Dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri də zərgərlikdir. Keçmişdə hesab edirdilər ki, zərgərlik məmulatları sehrli, özünəməxsus, rəmzi mənaya malikdir. Bu zinət əşyaları, eyni zamanda sahibinin cəmiyyətdəki mövqeyini bildirirdi.
Şumer sənətkarları qədim dünyanın ən mahir zərgərləri idilər. Hazırladıqları məmulatlara üç rəngin uyğunluğunu tətbiq edirdilər: göy rəng lacivərd daşından, qırmızı rəng qırmızı əqiqdən, sarı rəng isə qızıldan alınırdı.
Qədim Misir zərgərləri isə ən çox təbii daş-qaşlardan – malaxit, lacivərd, yəşim, əqiq və firuzədən istifadə edirdilər.
Misir sənətkarları bəzəklər üzərində rəmzi məna daşıyan naxışların rəng ahənginə daha çox diqqət yetirərdilər. Qədim Misirdə rənglər və onların simvolik mənası belə idi: qara torpaq rəngi və həyat simvolu, yaşıl papirus rəngi və əbədi gənclik simvolu, qırmızı səhra rəngi və sonsuzluq simvolu.
Qiymətli daş və metallardan hazırlanan məmulatların adına qədim yunan mənbələrində də rast gəlinir. Yunanlar zümrüd, ametist, yaqut və mirvari kimi qiymətli daşlardan istifadə etməklə müxtəlif formalı zərgərlik əşyaları hazırlayırdılar.
Azərbaycanda zərgərlik sənəti qədim və zəngin ənənələrə malikdir. Bizə gəlib çatmış çoxsaylı bəzək əşyaları qədim Azərbaycan zərgərlərinin yüksək sənətkarlıq səviyyəsinin göstəricisidir. Xalqımıza məxsus bəzək əşyaları qadın geyimləri ilə bilavasitə əlaqəlidir. Zinət əşyaları geyimi tamamlayır, geyimə bədii dolğunluq və estetik gözəllik verir .
Zərgərliyin zərbetmə, minaçılıq, basma, qarasavad, şəbəkə və s. kimi növləri mövcuddur.
Rubrikamızın müsahibi Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”in yaradıcısı Rəsminə Qürbətovadır. “Resm”in zinət əşyaları dəbdəbəli aksesuar olmaqla yanaşı, Azərbaycanın mədəniyyətini, milli ruhunu əks etdirir.
– Rəsminə xanım, ilk Azərbaycan zərgərlik brendinin yaradıcısı və dizaynerisiniz. Brendin məqsədi, sosial funksiyası və özəlliyi nədən ibarətdir?
– Təbii ki, brend ilk olaraq biznes məqsədi ilə yox, Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədi ilə yaradılıb. Sosial funksiyamız və xüsusiyyətimiz isə Azərbaycan tarixini, mədəniyyətini yeni formada geniş kütləyə çatdırmaq, respublika hüdudlarından kənarda, xarici auditoriyada ölkəmizi tanıtmaqdır.
Hazırda neçə kolleksiyanız var?
– İnanın, dəqiq heç özüm də bilmirəm. Təxminən on-on iki kolleksiya olmalıdır. Ən böyük və çoxşaxəli kolleksiyam milli xalça naxışlarımızı əks etdirən “Xalça” kolleksiyasıdır. Daha sonra “Nar”, “Xarıbülbül”, “Sikkələr”, “Xülyəvi quşlar”, “Hərflər”, “Naxışlı personajlar”, “Gülün gücü”, “Qobustan”, “Tarixin çarxları” kimi kolleksiyalarım var.
– “Tarixin çarxları” çox maraqlı səslənir. Kolleksiyanın adı haradan qaynaqlanır ?
– Bu kolleksiya sırf tarixlə bağlıdır. Azərbaycanın bütün bölgələrini təbliğ etmək məqsədi ilə ərsəyə gətirilib. Ölkəmiz o qədər zəngindir, hər bölgənin öz tarixi, öz atributu var. Məqsəd bu məxsusiliyi işıqlandırmaqdır. Hər kolleksiyam öz adı və forması ilə fərqlənir. “Tarixin çarxları” da öz adını çarxın forma və fırlanma prinsipindən götürüb. Çarx bir növ dünyanın, həyatın rəmzidir. Həyat olan yerdə tarix də mövcuddur.
– Rəsminə xanım, uşaqları da unutmamısınız. “Naxışlı personajlar” uşaqlara nə deyir?
– Çox maraqlı kolleksiyadır. Çünki müəyyən heyvanların və həşəratların fiqurları sırf milli naxışlarla ərsəyə gətirilib. Yəni hansı naxış hansı canlıya uyğun gəlirsə, ona oxşayırsa, həmin canlını o naxışlar vasitəsilə işləmişik. Hətta kolleksiya üçün əyləncəvi məlumat kitabçası da hazırlamışıq. Kolleksiyanın məqsədi uşaqlarda milli naxışlarımıza maraq oyatmaqdır.
– Ən diqqətçəkən və tələbolunan kolleksiyanız?
– Əslində hansısa kolleksiyamın adını çəkməkdə çətinlik çəkirəm, hamısı mənim üçün əzizdir. Amma satış sayına gələndə ən böyük kolleksiyam olan “Xalça”nı vurğulaya bilərəm. Bir də son zamanlar “Gülün gücü” kolleksiyası çox populyardır, qadınlar arasında böyük maraq doğurub.
– Yaradıcılığınızda Qobustan motivləri də xüsusi yer tutur. Bir qədər də “Qobustan” kolleksiyasının ərsəyə gəlməsi barədə…
– İlk kolleksiyamız olan “Xalça”dan sonra “Qobustan” kolleksiyasını yaratmışıq. Kolleksiya tam fərqli üslubda işlənib. Çox kiçik, amma maraqlı kolleksiyadır. Material kimi gümüşə daha çox üstünlük vermişik və kolleksiyada boyunbağılar çoxluq təşkil edir. Əsasən də hansısa zərgərlik məmulatında həm forma, həm də rəng baxımından daşı, qayanı əks etdirə bilmək mənim üçün maraqlı idi. Üstəlik məmulatın zərifliyini qorumaq da çox önəmli məsələlərdəndi. Kolleksiya çox maraqla qarşılandı. Biz də öz növbəmizdə Qobustanın təbliğinə incə, zərif üslubda töhfə vermiş olduq.
Səidə MUSAYEVA