Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru, Türkiyə Respublikasının Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının Səhnə sənətləri kafedrasının professoru Cahangir Novruzovdur.
– Cahangir müəllim, deyirlər, teatr xəstəlikdir. Nədir bu xəstəliyə səbəb? Nədədir teatrın, səhnənin sehri?
– Əslində, teatr xəstəlik yox, xəstələrin şəfa tapacaqları məkan olmalıdır. Mən hər zaman teatrın özümüzü, cəmiyyətimizi incələmək üçün böyüdücü şüşə rolu oynayan sosial alət olduğu düşüncəsində olmuşam. O, yaşadığımız həyatı, həyatda içinə düşdüyümüz, çözə bilmədiyimiz vəziyyətləri, bir çox düyünləri, problemləri yaxından görmək imkanı verən, onların açılmasını, ya da onlara necə yanaşmalı olduğumuzu öyrədən, məsləhət görən düşüncə məkanıdır. Yəni teatr hər zaman keçmiş və indiki cəmiyyətimizdə yaranan bir sıra bəsit və ya mürəkkəb görünən problemləri səhnədə çözüb həllini tapmağımız üçün bizə nümunə göstərir, necə davranacağımızı öyrədir, əyani formada nümayiş etdirir. Teatr məntiqli düşünməyi öyrədir. Teatr xəstəlik deyil, dərdə dəvadır. Bu mənada, teatr saf, şəffaf şüşədən yaranmış böyüdücü ayna olmalıdır.
– “Sənət bir vitrindir” – deyirsiniz…
– Sənət, mədəniyyət hər millətin, hər xalqın, hər dövlətin vitrinidir. Baxın, haradasa hansısa təlatüm, hansısa dağıntı, zəlzələ baş verəndə ilk zərər görən yer təbii ki, binaların, evlərin pəncərələri, vitrinləri, bu şüşələrin arxasındakı, vitrinlərdəki əşyalar olur. Yalnız o binaları təmir edəndən sonra, ən sonda şüşələr qoyulur, vitrinlər düzülür. Mədəniyyətin, teatrın, musiqinin, yəni sənətin də taleyi budur. Vitrinlərimizi yaxşı mühafizə etməli, çox yaxşı qorumalıyıq. Çünki bu vitrinlərdə sahib olduğumuz mənəvi zənginliyi sərgiləyirik.
Mədəniyyət bir xalqın əsrlər boyu yaratdığı mənəvi sərvət, dəyərdir – onun övladı kimidir. Övladımızı necə əzizləyir, necə qoruyuruqsa, mədəniyyətimizə də o cür yanaşmalıyıq. Qüdrətli Azərbaycan xalqı olmasaydı, nə bugünkü, nə dünənki mədəniyyətimiz, nə Üzeyirlər, nə Mirzə Cəlillər, nə Axundovlar, nə Müşfiqlər, nə Nəsibələr, nə Hökumələr, nə Vaqif Səmədoğlular, nə Ramiz Rövşənlər yaranardı, nə də bu gün Azərbaycanı ayaq üstə tutan, qürur qaynağı olan, “Mənim mədəniyyətim var” – dedirtən o əsərlər, o yaradıcı insanlar olardı.
Əslində, “Vətən” deyəndə sadəcə torpağı yox, üzərində qurmuş olduğumuz mədəniyyətimizi, o mədəniyyətin onurğası sayılan, bizi biz edən ənənələrimizi, adətlərimizi, namusumuzu nəzərdə tutur, onu qorumuş oluruq.
– Türkiyədə haqqınızda sənədli film çəkilib, kitab yazılıb. Bir qədər bu haqda danışsanız, oxucularımıza maraqlı olar.
– Kitab deyəndə bir az böyük çıxır. Bu mənim üçün də sürpriz oldu, əslində. Adanada sənəti sevən, sənətə dəyər verən insanlar bir araya gəlib “Altın Oran ” adlı cəmiyyət yaradıblar. Həmin cəmiyyət Adanada yaşayan, amma adanalı olmayan, öz fəaliyyəti ilə Adananın inkişafına xidmət göstərən, ömrünü, zəhmətini bu şəhərə həsr edən insanlara ehtiram əlaməti kimi, onları şərəfləndirmək üçün “Adanaya güc verənlər” layihəsini həyata keçiriblər. Layihə çərçivəsində mən də daxil olmaqla fərqli peşə sahibləri olan iyirmi beş nəfəri seçib haqqımızda kitablar çap etdilər. Şəhərin böyük sərgi salonunda hər birimizə ayrılmış on beş-iyirmi kvadratmetrlik məkanda yaradıcılığımızı əks etdirən fotosərgi təşkil olundu. Bu iyirmi beş nəfərdən sadəcə mən və milliyətcə ingilis olan yaşlı bir qadın türkiyəli deyildik. Digərləri isə Türkiyənin başqa bölgələrində doğulmuş, amma Adanada yaşayıb-işləyənlər idilər. Həmin insanlar sırasında müxtəlif peşə sahibləri, sənət adamları və Adana Çukurova Universitetinin qurucu rektoru Mithat Özsan kimi görkəmli şəxslərlə yanaşı mənim də adım çəkildi. Vətəndən uzaqda, başqa məmləkətdə mənim o məmləkət üçün, onların uşaqları üçün elədiklərimi görüb dəyər vermələri, haqqımda kitab yazmaları, yaradıcılığımı əks etdirən fotosərginin təşkili mənim üçün gözlənilməz, xoş sürpriz oldu. Bir müddətdən sonra da Türkiyə Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən haqqımda bədii-sənədli filmin çəkilməsi isə açığını desəm, məni kövrəltdiyi qədər də qürurlandırdı. Çünkü anladım ki, vətənimi layiqincə təmsil edirəm.
– “Teatr işıqlı bir yoldur, xalqı aydınlığa çıxaracaq”. Bu fikir hələ də aktuallığını qoruyurmu?
– Təbii ki. Azərbaycan teatrının tarixinə baxın. Qəlbindəki, ruhundakı işığı məşəl edib millətin, xalqımızın yolunu işıqlandıran, bunun uğrunda məşəqqət çəkən, hətta canından olan görün nə qədər ziyalımız var. Biz hələ də onların işıq tutduğu yolla gedirik. Baxın, diqqət edirsinizsə, indi bütün biliklərimiz virtualdır. Təxmin edirəm ki, virtual məkanda qeydə alınan informasiyalar bir gün gözlənilməz şəkildə yoxa çıxa bilər. İnternet dayandırılsa, nə edəcəyik? Hər şey qəfil dursa, bəşəriyyət nə edəcək? Keçmişə nəzər salanda insan əli ilə yazılan bütün məlumatların – papirusların, daş kitabələrin, hətta dini ritual tamaşaların (şəbih) dövrümüzə qədər gəlib çatmasının şahidi oluruq. İnsanlar niyə şəbihlərə – min dörd yüz il əvvəl olmuş hadisələrə indi də baxırlar. Demək, ehtiyac var. Teatr da ehtiyacdır. Teatr insan fikrini insanlara çatdırmağın ən doğru yoludur. İndi guya yerini kino doldurub. Amma dialektik olaraq kino dünən çəkilib bu gün göstəriləndə dünənin fikrini dilə gətirir. Əsl teatr isə daim aktualdır. Çünkü canlıdır. İnanın, canlı teatrın yerini heç nə vermir, canlı teatr tamamilə başqa aləmdir. Ölümsüzdür… Teatr ölsə, hər şey ölər, elə kino da. İfaçılıq sənətlərinin əsas qaynağı teatrdan başlayır. Teatr yaşayır, yaşadır. Teatr insanın əsəbinə, ürəyinə, düşüncəsinə təsir edirsə – təsir də etməlidir, etmirsə, heç bir mənası yoxdur – demək, insanlar buna hər zaman ehtiyac duyacaq. Bu ehtiyac olduqca da teatr yaşayacaq. Ümumiyyətlə, hər şey ehtiyacdan doğur. Ehtiyac olmasa, mədəniyyət yaranmaz. İnsanlığın mədəniyyət yaratmağa ehtiyacı var. Mədəniyyət varsa, yaranırsa, inkişaf edirsə, o millət yaşayır. Azərbaycan xalqının, mədəniyyətinin daim var olub yaşamasını arzulayıram!