Qobustan Milli Tarix-Bədii Qoruğunun nəşri olan “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalın üçüncü sayı işıq üzü görüb.
Jurnalın bu sayı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub.
Jurnalda Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərindən bəhs edən “Heydər Əliyev və mədəni irsimiz” sərlövhəli məqalə, həmçinin ölkəmizin zəngin tarixi və mədəni irsindən bəhs edən “Miras”, respublikanın yeddi müxtəlif profilli muzeyinin hər birindən bir eksponat haqqında məlumatın daxil olduğu “Yeddi gözəl”, xalqımızın multikultural və tolerant ənənələrinə həsr olunmuş “Multikultural və tolerant Azərbaycan”, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə müsahibələrin əks olunduğu “Estafet”, mədəniyyət sahəsində xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edən “Mədəniyyət xeyriyyəçiləri”, mədəniyyət, incəsənət və digər əlaqəli sahələrdə fəaliyyət göstərən mütəxəssislərlə müsahibələrin öz əksini tapdığı “Mütəxəssis məsləhəti”, fiziki məhdudiyyətli yaradıcı şəxslərə həsr olunmuş “Yaradıcılıq əngəl tanımır” və “İncəsənət”, “Muzeymaniya” kimi ənənəvi rubrikalar yer alıb.
Qeyd edək ki, “Qobustan dünyası” dərgisi qoruğun Azərbaycanın qədim və zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılması məqsədilə təsis olunmuş, Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrində qeydiyyata alınmış ilk dövri mətbu nəşridir.