Aeroqrafiya nədir?
Aeroqrafiyanı araşdıranda bu sənətin kökünün Paleolit dövrünə qədər gedib çıxdığını görürük. Qədim dövrdə bu rəsmlərin çəkilməsində belə bir texnikadan istifadə olunurdu – əli (çəkiləcək hər hansı bir şeyi) nəzərdə tutulan yerə (qaya və ya hər hansı bir müstəviyə) qoyaraq içi boş bir sümük və ya bitki gövdəsinə boya doldurub əlin üstünə üfürərək püskürdürdülər. Nəticədə qayada əlin boş, rəngsiz izi qalırdı. Bu texnika bir növ “hava fırçası”nı xatırladır. Yəni müasir aeroqrafın prototipi olan ilk boya püskürtmə alətinin görünüşü bu idi. Zaman keçdikcə bu cür ibtidai alətlər, dövrün tələblərinə uyğun gələn alətlərlə əvəz olunmağa başlayırdı. Müasir dövrümüzdə ilk aeroqrafiya alətinin yaradıcısı Ebner Piler olaraq bilinir. Hətta o bu aləti patentləşdirmişdi. Bir çox müasir aeroqrafın işi E.Pilerin “hava fırçası” prinsipinə əsaslanır. Mənbələrə görə, ilk müasir aeroqrafiyanın banisi isə Frenk Stenli hesab edilir. Ümumiyyətlə, müasir aeroqrafiyanın yaradıcıları ilə bağlı təzadlı fikirlər çoxdur. Bəzi mənbələrdə rəssamlar Çarlz Berdik və Men Rey aeroqrafiyanın yaradıcıları olaraq göstərilir.
XIX əsrdə bu texnika cəmiyyətdə yayılmağa başlasa da, sənət tənqidçiləri tərəfindən qəbul olunmurdu. Onların fikrincə, rəsmlər mexaniki texnika ilə yaradıldığına görə dəyərli sənət əsəri kimi qiymətləndirilmirdi. Hətta sənət tənqidçiləri bu cür rəssamları “mexaniki bir maşın istifadə edərək sənəti dəyərdən salan cinayətkar” adlandıraraq onları fırıldaqçılıqda günahlandırırdılar. Bu hadisələrdən sonra aeroqrafın istifadəsinə uzun müddət fasilə verildi. Ancaq müəyyən bir müddətdən sonra bu sənət yenidən yayılmağa başladı. “Hava fırçası” sənəti getdikcə daha çox sahəni fəth edirdi. Artıq bu alətdən təkcə rəsmlərin çəkilməsində yox, bir çox yerlərdə, o cümlədən tekstil və dizayn sənayesində, suvenir və oyuncaq rəngkarlığında, avtomobillərin, motosikletlərin və digər texniki avadanlıqların bədii boyamasında geniş istifadə olunur, reklam vərəqlərində, afişalarda, elanlarda, jurnal illüstrasiyalarında və eyni zamanda animasiya filmlərinin (Uolt Disney studiyası) fonlarında tətbiq edilirdi. XX əsrdən etibarən aeroqrafiya bir sənət kimi qəbul olundu və inkişafı daha da sürətləndi.
Müasir aeroqrafiya sənəti Azərbaycanda gec inkişaf etsə də, son dövrlər şəhərimizdə sürətlə öz əksini tapmaqdadır. Ölkəmizdə bu işlə professional məşğul olan çox az rəssamın olmasına baxmayaraq, Bakı küçələrinin və özəl məkanların divarlarında bu cür texnika ilə işlənən rəsmlərə tələbat artır.
Mövzumuzu aeroqraf-rəssam Elməddin Bayramovla davam etdiririk.
Müsahibimdən ilk öncə aeroqrafiya ilə qrafitin fərqindən danışmağını xahiş etdim. Elməddin dedi ki, ən əsas fərq aeroqrafiyanın xüsusi alətindədir. Aeroqraf adlanan bu alətin özəlliyi onunla ən böyük ölçüdən ən kiçik detala, hətta tük effektinə qədər rəsmlər çəkməyin mümkün olmasıdır. Qrafitidə isə bu cür imkanlar yoxdur. Aeroqrafiyanın adətən sifarişçisi olur, qrafiti isə qeyri-leqal çəkilir. Qrafitidə əsasən rəssam küçə divarlarına öz adını və ya imzasını həkk edir, bəzən isə sosial-siyasi məsələlərə öz etirazını bildirir.
– İşlərinizi əsasən harada görmək mümkündür?
– Adətən şəhərdəki binaların fasadında və sifarişçilərin məkanlarında görmək mümkündür. Təəssüf ki, zamanla köhnə binalar söküləndə bizim əl işlərimiz də bina ilə birlikdə məhv olur və bu, bizi çox məyus edir. Rəsmlərimin daha uzunömürlü olması üçün pandemiya dövrü bir fürsət oldu ki, mən aeroqrafla kətan üzərində işləməyi sınaqdan keçirdim və nəticəsi uğurlu oldu.
– Xaricdə fəaliyyət göstərmək üçün təkliflər alırsınız?
– Türkiyədən sifarişlərim olur və bəzilərini seçib dəyərləndirirəm. Ancaq xaricdə davamlı olaraq fəaliyyət göstərməyi hələ ki, fikirləşmirəm. Çünki bir var Azərbaycanda bu sənətlə məşğul olan 2-3 nəfərdən biri olasan, bir də var ki, xaricdə bu işlə məşğul olan çoxsaylı rəssamlardan biri olasan…
– Qobustan və ya digər tarixi abidələrimizdən rəsmlərinizdə istifadə etmisinizmi? Ümumiyyətlə, tarixi mövzulara üz tutursunuz?
– Bəli, müraciət etmişəm. Elə layihələr olur ki, milli, tarixi mövzular tələb olunur. Bəzən də özəl məkan sifarişlərim olub ki, orada hansısa tarixi abidəmizi və qədim oyunumuz olan çövkəni işləmişəm. Təəssüf ki, hələlik Qobustan mövzusuna müraciət etməmişəm. Bilirsiniz, bizim işimiz adətən sifarişlə əlaqədar olduğuna görə sifarişçinin tələbinə uyğun mövzular işləyirik. Bir növ, sifarişçidən asılıyıq. Həmçinin monumental iş gördüyümüzə görə istədiyimiz mövzulara toxunmaq üçün gərək çoxsaylı divarımız olsun, bu isə mümkünsüzdür. İstədiyimiz mövzularda ancaq eskizlər edə bilərik. Qobustanla bağlı da həmçinin…
Müsahibəni apardı: Səidə Musayeva