Müsahibimiz gənc rəssam Ceyhun Ənvərzadədir.
– Ceyhun, müəyyən qədər tanınsan da, çoxsaylı müsahibələrin olsa da, istərdim yeni dərgimizin oxucuları da səni tanısın.
– Ceyhun Ənvərzadə. 28 yaşım var. Bakıda doğulmuşam, burada da yaşayıram. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin məzunuyam. Hazırda fərdi yaradıcılıqla məşğul oluram.
– Səhhətindən və sənətindən danış. Yəni səhhətinin səndən aldıqları və sənə verdiklərindən…
– Kiçik yaşlarımdan rəsm çəkməyə çox həvəsim var idi. Amma bu sənəti davam etdirəcəyimi düşünməmişdim. 18 yaşımdan etibarən səhhətimdə yaranan problemlər üzündən oturaq vəziyyətə düşdükdən sonra düşündüm ki, buna baxmayaraq, mən bir işlə məşğul olmalıyam. Beləliklə, rəsm çəkməyi professional şəkildə öyrənməyə qərar verdim. 22 yaşımda Ə.Əzimzadə adına Rəssamlıq Kollecinə qəbul olundum. Bu gün uğurla məqsədlərimə doğru irəliləyirəm. Yəni, demək istəyirəm ki, səhhətim mənə mane olmur, əksinə yaradıcılığımda daha çox nailiyyətlər əldə etməyim üçün, hardasa stimul rolunu oynayır.
– Səncə, səhhətində dəyişikliklər baş verməsəydi, başqa hansı sahəyə yönələrdin?
– Uşaqlıqdan idmanla da məşğul olmuşam. Düşünürdüm ki, gələcəkdə idmançı olaram. Təəssüf ki, səhhətimdə baş verən dəyişikliklər ucbatından idmandan uzaqlaşmaq məcburiyyətində qaldım. Amma rəssam olduğum üçün də peşman deyiləm.
– Sənətdə nə kimi uğurlar qazanmısan? Hansı sərgilərdə, layihələrdə iştirak etmisən?
– Xarici İşlər Nazirliyi, ADA Universiteti və “EMEDIA GROUP” Media Təşkilatının birgə keçirdiyi Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş layihədə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qəhrəmanlıq salnaməsi” adlı sərgidə, Prezident yanında Bilik Fondunun “Vətənin pərvəri ol” müsabiqəsində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkil etdiyi “Dostluq sərgisi” və “Fırçaların söhbəti” adlı rəsm sərgilərində, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən “Mənim dünyam” adlı sərgi-yarmarka və digər layihələrdə iştirak etmişəm. Yerli və xarici layihələrdə uğurlu iştirakıma görə fəxri fərman, diplom və sertifikatlarla təltif olunmuşam. Onu da bildirim ki, Qobustan qoruğunun reallaşdırdığı layihələrdə də uğurla iştirak etmişəm. Çox istərdim ki, bu cür layihələr, tədbirlər davamlı olsun.
Qeyd etdin ki, Qobustan qoruğunda da olmusan. Bu möcüzəvi məkan səndə hansı təəssüratları yaratdı?
-Qayaüstü təsvirlərdən çox təsirləndim və sözün əsl mənasında, məni valeh etdi. Hətta yaradıcılığımda Qobustan mövzusuna da geniş yer verməyi düşünürəm.
– Gəl, bir qədər də rənglərdən danışaq. Deyirlər, rəssamlar üçün bütün rənglər əzizdir. Bəs sənə hansı rənglər əzizdir?
-İnsanların özünə görə xarakteri, düşüncə tərzi, zövqü və istəyi var. Elə buna görə də insanların rəng duyumları da fərqlidir. Mənim sevdiyim rəng mavidir. O rəngdə mən rahatlıq tapıram və onu bütün rəsmlərimdə görmək mümkündür. Yaşılı da çox sevirəm. Ümumiyyətlə, yaşıl rəngi həyatımda sonsuz işığa bənzədirəm və daim o işığa doğru gedirəm.
Müsahibəni apardı: Səidə Musayeva