Qarabağın məşhur “Çələbi” xalçası 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə olunmuşdur.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid xalçanın ara sahəsi tək göl kompozisiyasına malik olub, tünd sumağı yerliyində on altı ləçəkli, girintili-çıxıntılı iri göl təsviri və ətrafında müxtəlif mənalar daşıyan doldurucu elementlərlə tərtib edilmişdir. Qədim türklərə məxsus olan bu göl elementi müxtəlif mənaları ifadə etsə də, əsas etibarı ilə günəşi təcəssüm etdirir. Ara sahəni əhatə edən əsas haşiyə qurşağı isə Azərbaycan xalçaçılığında geniş yayılmış “zülfələm” naxışlardan ibarətdir. Xalçanın həm ara sahəsində, həm də haşiyə qurşağındakı digər elementlər rəng baxımından kompozisiyaya xüsusi ahəngdarlıq gətirir.
XVIII əsrdə təbii boyaqlarla boyanmış yüksək keyfiyyətli yundan toxunan, mükəmməl kompozisiyalı xalçanın dövrümüzə yaxşı vəziyyətdə gəlib çatması səbəbindən muzey kolleksiyası üçün müstəsna əhəmiyyət daşıyır.
Üzeyir Hacıbəyovun Ev-Muzeyi (Bakı)
Azərbaycan peşəkar musiqisinin banisi, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəyovun Bakı şəhərində yerləşən ev-muzeyində nümayiş olunan əşyalar sırasında dahi bəstəkarın 1919-cu ildə Azərbaycan Respublikasının dövlət himnini bəstələdiyi royalı özünəməxsus yer tutur. Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin incilərindən sayılan “Koroğlu” operasını, “Sənsiz”, “Sevgili canan” romanslarını, “I Fantaziya” və “II Fantaziya”larını da bu royalda bəstələmişdir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində toplanan zəngin fond materialları xalqımızın musiqi tarixinin dərindən öyrənilməsinə və geniş təbliğinə imkan yaradır. Burada nümayiş olunan dəyərli eksponatlardan biri də, üzərində “1916”-cı il tarixi qeyd olunan tardır. Tarın ağac hissələri sədəf və sümüklərdən istifadə olunmaqla özünəməxsus naxışlarla bəzədilib.
Azərbaycanın simli-dartımlı musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə tar ən mükəmməl çalğı alətidir. Başqa musiqi alətləri kimi tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır. Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən– çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simi vardır. Tar sümük və ya ebonitdən hazırlamış kiçik mizrabla səsləndirilir.
Qala Əntiq Əşyalar Muzeyiğ
Qala Əntiq Əşyalar Muzeyinin dəyərli ekponatlarından biri olan hamam sandığının istehsal tarixi XIX əsrə aid edilir.
Keçmişdə qadınlar hamama gedərkən hamam sandığını özləri ilə götürərdilər. Bu xüsusi qablarda qadınlar hamama xına, basma və digər kosmetik vasitələr gətirər, zinət əşyalarını çıxardıb bu sandıqlara yığaraq ağzına qıfıl vurar və hamamçıya təhvil verərdilər. Üzərindəki nəfis həndəsi və nəbati naxışları ilə diqqət cəlb edən hamam sandığı misdən hazırlanıb. 25,1×35 sm ölçüyə malikdir.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
XX əsrin əvvəllərində Azərbaycanda qadınların səhnəyə çıxması yasaq idi. Bu səbəbdən tamaşalarda kişilər qadın obrazlarını canlandırmaq məcburiyyətində qalırdı. Belə bir şəraitdə, ilk faciə aktyoru və rejissor Hüseyn Ərəblinski dramaturq Əbdürrəhim bəy Haqverdiyevdən qadın surətinin olmayacağı bir əsər yazmasını xahiş edir. Beləliklə, 1906-cı ildə “Ağa Məhəmməd şah Qacar” faciəsi ərsəyə gəlir. O dövrdə bir çox tamaşaların geyim və rekvizitlərinin hazırlanmasında iştirak edən aktyor Qacar obrazı üçün libasın hazırlanmasında da özü şəxsən iştirak edir. 1907-ci ildə əsəri uğurla tamaşaya qoyan Hüseyn Ərəblinski baş rolu özü canlandırır. Hüseyn Ərəblinskinin Qacar obrazı üçün məxmər parçadan hazırladığı libas hazırda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kolleksiyasında saxlanılır
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin fondunda mühafizə olunan şirli, kasa tipli qab dulusçuluq sənətinin ən gözəl nümunələrindən biri hesab olunur. Qabın istehsal tarixi XII-XIV əsrlərə aid edilir. Qabın içərisində dairə, dairənin tam mərkəzində romb şəklində həndəsi fiqur və səkkizguşəli ulduz təsvir olunmuşdur. Bu təsvir bir növ, günəşi xatırladır. Səkkizguşəli bucaqların arasında və mərkəzi hissədə həyat və inkişaf rəmzi olan spirala bənzər sxematik işarələr var.
Qabın diametri 24 sm, hündürlüyü isə 12 sm-dir.
Devis kvadrantı
“Suraxanı” Gəmi-Muzeyi
“Suraxanı” Gəmi-Muzeyində sərgilənən Devis kvadrantı günümüzə gəlib çatan 2 kvadrantdan biridir. Göy cisimlərinin dənizdəki hündürlüyünü müəyyən edən bu qurğu 1740-cı ildə Hollandiyada istehsal olunub. Fil sümüyü, dəmir ağacı, armud ağacı, dəmir və misdən hazırlanan kvadrantın ölçüsü 36,5 x 63,5 sm-dir. Eksponat içərisində fil sümüyündən hazırlanmış daxili mozaika ulduzlar və kral zambağı ilə bəzədilib. Alətin özü dəmir ağacından, qövslər, bənd və qanadlar isə armud ağacından hazırlanıb. Eksponat gəmi-muzeyin “Naviqasiya və Kommunikasiya” zalında sərgilənir.