Qobustan abidələrinin ilk tədqiqatçılarından olan Cəfərqulu Namaz oğlu Rüstəmov 5 mart 1926-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirən gənc C.Rüstəmov ilk elmi fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyasında başlayıb. “Daş Salahlı”, “Damcılı” və “Azıx” mağaralarında Paleolit dövrü arxeoloji qazıntılarında iştirak edən və bu sahədə təcrübəyə yiyələnən tədqiqatçıya 1960-1961–ci illərdə arxeoloq alim, Qobustan abidələrinin ilk tədqiqatçısı İshaq Cəfərzadənin rəhbərliyi altında aparılan Qobustan arxeoloji ekspedisiyasının tərkibində “Ovçular zağası” adlı qədim düşərgənin arxeoloji qazıntısında köməkçi işi, “Töyrətəpə” abidələrində apardığı müstəqil qazıntı işlərindən sonra – 1965-ci ildən isə Qobustan arxeoloji ekspedisiyasına rəhbərlik kimi ali və məsuliyyətli iş həvalə olunur. Bu çətin və şərəfli yolda ömür-gün yoldaşı, arxeoloq Füruzə Muradova ilə birlikdə qoşa addımlayır.
Azərbaycanın ilk qadın arxeoloqlarından olan Füruzə Məmmədrza qızı Muradova 19 noyabr 1934-cü ildə Bakı şəhərində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya şöbəsində baş laborant vəzifəsində fəaliyyətə başlayıb. Qobustan abidələrinin ilk tədqiqatçısı İshaq Cəfərzadənin rəhbərliyi altında işlədiyi müddət ərzində Qobustan, Xaçbulaq, Örənqala, Füzuli, Bakı ekspedisiyalarının iştirakçısı olub, on il Qazax arxeoloji ekspedisiyasına rəhbərlik edib. Bir müddət sonra isə arxeoloq Cəfərqulu Rüstəmovla ailə həyatı quran Füruzə xanım ömürlük arxeologiya elminə bağlanıb. Elmi fəaliyyətini maddi mədəniyyət qalıqları əsasında Qobustanın və Qərbi Azərbaycan ərazisində olan alban-xristian abidələrinin tədqiqinə həsr edən arxeoloq 1979-cu ildə “Qobustan Tunc dövründə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İshaq Cəfərzadədən arxeologiya elminin incəliklərini öyrənən Füruzə Muradova, eyni zamanda SSRİ-nin A.A.İyessen, B.M.Masson, Q.F.Korobkova kimi tanınmış arxeoloqları ilə birgə işləyərək bu sahədə biliklərini zənginləşdirib.
1965-ci ildən Qobustan arxeoloji ekspedisiyasına rəhbərlik edən Cəfərqulu Rüstəmov Qobustanın qayaüstü təsvirlərinin maddi mədəniyyət qalıqları əsasında öyrənilməsi kimi məsuliyyətli işi Füruzə Muradovanın yaxından iştirakı ilə layiqincə davam etdirib. Bu, Qobustanın tarixinin dövrləşməsinə, daha dəqiq öyrənilməsinə səbəb olub. Onların yorulmaz və fədakar əməyi nəticəsində Qobustan ərazisindəki Son Paleolitdən orta əsrlərə qədər tarixi dövrü əks etdirən yüzlərlə qayüstü təsvir, qədim yaşayış məskənləri, sığınacaqlar və qəbirüstü abidələr aşkarlanıb, dövlət qeydiyyatına alınıb.
Qobustan tədqiqatçılarının illərlə gərgin şəraitdə apardıqları məqsədyönlü, ardıcıl və yorulmaz araşdırmaların nəticələrinə əsasən Qobustan qaya rəsmlərinin, mədəni landşaftının qorunması, tədqiqi və təbliği məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 503 saylı 09 sentyabr 1966-cı il tarixli qərarı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu yaradılıb. Qoruq 1967-ci ildən fəaliyyətə başlayıb. 1967-ci ilin fevral ayının 1-dən mütəxəssis kimi qoruğun təşkili və rəhbərliyi həvalə olunan Cəfərqulu Rüstəmov 1976-cı ilədək direktor vəzifəsini daşıyıb. Cəfərqulu Rüstəmov ciddi tədqiqatçı, tələbkar arxeoloq , eyni zamanda məsuliyyətli qoruq rəhbəri idi. Bunu Cəfərqulu müəllimin qoruq rəhbəri olduğu dövrlərə aid abidələrin həssaslıqla qorunmasını sübut edən arxiv materialları da təsdiq edir. Cəfərqulu Rüstəmov 200-dən artıq elmi məqalənin, “Qobustan dünyası” (1994) və 3 cildlik “Qobustan petroqlifləri” (2003) elmi əsərlərinin müəllifidir. Orijinal elmi mülahizələrlə zəngin olan “Qobustan qayaüstü təsvirləri” (Kiçikdaş) monoqrafik əsəri 2008-ci ildə çap olunub.
Qeyd etmək yerinə düşər ki, dərgimiz adını zəhmətkeş arxeoloqların Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti olaraq Cəfərqulu Rüstəmovun müəllifi olduğu “Qobustan dünyası” kitabından götürüb.
Cəfərqulu Rüstəmov dünyasını dəyişdikdən sonra Füruzə Muradova bu çətin və məsuliyyətli işi zərif çiyinlərində daşıyıb, Qobustan mövzusunda araşdırmalarını davam etdirərək qobustanşünaslığa öz dəyərli töhfələrini verib. Füruzə Muradova “Qobustan tunc dövründə” (1979), “Qobustan petroqifləri” (2003), “Kiçikdaş abidələri” (2008) kitablarının və 100-dən çox çapdan çıxmış elmi əsərin müəllifidir. Füruzə Muradovanın müəllifi olduğu 15 elmi əsər xarici ölkələrin nüfuzlu nəşrlərində dərc olunub. Onun əməyi və səmərəli fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirilib, Qobustan abidələrinin tədqiqindəki əvəzsiz xidmətlərinə görə fəxri fərman və pul mükafatı ilə təltif olunub. Füruzə Muradovanın adı YUNESKO-nun Qobustan abidələri üzrə tədqiqatçıları sırasında yer alır. O, Qobustan abidələrinin öyrənilməsi üzrə elmi məsləhətçidir.
Həyatlarını Qobustan abidələrinin tədqiqinə həsr edən Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın elmi tədqiqatları, müəllifi olduqları sanballı əsərlər bu gün də ən etibarlı mənbə kimi mühüm elmi əhəmiyyət kəsb edir, elm ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Onların qobustanşünaslığa dair çoxsaylı əsərləri bu gün Qobustan Milli Tarix-Bədii Qoruğunun əməkdaşlarının istinad mənbəyi, stolüstü kitabıdır.
Ömrünü çətin və əziyyətli arxeologiya sahəsinə həsr edən, Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Füruzə Muradovanın həyatı indi böyük qürur və iftixar hissləri ilə yaşanır. Jurnalımızın ilk sayında “Ziyalı sözü” rübrikasına verdiyi müsahibədə, “Qobustanın indiki nailiyyətləri ilə yaşadığım xoş anlarla bərabər arxaya, bu sahədə keçdiyim uzun yola nəzər salanda arxeoloq olduğuma görə iftixar hissi keçirirəm, özümü ən xoşbəxt arxeoloqlardan hesab edirəm” – deyən Füruzə Muradovanın Qobustan sevgisi, Qobustan abidələrinə vurğunluğu bu gün də davam edir. Onun dəyərli məsləhətləri qoruğun tədqiqat işinin təşkilində, gənc arxeoloqların düzgün istiqamətlənməsində əhəmiyyətli rol oynayır .
Ölkəmizi dünyada bəşər mədəniyyətinin ilk məskənlərindən biri kimi təqdim edən Qobustan abidələrinin tarixini öyrənmək və yazmaq kimi şərəfli işi görən Cəfərqulu Rüstəmov və Füruzə Muradovanın elmi fəaliyyəti xalqa, vətənə ləyaqətlə xidmətin ən gözəl nümunəsidir.
Vəfa HÜSEYNOVA