Azərbaycanda tarixən müxtəlif xalqların nümayəndələri mehriban, əmin-amanlıq şəraitində birgə yaşayıblar. Ölkəmizin tolerantlığı və multikulturalizmi dünyaya örnək göstərilir. Bu müxtəliflik həm də Azərbaycanın zənginliyidir.
“Azərbaycan Udi Ocağı” Tarixi-Etnoqrafik Park-Muzeyi də bu mədəni zənginliyin maraqlı bir parçasıdır. Park-muzey Böyük Qafqazın cənub yamacında, Qəbələ rayonunun Nic kəndində yerləşir. Üç hektardan artıq ərazidə, açıq səma altında yerləşən məkan Qafqaz albanlarının varisləri olan udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini özündə əks etdirir.
Daş təməl üzərində taxtadan qurulmuş bu udi evi XVII əsrin sonunda tikilib.
Bu ev keçmiş zamanlarda Qanqalovlar ailəsinə məxsus olub. Udi evləri təməli çay daşlarından ibrət olmaqla çiy kərpicdən hazırlanan bir və ya ikimərtəbəli taxta tikililərdir. Evlərin çardaqları toxunmuş fındıq çubuqlarından hazırlanıb.
Ev yataq otağı, tövbə-dua otağı və s. ibarətdir. Bütün ailə yataqda və ya taxta döşəmələrdə (taxtlarda) yatırdı. Digər otaqlarda udi ailəsinin məişətinə aid eksponatları (tikiş maşını arxasında evdar qadın, dəllək və s.) da görmək mümkündür.
Tövbə və dua otağında isə udi xalqına məxsus müxtəlif dini əşyalar nümayiş olunu
Evin içində və həyətində udilərin həyatına aid müxtəlif ev əşyaları, bəzəklər, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim geyimlər, mebel dəstləri, müxtəlif dizaynlı arabalar, təkərlər, kotanlar və digər eksponatlar mövcuddur.
Həyətyanı sahədə orijinal üslubda iki qonaq evi var. Evlərin quruluşu və interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif əşyalarla zəngindir. Çörək bişirmək üçün tikili (iki təndir), şərab istehsalı üçün yay tikilisi, həyətyanı sahədə meyvə və tərəvəzin konservləşdirilməsi üçün xüsusi otaq, tütünün qurudulması və ipəkqurdunun bəslənməsi üçün çardaq otağı udi ailəsinin məişət-təsərrüfat sahəsini əks etdirir. Burada üzümün preslənməsi və sıxılması üçün böyük daş quyusu, şərab istehsalı üçün lazım olan əşya və avadanlıqlar, xalça toxumaq üçün dəzgah və digər məişət-təsərrüfat inventarlarını da görmək mümkündür.
Həyətin mərkəzində ocaq, üzəri oymalar və relyeflərlə zəngin başdaşı kolleksiyası var. Muzeyin ümumi kolleksiyası hazırda iki mindən çox eksponatı əhatə edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra udilərin kompakt şəkildə yaşadığı Nic kəndində müasir məktəb açılıb, müqəddəs Yelisey “Cotari” kilsəsinin bərpa edilib, eləcə də kənd infrastrukturunun yaxşılaşdırılması istiqamətində digər işlər həyata keçirilib. Sözügedən muzey 2017-ci ilin əvvəlində azərbaycanlı memar, rəssam, UNESCO Memarlar İttifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilib. Bakı Dövlət Universitetinin böyük elmi işçisi, Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili layihənin ərsəyə gəlməsinə dəstək olub.