Şəki… Yamyaşıl dağların əhatəsində bir-biri ilə yarışa girən qırmızı kirəmitli damların arasından uca minarələrin boylandığı bu qədim şəhər özünəməxsus memarlıq üslubuna malikdir. Bu memarlıq üslubunun formalaşmasında, təbii ki, relyefin, təbiətin və iqlimin böyük rolu olub. Qışı qarlı-şaxtalı keçən Şəkinin iqlimi insanları sərt enişli kirəmit damlar inşa etməyə məcbur edib.
Şəki şəhərinin baş planını da təbiət özü çəkib. Qafqaz sıra dağlarının dövrəyə aldığı şəhərin tarixi hissəsinin sərhədlərini Qurcana çayı və Dəyirmanarxı müəyyən edib. Bütün tarixi evlər, binalar çaydaşından və Şəki torpağından yoğrularaq isti sobalarda bişirilən qırmızı kərpicdən tikilib.
Ümumilikdə Şəki rayonu ərazisində 84 dövlət qeydiyyatından keçmiş tarix-memarlıq abidəsi mövcuddur. Şəhərin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində 25 dövlət qeydiyyatından keçmiş tarix-memarlıq abidəsi qorunur. Onların arasında həm dünya, həm ölkə, həm də yerli əhəmiyyət daşıyan abidələrin olması, şəhərin öz tarixi quruluşunu qoruyub saxlaması, qeydiyyata alınmış abidələrdən başqa iki yüzdən çox yeni aşkar edilmiş XVIII-XIX əsrlərə aid tarixi evin ənənəvi xüsusiyyətlərini yaşadaraq günümüzə gəlib çatması Şəki şəhərinin tarixi hissəsinin Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsində rol oynayıb.
Şəki Xan sarayı 1762-ci ildə Məhəmmədhüseyn xan Müştaqın zamanında inşa edilib. Zaman-zaman yerləşdiyi coğrafi məkan və memarlıq xüsusiyyətlərinə görə Krımdakı Baxçasaray və Əndəlisdəki Əl-Hambra sarayları ilə müqayisə edilən Şəki Xan sarayı yarım əsrdən çoxdur ki, muzey kimi fəaliyyət göstərir.
Şəkiyə səfər edən hər kəsin ilk ziyarət yeri olan Şəki Xan sarayı öz memarlıq üslubu, dekorasiyası və gözəlliyi ilə bir çox kitab, jurnal və qəzetlərə mövzu olduğu kimi, televiziya və radio tamaşaçılarının da zövqünü oxşayıb. Bu memarlıq nümunəsi haqqında həm yerli, həm də xarici televiziya kanalları tərəfindən film və verilişlər çəkilib, bir sıra kinofilmlərin çəkiliş məkanı kimi yaddaşlara əbədi yazılıb.
Şəki Xan sarayı ilk dəfə Rza Təhmasib və Nikolay Leşşenkonun rejissorluğu ilə Ü.Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında 1945-ci ildə lentə alınmış “Arşın mal alan” bədii filmində kiçik bir epizodda yer alıb.
1983-cü ildə isə Əşrəf Mamayevin rejissorluğu ilə Ə.Haqverdiyevin əsərləri əsasında çəkilmiş “Evlənmək istəyirəm” (“Papaq”) bədii filminin son səhnələri də bu sarayda lentə alınıb. Filmin sonuna yaxın papaqçının sevdiyi qızın sarayın ikinci mərtəbəsinin mərkəzi zalında oturub ağladığı epizodda divar rəsmləri, otağın qapısı öz gözəlliyi ilə tamaşaçının gözünü oxşayır.
Sarayın ən çox göründüyü film 1988-ci ildə M.Lermontovun eyniadlı əsərinə çəkilmiş “Aşıq Qərib” filmidir. Bu filmdə Şəki Xan sarayının, demək olar ki, bütün otaqları, həm ön, həm də arxa fasadı çəkilib.
C.Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında 1991-ci ildə Tofiq Tağızadənin rejissorluğu ilə çəkilmiş “O dünyadan salam” (“Ölülər”) kinofilminin də bir çox səhnələri məhz Şəki Xan sarayında çəkilib.
1995-ci ildə R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Həm ziyarət, həm ticarət” filminin cəmi bir epizodunun Şəki Xan sarayında çəkilməsi, aktyor Hacı İsmayılovun filmdə saraya baxmağa gələn turistlərə məlumat verməsi əbədi olaraq tamaşaçıların yaddaşına əks olunmaqla yanaşı, həm də sarayın bələdçiləri və tamaşaçılarının üzündə bir təbəssüm yaranmasına səbəb olmuşdu.
M.İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” (2011) filminin də bəzi epizodları Xan sarayında kinolentə köçürülüb. Hətta filmin bəzi epizodik rollarını sarayın bələdçiləri Kamal Kərimov və Maya Hüseynova canlandırıb. Filmdə K.Kərimov uşaqlara bələdçilik edir.
Şəki Xan sarayının yer aldığı son film Orxan Bayramovun rejissoru olduğu, 2019-cu ildə çəkilmiş ”Bir zamanlar Şəkidə” adlı ekran əsəridir. Filmin bir neçə fraqmenti sarayın həyətində çəkilib və tarixi tikilinin yalnız fasad hissəsi görünür.
Şəki Xan sarayından başqa, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində olan bir çox tarix-memarlıq abidələrini “Qorxma, mən səninləyəm!”, “Mahmud və Məryəm”, “Yenilməz batalyon”, “Hökmdarın taleyi”, “Qırmızı bağ” və s. kimi kinofilmlərdə görmək mümkündür.
Zəminə Rəsulova
Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ekskursiyaçısı