İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Doğma vətənimizin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV sessiyasında Dünya İrsi Siyahısına daxil edilmişdir. Buradakı məscidlər, karvansara, hamamlar və digər memarlıq abidələri öz orijinallığı, təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.
1977-ci ildə tarix-memarlıq qoruğu elan olunan İçərişəhərin ərazisində 3 dünya, 32 ölkə, 453 yerli əhəmiyyətli tarixi abidə mühafizə edilir. Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (İDTMQİ), onun qurumları qədim tarixin yaşadılması və nəsildən-nəslə ötürülməsi üçün müxtəlif layihələr həyata keçirməkdədir. Şirvanşahlar Sarayı, Qız qalası, Məhəmməd məscidi, Bəylər məscidi, Aşur məscidi, Bakı Xan Sarayı Kompleksi, Yeraltı hamam və digər abidələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa-konservasiya işləri aparılaraq uğurla başa çatdırılmışdır.
1300-dən çox ailənin yaşadığı 22 hektar ərazisi olan İçərişəhər özünəməxsus infrastruktura malik, qədim şəhərin ruhunu, milli adət-ənənələrini nəsildən-nəslə ötürən, milli-mənəvi dəyərləri qoruyub saxlayan canlı bir tarixdir. Zəngin tariximizi özündə yaşadan qədim şəhər turizm baxımından Azərbaycanın ən populyar görməli yerlərindən birinə çevrilmişdir.
Bu istiqamətdə inkişafın davamlılığının təmin edilməsi, tarixi şəhər mühitinin qorunması, muzeylərin idarə edilməsi və inkişafı məqsədilə İDTMQİ-nin nəzdində “İçərişəhər” Muzey Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.12.2018-ci il tarixli, 558 nömrəli Qərarı ilə Şirvanşahlar Sarayı Kompleksinin, Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin, “İçərişəhər” Tarix Muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun bazasında yaradılmış “İçərişəhər” Muzey Mərkəzi muzeylərin idarə edilməsi və inkişafı istiqamətində abidələrin, muzey əşyaları və kolleksiyalarının mədəni və tarixi əhəmiyyətinin kütləvi təbliğini həyata keçirir.
“İçərişəhər” Muzey Mərkəzi Şirvanşahlar Sarayı Kompleksi, Qız qalası, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Bəylər məscidi, Sıratağlı Dini Memarlıq Kompleksi, Yeraltı hamam və Bakı Xan Sarayı Kompleksi kimi paytaxtın tanınmış və aparıcı muzey ekspozisiyalarını özündə birləşdirir.
Şirvanşahlar Sarayı Kompleksi
Azərbaycan beş minillik dövlətçilik tarixinə malikdir. Bu dövlətlərdən biri də Orta əsrlərdə ölkənin şimali-şərqində yaranmış Şirvanşahlar dövlətidir. Şirvanşahlar səltənəti VI əsrdə artıq mövcud idi. Onun ilk paytaxtı Şamaxı şəhəri olmuşdur. Şirvanşahların Bakıdakı iqamətgahının inşasına XII əsrdə başlanılmışdır. Şirvan hökmdarlarının iqamətgahı olan Şirvanşahlar sarayı qədim şəhərdə dominant rol oynayır. VI əsrdən XVI əsrə qədər mövcud olmuş Şirvanşahlar dövləti hökmdarlarının siyasəti nəticəsində min il yaşaya bilmiş, yalnız Şirvanın deyil, bütün Azərbaycanın mədəni, ictimai-iqtisadi, siyasi cəhətdən inkişafında rol oynamışdır. XIV-XV əsrlərdə isə sarayın sahəsi daha da genişləndirilmişdi. Kompleksin bizim dövrə gəlib çatmış ərazisi hazırda 5558 m²-dir. Kompleksin relyef fərqləri olan üç həyətində Şirvanşahların yaşayış binası (XII-XV əsrlər), divanxana, Şah türbəsi (XV əsr), Seyid Yəhya Bakuvinin türbəsi (XV əsr), Keyqubad məscidinin qalıqları (XIV əsr), Murad darvazası (1585-1586), Şirvanşahların ailə türbəsi (1435-1436), Şah məscidi (1441-1442) və hamam (XV əsr) abidələri qorunub saxlanılır.
Qız qalası
Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir azərbaycanlının qürur duyduğu, Bakının rəmzi sayılan Qız qalası şəhərimizin tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən hesab olunur.
İnşa tarixi e. ə. VIII-VII əsrlərə aid edilən Qız qalasının hündürlüyü şimal tərəfdən 28, cənub tərəfdən isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Səkkizmərtəbəli tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formadadır. Hazırda qalanın hər mərtəbəsində müasir texnologiyalarla, 3D və rəqəmsal formatda hazırlanmış maraqlı ekspozisiyalar təqdim olunur.
Sıratağlı dini-memarlıq kompleksi
Qədim tariximizin mühüm bir qolunu təşkil edən dini sitayiş məbədləri tarixi abidələr arasında özünəməxsus yer tutur. Bu da İçərişəhərin timsalında özünü daha qabarıq şəkildə büruzə verə bilmişdir. Dini məqsədlər üçün inşa edilən tikililərin ən maraqlısı Sıratağlı dini-memarlıq kompleksidir. Abidə 1964-cü ildə Qız qalasının yaxınlığında arxeoloji qazıntı işləri aparılan zaman aşkar edilmişdir
XII-XIII əsrlərə aid edilən abidənin bir neçə mədəni təbəqədə yerləşməsi onun qədimliyindən və bu məkanın yüzilliklərlə müqəddəs sitayiş yeri olduğundan xəbər verir. Hazırda burada açıq səma altında bədii daşyonma sənəti nümunələrindən ibarət ekspozisiya nümayiş olunur.
Bəylər məscidi
İçərişəhər ərazisində tikilən sonuncu məscid hesab edilən Bəylər məscidində (1895) bərpa və restavrasiya işləri aparılıb, təyinatına uyğun olaraq muzeyləşdirilmişdir. Məsciddə xalqın mənəvi mədəniyyətində mühüm rol oynayan dini etiqadlara və ayinlərə etina göstərilərək “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılmışdır. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan, müxtəlif dövrlərə aid qədim Qurani-Kərim kitabları nümayiş etdirilir.
Bakı Fotoqrafiya Evi
Bakı Fotoqrafiya Evi paytaxtımızda ilk dəfə 2019-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə XIX əsrin mükəmməl və əzəmətli memarlıq abidəsi olan “Zəncirli bina”da yaradılmışdır.
Qədim şəhərin ruhunu, tarixi hadisələri və şəxsiyyətləri fotoşəkillərdə əks etdirərək nəsildən-nəslə ötürən Bakı Fotoqrafiya Evi sahə etibarilə özündə dörd geniş və işıqlı sərgi zalını birləşdirir. Onun ekspozisiyasına milli, sənədli və dünya fotoqrafiya sənətinin inciləri daxildir.
Burada mütəmadi olaraq nümayiş edilən sərgilərdən başqa fotoqrafiya sənəti üzrə kurslar, yaradıcılıq axşamları, mühazirələr, ustad dərsləri və fototurlar təşkil edilir.
Yeraltı hamam (XVII əsr)
2016-cı ildə Qoşa qala qapıları yaxınlığında olan yeraltı hamamın ərazisində arxeoloji kəşfiyyat və qazıntı, 2018-2019-cu illərdə isə konservasiya-bərpa işləri həyata keçirilmişdir. Ölkə əhəmiyyətli abidənin əvvəlki görünüşünün bərpası 2019-cu ilin dekabr ayında başa çatdırılmışdır. Hamamın inşa tarixi XVII əsrin əvvəllərinə aid edilir. Hamam kompleksinin təxminən 340 m² sahəni əhatə edən ərazisindən aşkar olunmuş arxeoloji tapıntılar əsasən keramika məmulatlarından, şüşə, saxsı qırıqları, külli miqdarda qara çıraqlardan, tunc ikonalar, skladenlər, mis və gümüş pullardan ibarətdir. Hazırda burada Şərq mədəniyyətinin ayrılmaz hissəsi sayılan, Azərbaycanın “hamam mədəniyyəti”ni təqdim edən ekspozisiya nümayiş olunur.
Bakı Xan Sarayı Kompleksi
1750-ci ildə Mirzə Məhəmməd xan tərəfindən inşa etdirilən Bakı Xan Sarayı ərazisində 2018-ci ilin sentyabr ayından bərpa və konservasiya işləri aparılmış, yaşıllıq, ənənəvilik və müasirliyi özündə birləşdirən bağ salınmışdır. Bağ ərazisində yeni ağaclar, həmişəyaşıl kollar əkilmiş, işıqlandırma dirəkləri, söhbətgah və oturacaqlar quraşdırılaraq müasir istirahət zonası yaradılmışdır. 2021-ci ilin sonunda Bakı Xan Sarayı Kompleksində paytaxtımızın tarixini özündə əks etdirən muzeyin yaradılması işləri başa çatdırılacaq.
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu
Bakının Xəzər rayonu Qala kəndinin tarixi hissəsində yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ümumi ərazisi 81.5 hektardır. Bu ərazidə ölkə və yerli əhəmiyyətli 216 memarlıq və arxeoloji abidə qorunur. Aşkar edilən ən qədim abidə e.ə. III minilliyə aid olan qədim insan yaşayış məskənidir. 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri mövcuddur. Qoruq ərazisində həmçinin Əntiq əşyalar muzeyi və açıq səma altında interaktiv turların da nümayiş olunduğu Arxeoloji etnoqrafik muzey kompleksi fəaliyyət göstərir.
Əntiq əşyalar muzeyi
Muzey Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır. Kolleksiya hazırda 3000-ə yaxın maddi mədəniyyət nümunəsini əhatə edir. Muzeydə Azərbaycan ustalarının əl işləri olanı əntiq əşyalar və xalqımızın əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri sərgilənir.
Arxeoloji Etnoqrafik Muzey Kompleksi
Azərbaycana, xüsusən də Qala kəndinə və Abşeron yarımadasına xas olan arxeoloji memarlıq abidələrinin toplanaraq bərpa olunduğu muzey kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmışdır. Burada e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, Orta əsrlərə məxsus yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulmuşdur. Müasir muzey və abidələrin mühafizəsinin tələblərinə uyğun olaraq 1.5 hektar ərazidə Abşeronun tarixi incilərini seyr etmək üçün şərait yaradılmışdır.
“İçərişəhər” Muzey Mərkəzi əsrlərin sınağından keçmiş əfsanəvi Qız qalası, minillik tarixi dövrə şahidlik etmiş Şirvanşahlar Sarayı Kompleksi, geniş ərazidə canlı bir orqanizm kimi təbiətlə insan arasında xoş ünsiyyət yaradan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu, əsrlər keçsə də, öz müqəddəsliyini itirməyən Sıratağlı Dini Memarlıq Kompleksi, zamanı və insanları birləşdirən, hamıya bəşəri məhəbbət hissi aşılayan Bəylər məscidi, yaşanmış tarixi fotoşəkillərdə əks etdirərək nəsildən-nəslə ötürən Bakı Fotoqrafiya Evi, Övliya Çələbinin “Səyahətnamə”sində adı çəkilən XVII əsrə aid Yeraltı hamam, Bakının tarixindən bəhs edən Bakı Xan Sarayı muzey və ekspozisiyaları ilə hər zaman yolunuzu gözləyir.
“İçərişəhər” Muzey Mərkəzinə daxil olan daimi və səyyar ekspozisiyalar, zamanın tələbinə uyğun olaraq yenilənən innovativ, müasir texnologiya və avadanlıqlar vasitəsilə keçirilən təqdimatlar, müasirlik və qədimlik arasında körpü yaradaraq zəngin tariximizi, çoxşaxəli mədəniyyətimizi və vətənimiz Azərbaycanı bütün dünyaya tanıdır!
Hər kəsi bu zaman körpüsü ilə səyahətə dəvət edirik!
Əminə Məlikova
“İçərişəhər” Muzey Mərkəzinin direktoru,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi