“Estafet” rubrikasının qonağı Xalq rəssamı, heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovdur.
– Ömər müəllim, heykəl deyəndə ilk ağlıma gələn şey daş olur, gözümdə həmin an nəhəng, parçalanmaz daş canlanır. Bir sözlə, bilmək istəyirəm, daşı ram edirsiniz, ya daş özü sizə tabe olur?
– Bilirsiniz, material bizə istiqamət verir, nə isə deyir, amma son sözü, əlbəttə, biz deyirik, yəni ram edirik.
– Heykəltəraş daşlara, yoxsa heykəlini ucaltdığı insana ikinci həyat verir?
– İkinci yox, əbədi həyat veririk. Abidəsini ucaltdığımız insanlar böyük və məşhur şəxsiyyətlərdir, onlara sonsuzluq bəxş edirik.
“ Zamanın dörd rəngi” demisiniz. Hazırda zamanınız hansı rəngdədir?
– Çox qəliz, mürəkkəb və məsuliyyət tələb edən sualdır. Amma deyərdim ki, zaman məndə rəngarəngdir.
– Sənət, ya həyat?
– Yəqin, bilirsiniz, bu sənətlə altı yaşımdan məşğulam. Ona görə də ikisi birində… Ayrılmazdır…
– Ömər müəllim, daşlaşmış surətlərdən heç bezmisiniz?
– Yox!… Bilirsiniz, daş, bürünc, ağac – material fərqi yoxdur. Bu sənətin xüsusiyyəti ondadır ki, donmuş formanı gərək elə canlandırasanheykəllərdə, simalarda həyat olsun. Ona baxanlara nə isə desin.
– Rəssamlığın başlanğıcı qayaüstü rəsmlərdir. Demək, təsviri sənətdə estafet qayaüstü rəsmlərdən, bizim üçün isə məhz Qobustandan başlayır. Yaradıcılığınızda Qobustan motivlərindən istifadə etmisinizmi?
– Qobustan texnika baxımından çətin, mövzu baxımından çərçivəlidir. Texnika və mövzusu insana azad, sərbəst işləməyə, işə geniş yanaşmağa imkan vermir. Təbii ki, bu, yalnız mənim fikrimdir. Bir çox heykəltəraş-rəssamımız yaradıcılığında Qobustan motivlərindən geniş istifadə edib. Şübhəsiz, hər yaradıcı insanın Qobustana fərqli yanaşması var. Düşünürəm ki, Qobustandan tarixi mənbə və tarixi sənəd kimi keçmişimizi öyrənmək üçün istifadə etmək daha çox önəm kəsb edir.
Səidə MUSAYEVA