Mən də öz növbəmdə həmişə ona dəstəyəm və sənətdə ona uğurlar arzulayıram.
– Moda dünyası… Necə düşdün bu aləmə?
– Bir dəfə təsadüfən haradansa moda jurnalı keçmişdi əlimə. Oradakı modellərə baxdıqca bir anlıq özümü orada, onların yerində xəyal etdim. Fikirləşdim ki, niyə də nitq məhdudiyyətli model olmasın?! Xarici görünüşümə güvəndim və qarşıma məqsəd qoydum. Yəni nitq məhdudiyyəti modelliyə əngəl olmadı, əksinə mənim üçün daha geniş qapılar açıldı. Azərbaycanda ilkə imza atdım. Məqsədimə çatmaq üçün bu işdə mənə yol göstərən, dəstəyini əsirgəməyən və daim yanımda olan insanlara, modelyer-imicmeyker, model-xoreoqraf və High Life Fasion and Model Akademiyasının prezidenti Mübariz Allahverdizadəyə və Dünya Gözəllik Konqresinin prezidenti, Azərbaycan Moda Assosiasiyasının baş direktoru Zamir Hüseynova öz dərin minnətdarlığımı bildirirəm. Onların əməyinin nəticəsidir ki, dünyanın ən prestijli yarışlarından olan “Men of the World” və “Miss and Mister Caucas-2016” yarışmasında həm yarımfinalın, həm də finalın qalibi oldum.
Zamir Hüseynov:
– Bilirsiniz, çoxsaylı yerli və beynəlxalq müsabiqələrdə jürilik etmişəm, saysız insanlarla rastlaşmışam, amma heç vaxt Xaliq kimi hədsiz ünsiyyətcil, sosial gənc görməmişəm. Danışa bilmir, ancaq hamı ilə ünsiyyət qurmağı bacarır, hamı ilə dostlaşmağı bilir, işıq kimi hamını özünə cəlb edir. Bir sözlə, o möcüzədir.
Qalibiyyəti onun üçün dünyaya qapıları açdı. Xaliq Azərbaycanı xaricdə təmsil etmək haqqını qazandı. Ancaq təəssüflənirəm ki, həmin dönəmdə pandemiya ilə əlaqədar xarici səfərlərin hamısı təxirə salındı. İnşallah, bu ildən planda olan bütün layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xaliq dünyaya çıxacaq, Avropa turlarına qatılacaq və layihələrdə iştirakına görə mükafatlandırılacaq. Hətta sentyabrda Bakıda reallaşacaq çox yüksək beynəlxalq moda və gözəllik layihəsində Xaliqin jüri kimi iştirakı planlaşdırılır. Bir sözlə, Xaliq qazandığı bütün uğurlara layiqdir və mən bu uğurlu yolda ona hər cür dəstək olmağa hazıram.
– Xədicə xanım, Xaliqin ictimai fəaliyyəti və yaradıcı tərəfləri yetəri qədər bəllidir. Bilirik ki, bu işlərdə onun ən böyük dəstəkçisisiniz. Hətta surdo əlifbasını məhz Xaliqə görə öyrənmisiniz. Bəs Xaliqin bilmədiyimiz tərəfləri?

– İncəsənət Xaliqin ruhundadır. O, balaca olanda taxta parçalarından özünə oyuncaqlar hazırlayırdı və onların rəsmini çəkirdi. Sonralar isə karikaturalar çəkməyə başladı. Bir uşağın heç bir rəsm təhsili almadan bu cür işlər görməyi məni çox təəccübləndirirdi. Anladım ki, Xaliq fərqlidir, yaradıcıdır. Onun həvəsinə, qabiliyyətinə görə rəssam yanına apardım. Xaliq o qədər istedadlı idi ki, oxuduğu məktəbdə rəsm və heykəltəraşlıq sərgilərini keçirirdilər. Hətta futbolda, şahmatda məktəbimizi həmişə birinci yerə çıxarırdı.
Xaliq uşaq olanda bu cür doğulması üçün çox fikir çəkir, çox çarpışıb-vuruşurdum necə edim, hansı yolu tutum deyə. Bir gün yuxuda Xaliqi böyük səhnədə gördüm. Xaliq iri cüssəli uşaq olduğuna görə düşünürdüm ki, yəqin, yuxudakı uğuru idman sahəsində olacaq. Amma onu teatrın böyük səhnəsində və moda sahəsindəki uğurlarını görəndə anladım ki, gördüyüm yuxu məhz bu idi. Ümumiyyətlə, bacarıqlarını saymaqla bitməz.
Rəcəb müəllimin, Tofiq müəllimin və Zamir müəllimin timsalında Xaliqə dəstək olan bütün insanlara minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, ona istedadını üzə çıxarmaqda köməklik göstərirlər. Xaliqin parlaq gələcəyinə çox inanıram.
Səidə MUSAYEVA