Bəşər sivilizasiyasının mərkəzlərindən biri olan Azərbaycan qədim və zəngin tarixə malikdir. Ulu əcdadlarımız bizə bu gün hər birimizin fəxr etdiyimiz böyük mədəni irs xəzinəsi yadigar qoymuşdur. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.
Xalq öz mənəvi kökündən, mədəniyyətindən uzaqlaşdıqca milli dəyərlərini, mübarizə əzmini itirir, yeni milli mədəniyyət yaratmaq gücündən məhrum olur. Azərbaycan tarixən tez-tez yadellilərin işğalına məruz qalsa da, xalqımız hər zaman öz mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini ləyaqətlə qoruyub saxlaya bilmişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyəti daha da inkişaf edib zənginləşmişdir. Bu gün Azərbaycan mədəniyyəti dünyaya yüksək sürətlə inteqrasiya etməkdədir. Dövlətimizin apardığı məqsədyönlü xarici siyasətin uğurları mədəniyyətimizin təbliğinə geniş imkanlar yaradır. Çoxəsrlik tarixə malik abidələr və unikal mədəniyyət nümunələri ilə zəngin irsimizin qorunub saxlanılmasında, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılmasında ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən UNESCO və İCESCO ilə sıx əlaqələri əhəmiyyətli rol oynayır. Milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, beynəlxalq müstəvidə təbliğ olunmasında, eləcə də Azərbaycan-UNESCO və Azərbaycan-İCESCO münasibətlərinin inkişaf etdirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın səyləri nəticəsində İçərişəhər (Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə), Qobustan qaya sənəti mədəni landşaftı və Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Eyni zamanda bu gün xalqımızın qeyri-maddi mədəni irsinin 15 nümunəsi UNESCO-nun müxtəlif siyahılarında yer alır. Azərbaycan mədəniyyətinə aid bu nümunələrin bəşəriyyətin yaratdığı dəyərli əsərlər siyahısına daxil edilməsi ilə ölkəmizin qədim və zəngin mədəni irsə sahib olduğu bir daha beynəlxalq səviyyədə təsdiqini tapmışdır.
2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu doğma Qarabağımızı işğaldan azad etdi. İşğal altındakı ərazilərimizin azadlığa qovuşması ilə buradakı tarixi-mədəni irsimiz də erməni əsirliyindən xilas edildi. Hazırda yağıdan təmizlənmiş yurd yerlərimizin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir, dağıdılmış tarix və mədəniyyət abidələrimizin ilkin vəziyyətinə qaytarılması istiqamətində işlər görülür. Prezident İlham Əliyevin sərəncamı ilə tarixi-mədəni əhəmiyyətə və xalqımız üçün müstəsna mənəvi dəyərə malik olan Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Qədim muğam, sənət beşiyi olan qala-şəhərimiz öz mədəni zənginlikləri ilə yaxın müddətdə dünyanın diqqət mərkəzinə çevriləcək. İnanırıq ki, işğaldan azad olunmuş ərazilərimizdə yerləşən və erməni vandalizminə məruz qalmış bütün tarix və mədəniyyət abidələrimiz bərpa edilərək gələcək nəsillərə ötürüləcək.
Muzeyləşmiş tarixi abidələrimiz etnik-mədəni sistemimizə məxsus minillik gerçəkləri özündə əks etdirməklə yanaşı, mədəni kimliyimizin beynəlxalq aləmdə təbliğatında da əvəzsiz rol oynayır. Belə abidələrimizdən biri də Qobustandır. Minilliklərin daş yaddaşı olan Qobustan mədəniyyətin müxtəlif sahələrinin silinməz nişanələrini gələcək nəsillərə daşıyır. Qobustan qədim mədəniyyətimizin daş pasportudur.
Qədim və zəngin mədəni irsimiz xalqımızın çox qiymətli sərvəti olmaqla yanaşı, həm də qürur yeridir. Bu irsin qorunması, təbliği və təşviqi ilə bağlı atılan hər bir addım dövlətimiz tərəfindən dəstəklənir. Mədəni-mənəvi zənginliklərimizin təbliği istiqamətində həyata keçirilən hər bir layihə, təşəbbüs yalnız təqdirə layiqdir. Sizlərin görüşünə gələn “Qobustan dünyası” jurnalı da Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği kimi şərəfli bir missiyanı qarşısına məqsəd qoyaraq yola çıxmışdır. İnanırıq ki, bu elmi-metodiki, populyar dərgi oxucuların mədəniyyət sahəsi ilə bağlı informasiya tələbatını az da olsa, təmin edəcək, tarixi-mədəni yaddaşınızı təzələyəcək, zənginləşdirəcək, mədəni-mənəvi dəyərlərin və mədəni irsin təbliğ olunub gələcək nəsillərə düzgün çatdırılmasında özünəməxsus yer tutacaqdır.
Anar Kərimov
Azərbaycan Respublikasının Mədəniyyət naziri